Hüseynbala Səlimov
Siyasət 13:16 10.08.2020

Aleksandr ata Belarusu elə sevir ki...

Hüseynbala Səlimov

Belarusda prezident seçkisilə bağlı artıq avqustun 4-də başlamış səsvermələr avqustun 9-da özünün həlledici fazasına daxil oldu və bu ölkənin müvafiq strukturları bəyan etdilər ki, prezident seçkiləri tamamilə avqustun 9 və 10-da başa çatacaqdır. 

Belədə isə, biz bu sətirləri yazarkən həmin strukturlar bəyan etdilər ki, günün ikinci yarısı bir suala cavab vermək mümkün olacaqdır: seçkilər baş tutdumu? Deyim ki, biz günün ikinci yarısını gözlədik və həqiqətən də Belarus MSK-sı belə bir bəyanat yaydı ki, prezident seçkilərini baş tutmuş hesab etmək olar...

Səmimi etiraf etsək, biz ta əvvəldən, imkan daxlində, sözün həqiqi mənasında özünün coğrafi əhatəsində - Avropada analoqu olmayan bu "unikal” ölkədə növbəti prezident seçkisi maskaradını ciddi bir şəkildə izləməyə çalışırdıq.

"İndiki prezident Aleksandr Lukaşenko, birinin Batka, digərlərininsə Belarusbaşı çağırdığı bu adam öz ölkəsinin vətəndaşlarına qarşı sözün lap əsl mənasında soyuq müharibə elan edibdi” – təkcə yerli politoloqlar deyil, elə xarici ekspertlər də Belarusda cərəyan edən prezident seçkisi kampaniyasını beləcə xarakterizə etmişdilər. 

Amma biz buna heç də "soyuq müharibə” deməzdik. Lap əvvəldən Lukaşenko əsas rəqiblərini təqib etməyə başladı, tez bir zaman ərzində onun demək olar ki, əsas rəqiblərinin hamısı seçki kampaniyasını zindan və ya məhbəslərdən seyr etməyə məcbur oldular. 

Hətta avqustun 9-da, seçkinin həlledici günü, lap səhər tezdən xəbər gəldi ki, seçki kampaniyasının əsas favoriti Svetlana Tixanovskaya da qeyri-leqal fəaliyyətə keçib, çünki onu da həbs etməyə çalışıblar. Qeyd edək ki, bu qadın seçkidə ən real namizədlərdən biri olan ərinin həbsinə etiraz əlaməti olaraq öz namizədliyini irəli sürmüşdü və belə deyirdi ki, onun ən birinci vəzifəsi belaruslara onların hələ 90-cı illərdə itirdikləri səslərini qaytarmaqdır. Nə demək olar, əgər yada salsaq ki, hələ nə qədər öz səslərinin sahibi olmayan və yaxud da onu "itirmiş” cəmiyyətlər, fərdlər var, bu mərd belarus xanımını başa düşmək, ona uğurlar diləmək olar. Bir daha xatırladaq ki, Svetlana Tixanovskaya sosioloji sorğularda ən çox nəticələr nümayiş etdirən bir namizəd idi...

Amma prosesin müşahidəsi göstərdi ki, bu elə də asan məsələ deyil: hazırki prezident kreslo uğrunda nəinki öz xalqı ilə, hətta yaxın və uzaq ölkələrlə - Rusiya və Avropa ilə vuruşmağa da hazırdır. Bəli, həmin ölkələr onu öz xalqına qarşı soyuq müharibə aparmaqda, A.Lukaşenkosa  onları Belarusa qarşı hibrid müharibəsi aparmaqda ittiham edir.

"Prezidenti dəyişməyin vaxtı hələ yetişməyib!” – güman, A.Lukaşenkonun seçki şüarını belə səciyyələndirmək olar. Bəli, Belarus prezdenti belə hesab edir ki, postunu başqasına verməzdən öncə, o, prezidentin səlahiyyətərini ciddi şəkildə ixtisar etməlidir, çünki insaflı, müdrik, humanist və doğma xalqını öz həyatından artıq sevən Batkadan fərqli olaraq gələcək prezidentlər bu səlahiyyətlərdən geniş istifadə edə bilər, bunun isə onun doğma və əziz Belarusu üçün acı nəticləri olar...

Bir sözlə, Belarusda heç də "soyuq” yox, birtərəfli qqydada əsl və açıq bir müharibə gedir və onu ölkənin müxalifəti, hətta qonşu ölkələr yox, hazırki prezident A.Lukaşenko başlayıbdır. Əlbəttə ki, qonşu Rusiyada bir az həyəcan duyulur. 

Kreml strateqləri bildirirlər ki, əlaqələr tamamilə kəsilərsə Rusiya bundan təkcə hər il 20 milyard dollar itirməyəcəkdir, həm də ki, Moskvanın əlindən NATO-nun Avropadakı bəzi strukturlarına nəzarət etməyə imkan verən hərbi infrastruktur da çıxacaqdır. Daha sayıq və daha humanist rusiyalı politoloqlar düşünür ki, Belarıusun da Rusiya nəzarət sferasını tərk etməsi qanunauyğun və məntiqli prosesdir, çünki onların ölkəsi Avropadan fərqli olaraq keçmiş sovet ölkələrinə cəlbedici alternativlər təklif etmək iqtidarında deyil. 

Amma bizə elə gəlir ki, bunlar bir azacıq tələsik nəticələrdir. Birincisi, hamı belə hesab edir ki, zəruri halda seçkilərin nəticələri saxtalaşdırılacaq və indiki prezident postunu saxlayacaq. İkincisi isə, hiss olunur ki, ölkə müxalifəti hələ daha təzyiqli üsullarla mübarizəyə hələ hazır deyil – ən  azı indiyədək heç kim hətta "Belarus yayı” və ya "Minsk rəngli inqilabı” haqda danışmır və yazmır. Əlbəttə, bütün bunlar bir anın içində reallaşa bilər, amma Belarus müxalifəti və cəmiyyəti hələ hücuma keçmək haqqında düşünmür.

Bir daha qeyd edək ki, zorakı üsullarla, saxtakarlıqla güman ki, Lukaşenko postunu saxlayacaq. Amma ruslar narahat olmasın, onun Avropaya yolu bağlıdır, çünki Belarus Avropaya istiqamət götürsə gərək Lukaşenkonun hakimiyyətinə son qoyulsun. Biz hələ onu demirik ki, Batka bu halda məhkəmə qarşısında da dayana bilər. Ona görə də baxmayaraq ki, Lukaşenko hazırda Putinə qarşı "ifşaedici” bəyanatlarla çıxış edir, onu Belarusa hibrid müharibəsi açmaqda ittiham edir, bu adamın təzədən Rusiyanın ağuşuna qayıtmaqdan savayı yolu yoxdur...