2025-ci il 7 yanvar tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Xızı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məhkum olunmuş şəxsin (bundan sonra – Məhkum) işinə dair kassasiya şikayətinə və kassasiya protestinə baxıb. Məhkəmə prosessual tərəflərin hər birini dinləyərək və işin faktiki hallarını araşdıraraq, nəticədə məhkum barədə aşağı instansiya məhkəmələrinin çıxardığı qərarı dəyişdirilmədən qüvvədə saxlayıb.
Vəkil Pərviz Məmmədov həmin məhkəmə işinin məzmunu, faktiki halları və Ali Məhkəmənin yekun mövqeyi şərh edib.
"İşin faktiki hallarına görə, hadisə 19 may 2022-ci il tarixdə Xızı-Giləzi yolunun 24-cü kilometrliyində, Xızı rayonu Təzəkənd kəndindən keçən hissəsində baş vermişdir. Məhkum "Daewoo Nexia” markalı avtomobili etibarnamə əsasında idarə edərkən, yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıq etmiş və nəticədə əks istiqamətdə hərəkət edən "Niva” markalı avtomobilə toqquşub. Bu toqquşma səbəbindən "Niva” markalı nəqliyyat vasitəsi idarəolunmaz vəziyyətə düşərək yolun kənarında dayanmış piyada Zərərçəkmiş şəxs2 (sonradan dünyasını dəyişmiş) adlı şəxsin oğluna çırpılıb. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib. Bununla yanaşı, "Niva”nın sürücüsü Zərərçəkmiş şəxs1 də müxtəlif dərəcəli bədən xəsarətləri alıb, sağlamlığı uzun müddətə məhdudlaşıb.
İstintaq orqanları Məhkumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ("Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda”) təqsirləndirilən şəxs qismində cəlb edib və onun barəsində cinayət işini məhkəməyə göndərib.
Xızı Rayon Məhkəməsi 24 may 2023-cü il tarixli hökmü ilə Məhkumu CM-in 263.2-ci maddəsi üzrə təqsirli bilərək, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib, əlavə olaraq 2 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edib. Hökmdən narazı qalan tərəflər – zərərçəkmiş şəxsin hüquqi varisi və təqsirləndirilən şəxsin müdafiəçisi – Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verib, dövlət ittihamçısı isə apellyasiya protesti qaldırıb. Sumqayıt Apellyasiya Məhkəməsi 28 iyul 2023-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən qüvvədə saxlamışdır.
Bundan sonra tərəflər – yenidən dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi və Məhkumun müdafiəçisi – Ali Məhkəməyə kassasiya şikayətləri və protesti verib. Ali Məhkəmə 21 fevral 2024-cü il tarixli qərarı ilə işi yenidən Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarıb və yeni apellyasiya baxışı keçirməyi tapşırıb. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi bu dəfə də 27 iyun 2024-cü il tarixli qərarı ilə əvvəlki mövqeyini saxlayıb və Məhkumun cəzasını dəyişdirmədən qüvvədə tutub.
Növbəti dəfə zərərçəkmiş şəxsin hüquqi varisi və dövlət ittihamçısı Ali Məhkəməyə müraciət edərək, yüngül cəza təyin oldunğunu, cəzanı yüngülləşdirən halların düzgün qiymətləndirilmədiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq olmadığını əsas gətirib. Bu əsaslarla kassasiya şikayəti və kassasiya protesti Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yenidən apellyasiya instansiyasına qaytarılmasını tələb etmişdir.
Ali Məhkəmə kassasiya icraatı çərçivəsində yalnız hüquq məsələlərini, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin düzgün tətbiqini yoxlama səlahiyyətinə malikdir. Qanunvericiliyə əsasən Ali Məhkəmə qənaətə gəlmişdir ki, cinayətin tövsifi düzgündür, cəzanın təyini qanunauyğundur. Həmçinin Ali Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisinin sərt cəza tələb etməsini dinləsə də, cinayət qanunvericiliyi çərçivəsində müstəsna bir əsasın olmamasını vurğulayıb, sosial ədalətin bərpası və Məhkumun islah olunması kimi məqsədlərin yuxarı həddə cəza ilə deyil, mövcud hökmün icrası ilə də reallaşa biləcəyini əsas götürüb. Nəticədə Ali Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya şikayətini və kassasiya protestini təmin etməməklə, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərarını dəyişdirilmədən qüvvədə saxlayıb.
Ali Məhkəmənin son qərarından məlum olur ki, məhkəmə praktikasında yol-nəqliyyat hadisələrinə görə təyin edilən cəzanın növü və miqdarı, xüsusən də ehtiyatsızlıqdan baş verən ölüm hallarında, işin konkret hallarına söykənir. Burada təkcə zərərçəkmiş tərəfin fikri və ya təqsirləndirilən şəxsin tövbəsi deyil, həm də cinayətin ictimai təhlükəlilik dərəcəsi, cinayətin törədilmə şəraiti və məhkumun şəxsiyyəti kimi mühüm amillər nəzərə alınır.
Ali Məhkəmənin bu qərarı ehtiyatsızlıqdan törədilən yol-nəqliyyat hadisələrinə dair vahid məhkəmə təcrübəsinin formalaşmasında mühüm rol oynayır və gələcəkdə oxşar işlərə baxılarkən məhkəmələrin tətbiq edəcəyi meyarları daha da dəqiqləşdirir. Bu baxımdan yol hərəkəti qaydalarının pozulması nəticəsində ağır nəticələrə səbəb olan sürücülər öz məsuliyyətlərini unutmamalı və əməllərinin cəza siyasətində hansı formada qiymətləndiriləcəyini nəzərə almalıdırlar”, -deyə vəkil qeyd edib.
Şərhlər