Elman Eldaroğlu

Blogger
Yazılar
73
Alim öz işindən zövq alanda...

Alim öz işindən zövq alanda...

Səlyanda dünyaya gəlib, orta təhsilini Sumqayıt şəhərində alıb. Sonra da indiki Azərbaycan Dövlət Pedaqoji Universitetin musiqi fakultəsini bitirib. Hazırda AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun dosentidir. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Yetmişdən çox elmi məqalənin və üç kitabın müəllifidir. On dörddən yuxarı elmi məqaləsi xarici jurnallarda işıq üzü görüb...

Sadə, mehriban, gülərüz xanımdır. Hər kəslə öz dilində danışmağa önəm verir. Mənasız yerə riskə getmədiyindən demək olar ki, səhv də etmir. Başlayacağı iş haqqında uzun müddət düşündükdən sonra qərar verib, nəticəni səbrlə gözləməyi xoşlayır. Gözəlliklərdən zövq almağı bacarır. Maddiyyatdan çox, mənəviyyata bağlı adamdır. Uğur qazanmaq onun yaşam tərzidir. Odur ki, işgüzarlıq, daha çox çalışmaq, səy göstərmək onun həyat kredosudur...

...Ömür-gün yoldaşı Əhmədağa Kasimi məmurdur. Vasif adında oğlu, Nigar adında qızı var...

İdarə olunmağı xoşlamır, necə deyərlər, əmr almağa dözümsüzdür. Əgər fikrini bildirdisə, demək, bu onun son sözüdür, bir daha dəyişməyəcək. Əzmli və inadcıldır. Xarizmatik olduğundan arzularına nail olmağı bacarır. Ümumiyyətlə, həyatdan nə istədiyini çox yaxşı bilir. Dostluqda etibarlı və səbirlidir. Kin saxlamaz, mərhəmət göstərər. Böyük ürəyi var, müəyyən həddə kimi səhvlərə göz yummağı bacarır. Fəqət, haqsızlığa qarşı dözümsüzdür, nifrət edir...

Deyir ki,- "Bu, ümümbəşəri bəla- koronavirusla bağlı hamımız evimizə çəkilmişik. Torpaqla əlləşməyi sevirəm. Həyətimdə gül əkir, onlara qulluq etməkdən zövq alıram”...

Gözəl bir nəslin nümayəndəsidir, kübarlığı, yüksək mədəniyyəti ona genlə ötrülüb. Səsinin ahəngində bir məlahət, baxışlarında dərin məna gizlənir. Bir alim kimi də xeyli yeniliklərə imza atıb. Azərbaycan mədəniyyəti tarixinin araşdırılmasında öz töhfələri var.
Bəli, alim öz işindən zövq alanda xaruqələr yaradır. "Azərbaycanın mədəni inkişaf dövrləri” nəşri onun sayca üçüncü kitabıdır. Kitabda bu günədək araşdırılmayan bir sıra mətləblər dolaşır. Demirəm ki, o, öz sahəsində uğurlara nail olan yeganə alimdir, amma ön sırada yer tutan alimlərdən biridir...

Aprel ayı həmişə tarixi hadisələrlə zəngin olub. Kim bilir, bəlkə də aprelin 23-ü onun dünyaya gəlişi ilə tarixdə yadda qalacaq...

Yeni yaşınız mübarək, Sehranə xanım Kasimi!

Elman Eldaroğlu


OXŞAR XƏBƏRLƏR