SENS Araşdırma Vəqfinin həmtəsisçisi Dr. Obri de Qrey bioloji yaşlanmaya meydan oxuyaraq ilk "millenium-insan"ın artıq doğulduğunu bəyan edib.
Qaynarinfo xatırladır ki, yaşlanma canlı orqanizmlərin əsas düşmənidir. Qlobal istiləşmə və ya ətraf mühitin çirklənməsindən narahat ola bilərsiniz, ancaq qocalıq hər birimizi yaxasından yapışacaq yeganə "zəmanətli” fəlakətdir. Yoxsa elə deyil?
SENS Araşdırma Vəqfinin həmtəsisçisi Dr. Obri de Qrey bəşəriyyəti bioloji yaşlanmadan xilas edəcək bir vasitə axtarır. O, yaşla əlaqəli xəstəliklərin mövcud olmayacağı bir dünyanın varlığının yaxın gələcəkdə bizi gözləyən bir həqiqət olacağına ürəkdən əmindir.
Alim 1000 yaşına qədər yaşayacaq ilk insanın təkcə hansısa hipotetik bir gələcəkdə doğulacağına yox, o insanın artıq doğulduğuna inanır. O, elmin yaxın 20 il ərzində bədəndə yaşla əlaqəli dəyişikliklərin aradan qaldırılmasına yönəlmiş müalicəni keyfiyyətcə yaxşılaşdırmağın bir yolunu tapacağına da əmindir!
İlk baxışdan bu cür iddialar fantastika kimi səslənir, ancaq 2017-ci ildə elm adamları qocalma ilə mübarizə metodları üzərində araşdırmalarında əhəmiyyətli bir irəliləyiş əldə ediblər. Araşdırma zamanı bədənin qocalma ilə mübarizə aparmasına kömək edən xüsusi bir molekulyar birləşmə kəşf edilib.
"Yaşlanma dünyada hər gün 110.000 insanın ölümünə səbəb olan bir bəladır. Bu, bizə saysız-hesabsız əzab verir və populyar inancın əksinə olaraq, bununla mübarizə apara bilərik, çünki problem elmi və texnoloji müdaxiləyə səbəb olur”, - Qrey izah edir.
BMT-nin məlumatlarına görə, 2050-ci ilə qədər 60 yaşdan yuxarı insanların sayı ikiqat artaraq təxminən 2,1 milyard nəfərə çatacaq. Qrey yeddi əsas problemi araşdıraraq yaşlanmaya qarşı mübarizə aparacaq beynəlxalq klinikalar şəbəkəsi yaratmağı təklif edir, məsələn:
toxuma atrofiyası
xərçəng hüceyrələri
mitokondrial mutasiyalar
hüceyrədən kənar matrisanın genişləndirilməsi
hüceyrədən kənar qruplar
hüceyrədaxili qruplar
hüceyrə ölümü mexanizmləri.
Əlbəttə ki, bu strategiyadakı ən vacib problem iddialı planların qismən həyata keçirilməsinə də xərclənməsi lazım olan böyük miqdarda vəsaitdir. Bununla birlikdə, elm adamları siyahıdakı ən azı bəzi amilləri həll edib idarə etməyi bacararsa, bəşəriyyət ömrünü əhəmiyyətli dərəcədə artırma şansı qazanacaqdır.
Qrey haqlı olaraq inanır ki, qocalığı məğlub etmək üçün dünyanın bütün ölkələrinin liderləri təklif etdiyi təşəbbüsü yekdilliklə dəstəkləməli və birlikdə bioloji yaşlanmaya qarşı mübarizə aparmalıdırlar - yalnız bundan sonra ölməzlik üçün olmasa da, heç olmasa xəstəlikdən azad və qayğısız bir qocalıq üçün həqiqətən bir şansımız olacaq.
Alpər
Şərhlər