Qədim cırtdan insan Homo floresiensis-lərin, yəni "hobbitlər"in yox olmasının səbəbi təxminən 50 min il əvvəl Flores adasında yağıntıların kəskin azalması ilə bağlı ola bilər. Avstraliyanın Qriffit Universitetinin alimləri belə nəticəyə gəliblər.
Qaynarinfo xəbər verir ki, yeni tədqiqatın nəticələri "Communications Earth & Environment" (CEE) jurnalında dərc edilib.
H. floresiensis yalnız bir məkan - İndoneziyada Flores adasında Lianq Bua mağarasından tapılan qalıqlar əsasında tanınır. Yeganə məlum skelet və ən yaxşı qorunmuş sümüklərə əsasən, flores insanlarının boyu təxminən bir metr, beyin həcmi isə 400 sm³ qiymətləndirilir.
Onların yox olmasının səbəblərini anlamaq üçün beynəlxalq tədqiqat qrupu qonşu Lianq Luar mağarasındakı stalqmiti araşdırıb. Stalqmitlərin böyümə sürətini əks etdirən maqnezium və kalsium karbonat nisbətinə baxaraq alimlər adadakı yağıntı dinamikasını bərpa ediblər. Məlum olub ki, orta illik yağıntı miqdarı 76 min il əvvəl 1560 mm-dən 61 min il əvvəl 990 mm-ə enib və növbəti təxminən 11 min il ərzində aşağı səviyyədə qalıb.
Paralel olaraq, "hobbitlər"in əsas qidası olan kiçik ada filləri steqodonların populyasiyası da azalmağa başlayıb. Steqodon dişlərinin təhlili həmin dövrdə onların sayının kəskin azaldığını göstərib və tamamilə yox olması təxminən 50 min il əvvəl yaxınlıqdakı vulkanın püskürməsi ilə üst-üstə düşüb. Alimlər hesab edirlər ki, içməli su və bitki örtüyünün azalması steqodonları sahil bölgələrinə köçməyə vadar edib, Homo floresiensis isə onları izləyə bilərdi.
Müəlliflərin fikrincə, sahilə köçmək "hobbitlər" ilə həmin dövrdə bölgədə hərəkət edən Homo sapiens qrupları arasında əlaqə imkanını artırıb. Resurslara görə rəqabət və ya münaqişələr cırtdan insanların mövqeyini daha da zəiflədə bilərdi, vulkan püskürməsi isə vəziyyəti daha da ağırlaşdırıb.
Aydın
Şərhlər