Xəbər lenti

Alimlər mikroorqanizmlər üçün
Dünya 22:52 29.06.2025

Alimlər mikroorqanizmlər üçün "Nuhun gəmisi" yaratdı

Yer kürəsinin mikrob müxtəlifliyini qorumaq məqsədilə yaradılmış qlobal "mikroblar üçün Nuhun gəmisi” təşəbbüsü aktiv mərhələyə keçib. 

Qaynarinfo xəbər verir ki, beynəlxalq alimlər komandası bu uğurlar barədə "Nature Communications" (NatCom) jurnalında məlumat verib.

Layihənin başlanğıcı 27 iyun – Ümumdünya mikrobiom günü ilə üst-üstə düşür və Yer üzündə mikrob müxtəlifliyinin qorunmasına yönəlmiş səylərdə mühüm mərhələ sayılır. Təşəbbüsün ilham mənbəyi 2008-ci ildən bəri dünyanın müxtəlif yerlərindən gətirilmiş bitki toxumlarının saxlandığı Şpisbergendəki Toxum Anbarıdır.

"Microbiota Vault" - planetin və insanların sağlamlığı üçün həyati əhəmiyyət daşıyan mikrob həyatını qorumağa yönəlmiş bir cəhddir", deyə təşəbbüsün prezidenti, Ratqers Universitetindən professor Mariya Qloriya Dominqes-Beyo bildirib.

O vurğulayıb ki, bakteriyalar, viruslar, göbələklər və digər mikroorqanizmlər insan sağlamlığında mühüm rol oynayır – qidaların həzmində, immunitetin möhkəmlənməsində, patogenlərdən qorunmada, habelə torpaqda bitkilərin böyüməsini təmin etmək və ya Arktikada istixana qazlarının emissiyasını tənzimləmək kimi ekosistem proseslərində iştirak edirlər.

Lakin insan fəaliyyəti bu mikrob həyatını təhdid altına alır. Dominqes-Beyo antibiotiklərin həddindən artıq istifadəsi, qeysəriyyə əməliyyatlarının çoxalması və süni qidalanmanın bağırsaq mikroblarının müxtəlifliyini azaltdığını, nəticədə allergiya, autoimmün və metabolik xəstəliklərin riskinin artdığını vurğulayıb. Torpaq mikrobiomları pestisidlər, ətraf mühitdəkilər isə çirklənmə və iqlim dəyişikliyi səbəbilə zərər görür.

Təşəbbüsün məqsədi sağlam mikrob növlərini müəyyənləşdirmək və onlar yox olmadan əvvəl dondurulmuş şəkildə saxlamaqdır. Layihənin rəhbərlərindən olan professor Martin Bleyzer qeyd edib: "Bəlkə də, 100 ildən sonra bu qorunmuş mikroblar fəlakətin qarşısını ala biləcək”.

Pilot mərhələdə alimlər müxtəlif ölkələrdən iki mindən çox nəcis və fermentasiya olunmuş qida nümunəsi toplayıblar. Artıq layihəyə 32 ölkədən 100-dən çox tədqiqatçı qoşulub. Nümunələr müvəqqəti olaraq Sürix Universitetində kriogen şəraitdə saxlanılır.

2029-cu ilədək nəzərdə tutulan "Böyümə fazası 1” çərçivəsində nümunələrin sayı 10 minə çatdırılacaq və dövlət maliyyəsi cəlb olunacaq. Eyni zamanda, daimi saxlanma üçün İsveçrə, Kanada və digər soyuq bölgələrdə mümkün yerlər nəzərdən keçirilir.

Alimlər ümid edirlər ki, gələcəkdə bu saxlanmış mikroblar yeni dərmanların yaradılmasında, kənd təsərrüfatının təkmilləşdirilməsində və ekosistemlərin bərpasında mühüm rol oynayacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->