Misirdə, paytaxt Qahirədən təxminən 480 kilometr cənubda yerləşən Karnak məbədi UNESCO-nun Dünya İrsi Siyahısına daxildir və hər il milyonlarla turist tərəfindən ziyarət olunur.
Qaynarinfo "Daily Mail"ə istinadən ki, bu məbəd qədim Misirin ən mühüm dini kompleksi hesab olunur, lakin onun mənşəyi uzun müddət sirr olaraq qalıb.
Yaxın vaxtlarda Sautqempton Universitetinin alimləri Karnak məbədinin ən geniş geoarxeoloji tədqiqatını aparıblar. Onların nəticələrinə əsasən, məbəd təxminən 4000 il əvvəl yerli elita tərəfindən ali və qüdrətli tanrı Amon-Raya ibadət yeri kimi inşa edilib. Bu tanrı həmin dövrdə bütün Misirdə hörmətlə qarşılanırdı və "görünməz hava tanrısı Amon" ilə "günəş tanrısı Ra"nın birləşmiş simvolu olub.
Ekspertlərin sözlərinə görə, bu nəticə Karnak məbədinin ilk məskunlaşma və tikinti tarixi ilə bağlı uzun illər davam edən mübahisələrə son qoyub. Tədqiqatın müəllifi doktor Ben Penninqton "Daily Mail"ə bildirib ki, əvvəllər iki əsas versiya mövcud olub: Birinə görə məbəd çox qədim - eramızdan əvvəl 3000-ci ildə, digərinə görə isə daha gec - eramızdan əvvəl 2000-ci ildə tikilib. "Biz müəyyən etdik ki, erkən tarix mümkün deyil, daha gec tarix isə mövcud sübutlarla tam uyğun gəlir", deyə o vurğulayıb.
Alimlər məbədin ərazisində və ətrafında tapılan 61 çöküntü nümunəsini və on minlərlə keramika fraqmentini analiz ediblər. Bu məlumatlar sayəsində onlar ərazinin minilliklər ərzində keçirdiyi landşaft dəyişikliklərini xəritələndiriblər və Karnak məbədinin yaşını daha dəqiq müəyyənləşdiriblər.
Tədqiqatçılara görə, eramızdan əvvəl təxminən 2520-ci ilə qədər bu ərazi sürətli Nil axınları səbəbindən yaşamaq üçün yararsız olub. Lakin təxminən eramızdan əvvəl 2591–2152-ci illər arasındakı Qədim Krallıq dövründə çay məcralarının dəyişməsi nəticəsində ilk məskən yaranıb.
Qazıntılar zamanı tapılan keramika parçaları bu fərziyyəni təsdiqləyir - ən qədim nümunələr eramızdan əvvəl 2305–1980-ci illərə aiddir.
Alimlər bildirirlər ki, məbədin inşa olunduğu torpaq Nil çayının qollarının qərbdən və şərqdən quruya daxil olması nəticəsində formalaşıb. Bu proses su ilə əhatələnmiş bir yüksəklik – təbii ada əmələ gətirib. Qədim Misir mətnlərində də yaradıcı tanrı Amon-Ranın "göldən qalxan təpə” kimi təcəssüm etdiyi qeyd olunur.
Doktor Penninqton deyib: "Bu yeni araşdırma Karnak məbədinin təkamülü barədə misilsiz məlumatlar təqdim edir — o, kiçik bir adadan qədim Misirin əsas dini mərkəzlərindən birinə çevrildi".
Qeyd edək ki, daha əvvəl Misir sahillərində VII Kleopatra dövrünə aid batmış qədim liman aşkar edilmişdi.
Aydın
Şərhlər