Yaponiyalı alimlər itirilmiş dişlərin əvəzinə insanlarda yeni təbii dişlərin yetişdirilməsinə imkan verə biləcək preparat hazırlayırlar.
Qaynarinfo xəbər verir ki, "Popular Mechanics" nəşrinin yazdığına görə, texnologiya artıq insanlar üzərində aparılan klinik sınaqların birinci mərhələsini uğurla başa vurub.
Tədqiqatın əsasını dişlərin inkişafında iştirak edən və onların formalaşmasını məhdudlaşdırdığı güman edilən USAG-1 zülalının bloklanması təşkil edir. Nəşr qeyd edir ki, heyvanlar üzərində aparılmış əvvəlki təcrübələr ümidverici nəticələr göstərib. Belə ki, bu zülalın fəaliyyəti zəiflədildikdən sonra siçanlarda yeni dişlər yetişib.
Hazırlanan metod 2021-ci ildə dərc olunmuş tədqiqata əsaslanır. Həmin araşdırma göstərmişdi ki, USAG-1 zülalına lokal təsir siçanlarda dişlərin sayını dəyişə bilir. Sonradan layihə klinik sınaqlar mərhələsinə keçib.
"TRG035" preparatının insanların iştirakı ilə aparılan ilk klinik tədqiqatı artıq başa çatıb. Araşdırmada yaşı 30-65 arasında olan, ən azı bir azı dişini itirmiş 30 sağlam kişi iştirak edib. Sınağın əsas məqsədi preparatın müxtəlif dozalarının təhlükəsizliyini qiymətləndirmək olub.
Tədqiqatın rəhbəri Katsu Takahaşi bildirib:
"Yeni dişlərin yetişdirilməsi ideyası hər bir stomatoloqun arzusudur. Mən aspiranturada oxuduğum dövrdən bu istiqamətdə çalışıram və bu ideyanı reallaşdıra biləcəyimə həmişə inanmışam”.
Bununla yanaşı, alim vurğulayıb ki, yeni metod ənənəvi müalicə üsullarını əvəz etməməli, onlara əlavə seçim kimi tətbiq olunmalıdır.
"Ümid edirik ki, gələcəkdə dişlərin bərpası üçün preparatlar protez və implantlarla yanaşı üçüncü müalicə variantına çevriləcək”, deyə o əlavə edib.
Bununla belə, preparat ilk növbədə kariyes, travma və ya yaşlanma nəticəsində dişlərini itirmiş şəxslərdə deyil, nadir rast gəlinən anadangəlmə çoxsaylı daimi diş çatışmazlığının müalicəsində tətbiq olunacaq. "Toregem BioPharma" şirkəti ilkin mərhələdə preparatı məhz bu xəstələr üçün istifadə etməyi planlaşdırır. Bu xəstəlik əhalinin təxminən 0,1 faizində müşahidə olunur.
Erkən mərhələdə əldə edilən müsbət nəticələrə baxmayaraq, alimlər hələlik preparatın insanlarda tam formalaşmış, düzgün yerləşən və funksional diş yetişdirə bildiyini təsdiqləyən elmi sübutlara malik deyillər.
Qarşıdakı mərhələdə Yaponiyada ikinci faza klinik sınaqların keçirilməsi planlaşdırılır. Şirkət bunun üçün artıq əlavə maliyyə təmin edib.
"Popular Mechanics"in məlumatına görə, "Toregem BioPharma" texnologiyanı 2030-cu ilə qədər praktik istifadəyə təqdim etməyi hədəfləyir. Bununla belə, bu tarix yalnız plan xarakteri daşıyır və uğurun təminatı hesab edilmir. Alimlər preparatın insanlarda həqiqətən də tam funksional diş yetişdirə biləcəyini hələ təsdiqləməlidirlər.
Aydın
Şərhlər