Danimarkalı alimlərin araşdırmaları nəticəsində qadınların böhran vəziyyətində kişilərdən daha çox həyatda qalmağa meyilli olduqları üzə çıxıb.
Qaynarinfo xəbər verir ki, Böyük Britaniyanın "Daily Telegraph" qəzetində yer alan araşdırma həm kişilər, həm də qadınlar üçün olduqca sərt keçən qıtlıq, böhran zamanlarında qadınların daha uzun yaşadığını ortaya çıxarıb.
Cənubi Danimarka Universitetinin araşdırmasında çətin zamanlarda qadın və kişilərin ölüm statistikası qarşılıqlı müqayisə edilərək təhlil edilib.
Məsələn, İrlandiyada 1845 və 1849-cu illərdə yaşanan kartof qıtlığı zamanı hər iki cinsin 38 il yaşayacağı gözlənilərkən, böhran dərinləşdikdən sonra kişilərdə bu göstərici 17,18-ə, qadınlarda isə 22,4-ə düşüb.
1772-1773-cü illərdə İsveçdə və 1993-cü ildə isə Ukraynada milyonlarla insanın ölümünə səbəb olan qıtlıq vaxtı da eyni vəziyyət yaşanıb.
XIX əsrdə İslandiyada Qızılca xəstəliyi yayılanda da qadınlar kişilərlə müqayisədə 2 il daha uzun yaşayıblar.
Araşdırma qrupunun üzvlərindən biri, epidemiologiya üzrə professor Virciniya Zarulli "PNAS" elm dərgisinə açıqlamasında ölüm riski yüksək olan dövrlərdə körpə ölümlərində də fərqliliyə rast gəlindiyi bildirilib:
"Xəstəlik və qıtlıq illərində yeni doğulan qız uşaqlarının oğlan uşaqları ilə müqayisədə həyatda qalmağa daha meyilli olması çox təəccüblüdür".
Araşdırmalarda istisna olan yeganə hadisə Trinidad və Toboqoda yaşanan kölə ticarəti olub. Həmin dövrdə kişilər qadınlarla müqayisədə daha çox yaşayıblar.
Tədqiqatçılar bunu o dövrdə kişi kölələrin qadın kölələrlə müqayisədə daha dəyərli olmaları ilə əlaqələndiriblər. Belə ki, onlar pul üçün tacirlərin kişi kölələri daha yaxşı qoruduqlarını iddia edirlər.
Bəs qadınları kişilərdən güclü edən səbəblər nələrdir?
Alimlər bunu əsasən qadınlardakı estrogen hormonu ilə əlaqələndirirlər. Belə ki, bu hormonun tərkibində olan anti-iltihab maddəsinin damar yolları sistemini qoruduğu bildirilir. Kişilərdəki testesteron hormonu isə bir çox ölümcül xəstəliklər üçün risk təşkil etməklə yanaşı, digər tərəfdən də immunitet sisteminə zərər vura bilir.
Bristol Universitetinin professoru Maks Hedli dərialtı yağının miqdarı daha çox olan qadınlarda maddələr mübadiləsinin zəif getdiyini qeyd edib.
Təkamül Nəzəriyyəsini araşdıranlar qadınların uşaq dünyaya gətirmək üçün 9 ay yaşamaq uğrunda mübarizə apardıqlarını və bu zaman onlarda immunitet sisteminin də gücləndiyini bildiriblər. Bu prosesdə kişinin rolu keçici olsa da, bunu qadınlar üçün keçərli deyil.
Kişilərdə bir X xrosomu olduğu halda, qadınlarda iki X xromosomu var ki, bunlardan biri işləmədiyi halda digərini istifadə edə bilirlər.
Oksford Universitetinin professoru psixoloq Robin Dunbar isə sualın cavabını kişilərin daha həssas olmasında görür.
"Qadınlar kişilərlə müqayisədə daha qərarlıdırlar. Kişilər isə çətinliyə düşəndə daha tez təslim olurlar".
Araşdırmaların nəticələri mədəni və sosial fərqliliklərlə də əlaqələndirilir. Belə ki, kişilərin qadınlarla müqayisədə daha çox siqaret çəkməsi və spirtli içkilər qəbul etməsi, həmçinin avtomobil idarə etməsi onlarda ağciyər xərçəngi, serrioz və ürək xəstəliklərinin yaranmasına gətirib çıxarır. Bundan başqa avtoqəzalarda ölüm halları da qadınlarla müqayisədə kişilərdə daha çoxdur.
Bütün bunlara baxmayaraq tədqiqatçılar bunu cinsi fərqlə deyil, daha çox bioloji faktorlarla əlaqələndirirlər.
Çingiz Səfərli
Şərhlər