İdman 16:20 20.08.2019

"Allah mənə 500 il ömür verib, 400-dən çoxunu "Liverpul" yeyib" (FOTOLAR)

Bildiyiniz kimi, Avropa Super Kubokunun final oyunu çərçivəsində "Liverpul" "Çelsi"ni yenərək kubokun sahibi olub. 

İstanbulda keçirilən həlledici görüşə Azərbaycanlı futbol azarkeşlərinin də marağı böyük olub. 

"Liverpul" klubunun bır sıra azarkeşləri qardaş ölkədə keçirilən görüşü izləmək və sevimli klublarına dəstək olmaq üçün İstanbula yollanıblar. 

Səfərə yollanan azarkeşlərdən Sadiq Ağali təəssüratlarını Sport7.az-a bölüşüb. 

- Çempionlar Liqası finalı bitər-bitməz Super Kubokun hansı şəhərdə olacağına baxdım. İstanbulda olacağını görəndə yerə göyə sığmırdım. Həm bizə biraz daha yaxındı, həm də bu şəhər bizim, yəni "Liverpul"un şəhəridir. Səbrsizliklə biletlərin nə vaxt satışa çıxacağını gözləyirdim. Düşünürdüm ki, bu qədər uzaq yolu gedib gəlməyi heç kəs gözə almayacaq. Odur ki, tək başıma plan qurmuşdum. Amma məsələ düşündüyüm kimi deyilmiş. Mənim kimi bu səfəri gözə alacaq, orada olmağı qarşısına məqsəd qoyan çox insan var imiş. 3 nəfərin olduğu "whatsapp" qrupu yaratdıq. Ancaq sonradan sayımız artmağa başladı. O qədər insanı həmin ana qədər tək bir şey birləşdirirdi - "Liverpul" sevgisi... 
 


Bilet axtarmağa başladıq. Bəzilərimiz UEFA-dan, bəzilərimiz isə "Liverpul" klubundan aldı biletləri. Artıq fan-klubumumuzun üzvlərindən 20-i oyun üçün hazır idi. Geriyə isə sadəcə bir şey qalırdı, o da İstanbula getmək... Təyyarəyə bilet yox idi. Olanlar isə baha idi. Nə edəcəyimiz ilə bağlı hər kəs bir variant irəli sürürdü. Amma bütün variantlarda o oyuna getmək hədəfi dururdu. Piyada belə olsa, biz orada - "Liverpul"umuzun yanında olacaqdıq. 

Yekunda avtobusla getməyə qərar verdik və avqustun 11-i Bakıdan İstanbula doğru yola çıxdıq. Bizi gözləyən 36 saatlıq avtobus səhayəti qəti şəkildə gözümüzü qorxutmurdu. Çünki bu səyahətin sonunda "Liverpul" var idi. 

- İstanbula neçə azarkeş səfər etmişdi? Hansı sektorda əyləşmişdiniz? Biletlərə nə qədər xərciniz çıxdı?
- Buradan 20 azarkeş yola çıxdıq. Bizimlə bərabər Məhəmməd adlı "Tottenhem" azarkeşi də İstanbula getdi. "Liverpul"dan bilet alanlar hamısı "Travelling Kop"da 411-ci sektorda əyləşdilər. UEFA-dan bilet alanları isə qurum fərqli-fərqli yerlərə atmışdı və təbii ki, biz də bunu əvvəlcədən nəzərə almışdıq. Stadiona fərqli yerlərdən girsək də, sonda demək olar ki, "Travelling Kop"da birləşə bildik. Biletlərin qiymətləri hər kəsdə biraz fərqli oldu. Amma ümumilikdə 50-100 avro arası dəyişirdi.
 


- Matçdan sonra bir sıra futbol azarkeşləri "Çelsi"nin daha yaxşı çıxış etdiyini, nəticənin oyuna uyğun olmadığını deyirdilər... Bəs siz oyun haqda nə düşünürsünüz? Sizcə, "Liverpul" necə çıxış etdi?
- "Liverpul" azarkeşi olsam da. həqiqəti deməliyəm. Çünki oyundan sonra da, öz aramızda da uzun-uzadı bu məsələni müzakirə etmişdik. Oyunda nə "Çelsi"nin, nə də "Liverpul"un açıq-aşkar üstünlüyü yox idi. Kantenin orta xəttdə möhtəşəm oyunu "Çelsi"yə, Virgilin, Matipin, Firmino və Manenin oyunları da "Liverpul"a üstünlük qazandırırdı. Üstəlik Adrianın səhvlərini də nəzərə alsaq, "Çelsi"nin möhtəşəm çıxış etdiyini deyə bilmərik. Yəni, belə danışaq da - "Çelsi" gözəl oynamırdı, "Liverpul" səhv edirdi. Bu qədər səhvlərə baxmayaraq qalib oluruqsa, deməli biz daha yaxşı oynamışıq. Oyundan sonra fan-klubun üzvlərindən biri belə bir söz işlətdi - "Allah mənə 500 il ömür verib, 400-dən çoxunu "Liverpul" yeyib". (gülür)...

Son olaraq bir şey qeyd etmək istərdim...
 


İnsanlar bir çox şeylərə özləri qərar verə bilmirlər. Bu onlara doğularkən verilmiş olan şeylərdir - dil, irq, cinsiyyət, bir çox zaman din, ailə və s. və ilaxır. Amma öz klubunu hər kəs özü seçir. Biz fan-klub olaraq təbii ki, bir-birimizi tanıyırdıq. Salam-sağolumuz var idi hər kəslə. Belə bir deyim var, "Birini tanımaq üçün onunla səfərə çıx"... Və mən bu səfərdə hər biri fərqli xarakterə sahib olan bu insanların hər birinin ayrı-ayrılıqda necə möhtəşəm insanlar olduqlarını gördüm. Bu sözlə ifadə ediləcək bir şey deyil. "Biz ailəyik" filan deyib, çeynənmiş ifadələrə qaçmayacam. Sadəcə olaraq "Biz Liverpuluq" deməyim kifayət edər. "We Are Liverpool: This Means More!"