Ceyhun Alışlı
phrase_var_qaynar. 11:48 14.07.2020

Allah mərhəmətini şəhid övladlarına bağışlayır

Həyatın daim sınaqdan çıxmış çox qərbə acılı-şirinli anları var. Bəzən elə vəziyyətlə qarşılaşırsan, bir anlıq insan övladı olaraq öz acizliyin ətrafı sükuta qərq edir. Duyğuların keyləşir, ümidlərin yoxa çıxır. Əvvəl-əvvəl həmin anı nə sözlə ifadə edə bilirsən, nə də hislə... İtirsən, sadəcə, informasiyaları qəbul edən oyaq bir beynin olur, bir də döyünən ürəyin...İnsan o şeyləri özünə tabe edir ki, ona qarşı soyuqqanlı olsun. Ancaq istəsən də, istəməsən də bu "acılı-şirinli anlar”a  tabesən. Allahdan güc almasan, bərpa olunmaq mümkünsüzdü. Əlbəttə, həyatda insan üçün insandan maraqlı heç nə yoxdur. İnsan insanda(n) həm sevinir, həm də kədərlənir. Bəlkə də, Allah sevinc və kədər hissini insana əyləncə olaraq bəxş edib ki, ömrünün sonunadək başı qarışısın. Hər iki hissin fövqündə dayanan mərhəməti isə Allah özü üçün saxlayıb: onun vasitəsilə yeri düşəndə sevindirir, yeri düşəndə kədərləndirir. Hər iki hiss Allahın mərhəmətindən güc alır. 

Allah mərhəmətini hamıdan çox şəhid övladlarına bağışlayır: ataları qarşılığında mərhəməti də onlara hədiyyə verir. O mərhəmət nə qədər əzəmətlidirsə, dünyanın bütün sevincinin də, kədərinin də ağrısını hiss etdirir. Mərhəmət onlar üçün ən böyük ehtiyacdır. 

Bu ehtiyacı Vətən bayrağına bükülmüş, tabuta zillənən tifil gözlərdən axan yaşda müşahidə etmək, necə də ağırılıdır, İlahi... Deyirlər, ağlamaq yetimlərin duyğularının özüdür, axı...

Şəhid uşaqlarının tabut önündə duruşları, mələklərin Allah qarşısında duruşlarına bənzəyir. Bəlkə də, Allah oradaca öz xoşbəxtliyinin yerini onlara verir. Şəhid övladlarının ataları ilə birlikdə ilk dəfə ağladıqları gün, bax, bu gündür. Bu gün həm də son gündür, birgə ağlayanlar üçün... Onların göz yaşları, torpağın da "günahı”nı yuyur, insanların da...

 Elə bil, o səhnə təhvil-təslim səhnəsidir: ata övladlarını Allaha əmanət verir, övladlar da atalarını... 

Şəhid övladları atalarından uzaqlaşdıqları hər ötən gün, Allah onlara daha yaxınlaşır. Bundan sonra, o günlərin sayəsində onların yetim qalmış ümidlərinə Allah "atalıq” edəcək. Göz yaşları axdıqca sevgiləri böyüyəcək və ümidləri ucalacaq... yadda qalan təkcə xatirə olacaq... 

Sonradan başa düşəcəklər ki, Allahın əmanəti olmaq, ən böyük ucalıq imiş. Şəhid övladlarının dərdlərinin lirika və ahəngini izah etmək çox çətindir. Onları fərqləndirən də budur ki, həyat lirikaları öz dərdləri ilə həmahəngdir. Özlərini heç zaman tənha hiss etməmələri, onlar üçün ən böyük xoşbəxtlikdi. 

Mən də onları tənha qoymadım, birlikdə xoşbəxt olaq deyə, səhərədək yanlarında qaldım. 

Onları xoşbəxt etməyin əvvəli nə çətin, sonrası necə asan imiş, İlahi...

Ceyhun Alışlı,
AZƏRTAC


Oxşar xəbərlər