Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Lənkəran Şəhər və Masallı Rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirələrdə "Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda müzakirələr aparılıb.
Komitədən Qaynarinfo-ya verilən məlumata görə, tədbirlərdə DQİDK-nin, QMİ-nin məsul işçiləri, dini icma sədrləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Lənkəranda keçirilən seminar-müşavirədə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb.
T.Qaraşov Lənkəranda dini zəmində heç bir problemin olmadığını, məscidlərdə dini mərasimlərin keçirilməsi üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.
DQİDK-nin sədri Mübariz Qurbanlı çıxışında İslam dünyasının bir parçası olan Azərbaycanda milli-mənəvi irsimizin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən danışıb, İslam dininin milli-mənəvi dəyərlərimizdə, adət-ənənələrimizdə, həyat tərzimizdə dərin izlər buraxdığını bildirib.
Qeyd olunub ki, hər bir xalqın adət-ənənələri onun mənsub olduğu dinlə sıx bağlıdır. Ölkəmizdə də İslam dini ilə bağlı mərasimlər formalaşıb. Bu mərasimlərin icrasında müəyyən dəyişikliklər olsa da, onların əsas məzmunu qalmaqdadır.
Azərbaycanda milli ruhun yüksəlməsində ulu öndər Heydər Əliyevin böyük xidmətlərinin olduğunu qeyd edən komitə sədri dövlət müstəqilliyimizin bərpasından sonra ümummilli liderin ölkəmizdə formalaşdırdığı azərbaycançılıq ideologiyasının adət-ənənələrimizin qorunması baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, əsası ulu öndər tərəfindən qoyulan dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla aparılır, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir.
İslam ölkələrində dövlət-din münasibətlərinin müxtəlif formalarda olduğunu söyləyən M.Qurbanlı Azərbaycanda bu münasibətlərin dünyəvilik prinsiplərinə söykəndiyini, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin dini mərasimlərini azad şəkildə icra etdiyini, onların arasında dünyəvilik prinsiplərinə əsaslanan tarazlığın qorunub saxlandığını diqqətə çatdırıb.
Qeyd olunub ki, dini mərasimlər tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi və həyat tərzimizi əks etdirməlidir. Dini mərasimlər arasında Məhərrəmlik mərasimləri də tarixi adət-ənənələrimizə söykənir. Müsəlman dünyasında Məhərrəm ayının başlanması və "Aşura” günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının "Fətva” verdiyini deyən komitə sədri Məhərrəmlik mərasimləri zamanı "Fətva”nın müddəalarına ciddi riayət olunmasının, dini mərasimlərin yalnız məscidlərdə keçirilməsinin vacibliyini bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxışında qeyd edib ki, ölkəmizin cənub bölgəsinin əhalisi həmişə dövlətimizə və dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə sadiq olub.
Milli-mənəvi dəyərlərimizin bir hissəsi olan dinimizin, dilimizin qorunmasında icmaların rolunu qeyd edən A.Paşazadə müstəqillik illərində dini mühitin zənginləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü, bu sahəyə dövlət tərəfindən diqqət və qayğı göstərildiyini söyləyib.
QMİ-nin Qazılar Şurasının "Fətva”sı barədə məlumat verən Şeyxülislam Allahşükür Paşazadə "Aşura” günü uşaqların məscidlərə gəlməsinin məqsədəuyğun olmadığını deyib.
Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri Sərhad Məmmədov rayonda dini mərasimlərin icrası zamanı ənənəvilik və müasirlik prinsiplərinə, adət-ənənələrimizə ciddi riayət olunduğunu bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Həmin gün Masallıda eyni mövzuda keçirilən seminar-müşavirədə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, DQİDK-nin sədri Mübariz Qurbanlı, QMİ-nin sədri Allahşükür Paşazadə, Masallı şəhərindəki "Cümə” məscidi dini icmasının sədri Mirqabil Hüseynov çıxış ediblər.
Müzakirələr zamanı dini mərasimlərin, o cümlədən "Aşura” mərasiminin icrası zamanı ənənəvilik və müasirlik prinsiplərinə riayət olunması ilə bağlı müxtəlif təkliflər səsləndirilib.
Seminar-müşavirənin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə Milli Məclisin deputatları Cavanşir Paşazadə və Nəriman Əliyev, Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak ediblər.
Şərhlər