Xəbər lenti

Almaniyaya axın: Azərbaycanlı həkimlər niyə ölkəni tərk edir?
Ölkə 12:00 21.02.2026

Almaniyaya axın: Azərbaycanlı həkimlər niyə ölkəni tərk edir?

REAL Partiyasının sabiq sədri İlqar Məmmədovun həkimlərin Azərbaycanı tərk etməsi ilə bağlı açıqladığı statistika müzakirəyə səbəb olub.
 
O bildirib ki, 2024-cü ildə Almaniyada işləyən azərbaycanlı həkimlərin sayı 1727 nəfər olub:

"Hazırda bəzi ehtimallara görə, bu rəqəm artıq 3 mini ötüb və ya cari ildə ötəcək. Bu təkcə Almaniya və yalnız bir ixtisas üzrə statistikadır”.

Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında İlqar Məmmədovun fikirlərinin həqiqəti əks etdirdiyini bildirib:

"Təəssüflər olsun ki, bu belədir. Ölkədən sürətli beyin axını var. Xüsusi ilə də həkimlərin axını. Bu bir tərəfdən yaxşıdır ki, Azərbaycan həkimləri dünyanın aparıcı ölkələrinə gedib inteqrasiya oluna bilirlər. Onlar həmin ölkələrdə böyük məktəb keçirlər”.
 
 

Adil Qeybulla işin pis tərəfini də açıqlayıb:

"Həmin həkimlər Azərbaycana dönmür. Bu hissəsi çox pisdir, onların geri qayıtmaq fikiri yoxdur. Söhbət burada təkcə maaşdan getmir, çoxsaylı amillər var. Məsələ burasındadır ki, Azərbaycanda Almaniyadakı maaşdan çox gəlir əldə edən həkimlər var. Amma Almaniyada verilən maaşın arxasında çox böyük kommunal və sosial güzəştlər var. Məsələn, evi, avtomobili və s. uzun müddətli lizinqlə alırlar. Maaş buna imkan verir. Almaniya sosial ölkədir, orada maaşlar bir-birinə yaxındır”.

Professor hesab edir ki, istənilən insan belə cəmiyyətdə özünü daha rahat hiss edir:

"Bundan başqa hüquqi məsələlər var, insanlar azad cəmiyyətdə yaşamaq istəyir. Düşünürəm ki, bütün bunlar araşdırılmalıdır. Ölkədə müxtəlif institutlar var. Məsələn, Sosial Tədqiqatlar Mərkəzi və s. Onlar vəziyyəti təhlil etməlidir".

Bahar Rüstəmli
--> -->