Siyasət 12:33 01.10.2014

AMİP-ə gəlib-getmiş tanınmışlar - SİYAHI / ARAŞDIRMA

Azərbaycanda çoxpartiyalı sistemin əsası müstəqillik əldə ediləndən bir neçə il sonra qoyulsa da, indi bu sistemin ölkənin siyasi həyatına ciddi bir rol oynadığını söyləmək çətindir. Siyasi partiya minlərlə insanın hansısa bir ideologiyaya əsaslanaraq, birləşib hakimiyyət uğrunda mübarizəsi üçün qurulan, belə demək mümkünsə, orduya bənzəyir. Azərbaycanda zaman-zaman belə qüvvələr ortaya çıxıb, onların müəyyən bir dönəmdə siyasi cəhətdən təşkilatlanmaları hakimiyyət uğrunda mübarizədə effektli alınıb. Ancaq son illər siyasi partiyalar elektorat sarıdan o qədər kasıblaşıblar ki, onların siyasi mübarizəsi demək olar effektli olmur. Əlbəttə, hər təşkilatın uğur qazanmasında onun lideri ilə yanaşı, ətrafına cəmiyyətdə kifayət qədər tanınmış şəxsləri cəlb etməsi də ciddi rol oynayır. Amma indi siyasi partiyaların sıralarında belə adamlar ya yoxdur, ya da barmaqla sayılası qədər azdır. Bu səbəbdən də siyasi partiyaların yarandığı vaxtdan indiyədək üzvü olub sonradan bu və ya digər səbəblərdən uzaqlaşan tanınmışlarla bağlı araşdırma aparılmasına ehtiyac olduğu şübhəsizdir.

Modern.az saytı “Siyasi partiyalara gəlib-getmiş tanınmışlar” adı ilə araşdırma yazıların təqdimatına başlayır. Bu rubrikada ilk araşdırmamız Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) ilə bağlıdır.

AMİP-in yaradılması ilə müasir Azərbaycan tarixində çoxpartiyalı sistemin əsası qoyulub. 1992 il iyulun 3-4-də təsis edilən AMİP həmin il iyulun 17-də Ədliyyə Nazirliyindən ilk rəsmi qeydiyyatdan keçən partiyadır. AMİP eyni zamanda siyasi hakimiyyət uğrunda mübarizə apardığını elan edən ilk siyasi təşkilatdır. Amma siyasi hakimiyyət uğrunda mübarizə bu partiyaya, belə demək mümkünsə, heç bir uğur gətirməyib. Bir zamanlar ən təşkilatlanmış və hakimiyyət uğrunda mübarizənin ən önündə gedən AMİP indi siyasi arenada sıradan bir təşkilata çevrilib. Partiyanın uzun illər sədri olmuş Etibar Məmmədov 2003-cü il prezident seçkilərindəki uğursuzluqdan sonra istefa verib və o vaxtdan fəal siyasətlə məşğul olmur. Əslində 2003-cü il prezident seçkilərindən sonra AMİP daxilində yaranan problemlər bu siyasi təşkilat üçün birinci hadisə deyildi. Qeyd etdik ki, Etibar Məmmədovun rəhbərlik etdiyi bu partiya siyasi hakimiyyət uğrunda ciddi mübarizə aparmaqla bağlı qarşısına qoyduğu məqsəd istiqamətində uzun illər aramsız irəliləyirdi. AXC hakimiyyətinə qarşı ən radikal müxalifət mövqeyindən çıxış edən AMİP-in 1993-cü ilin iyun hadisəsi zamanı tutduğu mövqe indi də birmənalı dəyərləndirilmir. Etiraf etmək lazımdır ki, AMİP prezident Əbülfəz Elçibəyin komandasının süqutunda kifayət qədər fəallıq nümayiş etdirib. Bu faktı ona görə xatırlatdıq ki, AMİP-in bütövlüyünə ilk zərbə məhz 1993-cü il olaylarından sonra dəyib. Bunu birinci mərhələ adlandırmaq olar.

AMİP-də kimlər vardı, kimlər getdi?


AXC hakimiyyəti zamanı ana müxalifət olan AMİP-in 1993-cü ilin iyun hadisələrindən sonra hakimiyyətdə təmsil olunmaq şansı vardı. Yadınızdadırsa, o vaxt Naxçıvandan Bakıya dəvət olunan Heydər Əliyev AMİP sədri Etibar Məmmədova yeni qurulacaq hakimiyyətdə təmsil olunmaq üçün vəzifə təklif etdiyini, lakin ikincinin bunun üçün müəyyən şərtlər irəli sürdüyünü  bildirirdi. Milli istiqlalçıların Heydər Əliyeüvin komandasında təmsil olunmaq məsələsi o vaxt partiya daxilində də ciddi müzakirəyə səbəb olub. Bu məsələ ilə bağlı partiyanın o vaxtkı tanınmış simaları arasında fikir ayrılığı yaranıb. Bir qrup AMİP-in hakimiyyətdə təmsil olunmasının lehinə, digər qrup isə qəti əleyhinə çıxıb. Əleyhdarlar Nazim İmanov, Fuad Ağayev, İsa Məmmədov, Bəxtiyar Nəcəfov olublar.

Digər AMİP-çilər Babək Hüseynoğlu, Vaqif Kərimov, Qabil Hüseynli, Mübariz Qurbanlı, Gündüz Cəlilov, Vilayət Quliyev, Eldar Salayev, Elçin Əfəndiyev və başqaları hakimiyyətdə təmsil olunmağı məqbul hesab edirdilər.

Məlum olduğu kimi, AMİP AXC hakimiyyətinin süqutu ilə nəticələnən həmin yeni komandada – Heydər Əliyevin formalaşdırdığı komandada təmsil olunmayıb.  Ancaq o zamankı proseslərin gedişi AMİP-in belə demək mümkünsə parçalanması ilə nəticələnib.

Mübariz Qurbanlı, Qabil Hüseynli, Vaqif Kərimov, Vilayət Quliyev, Eldar Salayev, Gündüz Cəlilov, Elçin Əfəndiyev və Etibar Babayevdən ibarət qrup 1993-cü ilin sentyabr ayında AMİP-dən istefa verərək, Azərbaycan Demokratik İstiqlal Partiyasını (ADİP) yaradıblar. Yeri gəlmişkən, həmin qrup üzvləri arasında AMİP-dən ən sonda istefa verən Mübariz Qurbanlı olub. ADİP-in təsis olunması üçün yaradılan təşkilat komitəsində Mübariz Qurbanlı, Qabil Hüseynli, Vaqif Kərimov, Gündüz Cəlilov, Vilayət Quliyev təmsil olunublar. Yeni yaranan partiyanın sədri əvvəlcə Qabil Hüseynli, müavinlərdən biri Mübariz Qurbanlı olub. ADİP dövlət qeydiyyatından keçib. 1993-cü ildə Heydər Əliyev tərəfindən dövlət müşaviri vəzifəsinə irəli çəkilən Qabil Hüseynli 1995-ci ildə vəzifədən getdikdən sonra ADİP sədrliyindən də istefa verib. Vaqif Kərimov istisna olmaqla, adları çəkilən keçmiş AMİP-çilər ADİP-i də parçalayaraq YAP-a birləşiblər. Yeri gəlmişkən, Vaqif Kərimovun sədrliyi ilə fəaliyyətini davam etdirən ADİP xeyli sonralar - 2003-cü il prezident seçkilərində Müsavat Partiyasının başqanı İsa Qəmbərin namizədliyini dəstəkləmək üçün təsis olunan “Bizim Azərbaycan Blokunda” təmsil olunub. Ondan sonra ADİP-in fəaliyyəti demək olar dayanıb...

ADİP-də toplaşan həmin qrupun tanınmış simalarından biri, əvəllər AMİP-in təşkilat komitəsinin və Siyasi Şuranın (1992-1993-cü illər) üzvü olmuş Vilayət Quliyev (o, 1994-cu ildə ADİP-in birinci katibi də seçilib) 1992-ci ildə AMİP-in orqanı olan “Millət” qəzetinin baş redaktoru da işləyib. Vilayət Quliyev sonralar Heydər Əliyev iqtidarında vəzifəyə gətirildi və 2004-cü ilədək xarici işlər naziri işlədi. Həmin il Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunan Vilayət Quliyev 2010-cu ildən bəri Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiridir.

Keçmiş AMİP-çi Babək Hüseynoğlu da Heydər Əliyev tərəfindən vəzifəyə aparılıb və o, 1993-cü ilin avqust ayından 1996-cı ilin sentyabrınadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri işləyib.

Mübariz Qurbanlı isə AMİP və ardınca sa ADİP-dən gedəndən Yeni Azərbaycan Partiyasına keçdi və artıq uzun illərdir hakm partiyada icra katibinin müavini vəzifəsini tutur. O, eyni zamanda uzun illər deputat olub. 2014-cü il iyulun 21-də isə prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Sabiq AMİP-çi Eldar Salayev 1983-1997-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. O, 2005-ci il oktyabrın 29-da dövlət çevrilişinə cəhddə və kütləvi iğtişaşlar törətməkdə iştirakda ittiham edilərək həbs olunub. Az sonra - noyabrın 16-da akademik barəsində seçilən həbs qətimkan tədbiri dəyişdirilmişdi.

Vaxtilə Etibar Məmmədovun partiyasında təmsil olunmuş xalq yazıçısı Elçin Əfəndiyev bu gün baş nazirin müavinidir.  O, artıq uzun illərdir Nazirlər Kabinetində əyləşir.

Gündüz Cəlilov AMİP-dən çıxandan sonra bir müddət Xətai rayon İcra Hakimiyyətinin başçısı işləyib. Ondan sonra siyasi arenadan çəkilən keçmiş milli-istiqlalçının indi nə işlə məşğul olduğu bilinmir.

Etibar Babayev 1989-1992-ci illərdə “Azərbaycantelefilm”in direktoru, Azərbaycan Dövlət Teleradio şirkətinin sədr müavini vəzifəsində işləyib. 1993-2001-ci illərdə Bakı şəhər İcra Hakimiyyətində məsul vəzifələr daşıyıb. 2001-2006-cı illərdə “Space” müstəqil teleradio şirkətinin prezidenti olub. Hazırda Bakı Slavyan Universitetində çalışır.

İsa Məmmədova gəldikdə, AMİP-dən getdikdən sonra siyasi fəaliyyətlə məşğul olmayıb. O. hazırda Dövlət İqtisad Universitetinin dosentidir.

Göründüyü kimi, 1993-cü ilin iyun hadisələri AMİP-i ana müxalifət kimi məqsədinə çatdırsa da, sonrakı proseslər heç də bu partiyanın xeyrinə olmayıb. Bu prosesi AMİP-in parçalanmasının birinci mərhələsi hesab etmək olar. Buna baxmayaraq, milli-istiqlalçılar  1993-cü ildən sonra da uzun müddət hakimiyyətlə mübarizədə də aparıcı siyasi qüvvə imicini qoruya bilmişdilər.

1995-ci il parlament seçkilərində Etibar Məmmədov və AMİP-dəki əsas simalar – Nazim İmanov, rəhmətlik Şadman Hüseyn deputat seçilmişdilər. 1998-ci ildə keçirilən prezident seçkilərində Etibar Məmmədov kifayət qədər təşkilatlanmış bir partiya ilə namizədliyini irəli sürüb o zaman üçün uğurlu kampaniya aparmışdı. Bu seçkidəki uğursuzluqla barışmayan  milli-istiqlalçıların seçkinin nəticələrinə etiraz olaraq keçirdikləri aksiyalar da kifayət qədər effektli alınmışdı. AMİP üçün ən sarsıdıcı zərbənin 2000-ci il parlament seçkilərində  vurulduğunu mütləq qeyd etmək lazımdır. Həmin seçkidə  beş il əvvəlki uğur təkrarlanmadı və AMİP-in nə sədri, nə də digər tanınmış simaları parlamentə mandat qazana bildilər.

2003-cü il prezident seçkisi isə  ilk növbədə Etibar Məmmədovun siyasi taleyi üçün həlledici oldu.

AMİP-in siyasətə gətirdiyi Abutalıb Səmədov

Bəlkə də çoxlarının çoxdan unutduğu və indi Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavin olan Abutalıb Səmədovun da yolu AMİP-dən keçib. O 1992-93-cü illərdə Azərbaycanın ilk partiyasının yaradılması prosesində iştirak edib və Sumqayıt şəhər təşkilatının sədri olub. 1993-cü ilin mayında partiya üzvlüyündən çıxıb. 1994-cü ilin oktyabrında Azərbaycan Naminə Alyans Partiyasının təşkilat komitəsinə rəhbərlik edib və partiyanın sədri seçilib. 1997-98-ci illərdə Azərbaycan Dövlət Qaçqınlar Komitəsi sədrinin müavini işləyib. 1990, 1995, 2000-ci illərdə parlament seçkilərində namizəd kimi iştirak edib, 2001-ci ildə parlamentə keçirilən təkrar və əlavə seçkilərdə 99 saylı Şəmkir seçki dairəsindən deputat seçilib. 2006-cı ilin avqustunda Müəllif Hüquqları Agentliyinin sədri təyin edilib və 2008-ci ilədək bu vəzifədə çalışıb. Həmin il keçirilən prezident seçkilərindən sonra yeni hökumət formalaşdırılanda Nazirlər Kabineti üzvlüyündən kənarda qalıb. 2008-ci ilin noyabrından Diaspor ilə İş üzrə Dövlət Komitəsi sədrinin müavinidir.
İstefaların ikinci dalğası

AMİP-in bir siyasi təşkilat kimi seçkilərdəki ən ciddi uğursuzluğu 2000-ci ildən başlayıb. Bu seçki zamanı həm də çoxlarını təəccübləndirəcək bir proses baş verdi. Etibar Məmmədovun dostu olduğu bildirilən biznesmen Vaqif Musayev sədrdən sonra əsas simalarından sayılan Şadman Hüseyn və Nazim İmanov kimi nüfuzlu milli-istiqlalçıları qabaqlayaraq partiyanın proporsional seçki siyahısında sədrdən sonra ikinci yerdə qərarlaşdı. Amma həmin seçkilərdə AMİP tələb olunan 6 faizlik baryeri keçə bilmədi. Bundan bir müddət sonra Vaqif Musayev partiyadan uzaqlaşdı.

Vaqif Musayev kim idi? O zamanlar söylənilənlərə görə, o, 1993-cü ildə Ələkrəm Hümbətov  tərəfindən qondarma “Talış Muğan Respublikası”nın “baş naziri” təyin edilibmiş. Sonradan AMİP-ə üzv olan Vaqif Musayev partiyanı maliyyələşdirən əsas şəxslərdən biri kimi də təqdim olunurdu.  AMİP-dən gedəndən sonra bizneslə məşğul olduğu bildirilən Musayev 2013-cü ilin axırlarında həbs olunsa da, sonrakı taleyi ilə bağlı heç bir məlumat yoxdur.

2000-ci il seçkilərində AMİP-in aparıcı simalarının mandat qazana bilməmələri partiya yarandığından bəri aparılan mübarizədə ön sıralarda gedən Şadman Hüseynin də istefası ilə nəticələnib. 1993-cü ilin iyun hadisələrindən sonra prezident Əbülfəz Elçibəyin səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan və AMİP-in tanınmış hüquqşünas üzvü Fuad Ağayevin hazırladığı layihəni parlamentə ağ kostyumda təqdim edən Şadman həkim 7 il sonra Etibar Məmmədovun əleyhinə çıxdı. Partiyadan istefasından sonra 2003-ci ilin may ayında mayoritar seçki sistemi üzrə keçirilən təkrar seçkilərdə deputat mandatı qazanan Şadman Hüseyn sonradan ürəktutmasından dünyasını dəyişdi. AMİP-yaradıcılarından biri kimi onun istefası təbii ki, ilk növbədə partiyanın sədri Etibar Məmmədovun imicinə zərbə vururdu. Ancaq AMİP-ci olmasına baxmayaraq, o zaman üçün bütün siyasi partiyalarda hörmət edilən Nazim İmanovun Etibar Məmmədovun yanında qalması partiyanın imicini hələ ki kifayət qədər qoruyurdu...

AMİP-də ikinci böyük təlatümün başlanğıcı 2003-cü il prezident seçkilərindən sonra, məhz Nazim İmanovun da istefası ilə qoyuldu. Hər zaman AMİP-in digər aparıcı müxalifət partiyaları ilə, xüsusən o zaman üçün prezidentliyə iki ən iddialı Etibar Məmmədovla Müsavat Partiyasının başqanı İsa Qəmbərin münasibətlərinin normallaşmasına, hətta bu iki liderin bir-birinə güzəştə getmələri yönündə çıxış yolları arayan Nazim İmanov hər şeyin bitdiyini 2003-cü il seçkilərindən sonra qətiləşdirdi. 2004-cü ilin fevral ayında partiyanın Siyasi Şurasının toplantısında istefa verdiyini bəyan edən Nazim İmanov 10 ildir siyasətdən birdəfəlik gedib. O, yalnız 2005-ci il parlament seçkilərində Etibar Məmədov və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovla eyni dairədən namizədliyini irəli sürsə də, mandatsız qaldı. Nazim İmanov indi Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun direktoru işləyir.

Onun ardınca Siyasi Şuranın digər tanınmış üzvü Pərviz Bənənyarlı da AMİP-dən istefa verib. Keçmiş AMİP-çi indi Zərifə Əliyeva adına Azərbayjan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda  kontakt korreksiya şöbəsinin müdiri işləyir.

AMİP-də üçüncü dalğa

Etibar Məmmədovun sədr postundan istefa verməsi ilə AMİP-də yeni bir dövr başladı. Təbii ki, o zaman AMİP-ə kimi sədr seçiləcəyi ən çox müzakirə olunan məsələrdən biri idi.

2005-ci ilin fevral ayında keçirilən qurultayda Əli Əliyev yeni sədr seçilib. Onun AMİP-ə rəhbərliyi uzun sürmədi. 2005-ci ilin dekabr ayında partiya daxilində daha bir narazılıq yarandı. Buna səbəb partiyanın MSK-dakı təmsilçisi Arzuxan Əlizadənin 6 noyabr parlament seçkilərinə dair MSK-nın yekun protokolunu imzalaması oldu. Partiyanın sədri Ə.Əliyev A.Əlizadənin protokolu imzalamasına qarşı sərt mövqe tutdu və AMİP-in seçkilərin nəticələrini tanımadığını bəyan etdib.

2006-cı il yanvarın 9-da ADP-nin akt zalında AMİP sədri Əli Əliyevin və partiyanın üzvü olan bir sıra funksionerlərin iştirakı ilə Mərkəzi Şuranın iclası keçirilib.

İclasda Ə.Əliyevə qarşı çıxan Siyasi Şura üzvləri istefaya göndərilib, 10 nəfərdən ibarət yeni Siyasi Şura formalaşdırılıb. Partiya daxilində yeni təyinatlar olub.

Bundan bir gün öncə isə “Hyatt Regensy” otelində AMİP-in qurucusu Etibar Məmmədovun və bir qrup partiya funksionerinin iştirakı ilə Mərkəzi Şuranın başqa iclası keçirilib. Toplantıda AMİP sədri Əli Əliyevə etimadsızlıq göstərilməsi barədə qərar qəbul olunub.

Həmin il yanvarın 22-də isə AMİP üzvləri ayrı-ayrılıqda iki qurultay keçiriblər.

Əli Əliyev qurultayda çıxış edərək partiyadakı parçalanmaya görə məsuliyyət daşımadığını deyib. O, qarşı tərəfi müxalifətin birliyinə nifaq salmaq cəhdində suçlayıb.

Qurultayda partiyanın nizamnaməsinə dəyişikliklər edilib. 2005-ci il qurultayında partiyada təsis olunmuş lider postu ləğv edilib.

AMİP lideri Etibar Məmmədovun çağırdığı qurultayda isə o, Əli Əliyevi qurultay qarşısında hesabat verməyə çağırıb, onu başqa siyasi təşkilatlar qarşısında hesabat verməkdə ittiham edib. Etibar Məmmədov həm müxalifətdə, həm də hakimiyyətdə AMİP-in parçalanmasında maraqlı qüvvələrin olduğunu deyib.

Qurultayda partiya sədri Əli Əliyevə etimadsızlıq göstərilib. Qərara alınıb ki, partiyanın növbəti qurultayı aprelin sonunda keçirilsin. Qurultaya qədər partiyaya sədrliyi Mərkəzi Şuranın sədri Ayaz Rüstəmov, katibliyi isə hazırda AMİP-in baş katibi olan Fuad Muxtarov icra edib. Beləliklə, AMİP-də Əli Əliyev erası da bitib.
O sonradan AMİP-dən gedən bir qrup tərəfdarı ilə Vətəndaş və İnkişaf Patiyasını təsis edib. Ayaz Rüstəmovun AMİP-dəki sədrliyi uzun sürməyib.

2010-cu ildə ADP-nin keçmiş üzvü Yusif Bağırzadə AMİP-in yeni sədri seçilib.


AMİP-dən gedən digər tanınmışlar

Firudin Cəlilov - AMİP Mərkəzi Şurasının sədri olub, AXC hakimiyyəti zamanı təhsil naziri işləyib.

Elşad Musayev - AMİP-in keçmiş baş katibi, hazırda Böyük Azərnaycan Partiyasının sədridir.

Məhərrəm Zülfüqarlı - 1998-2001-ci ildə AMİP sədrinin müavini olub. Hazırda Azərbaycan Turizm İnstitutunun dosentidir.

Fuad Süleymanov - keşmiş AMİP-çi hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışır.

Rasim Əliquliyev - Hazırda AMEA-nın akademik-katibi,  AMEAİnformasiya Texnologiyaları İnstitutunun direktorudur.

Hacıəmi Atakişiyev - uzun illərdən bəri Azərbaycan Reklamçılar İttifaqının prezidentidir.

Zeyqəm Süleymanov - uzun illər ürək cərrahı işləyib.

Gülnarə Qurbanova - Şıxəli Qurbanovun qızı, sabiq deputat.

Rauf Tağıyev - AMİP-dən çıxandan sonra uzun müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Əmək Müfəttişliyinin rəis müavini vəzifəsində çalışıb. Səlim Müslümov nazir təyin olunandan sonra Rauf Tağıyev həmin vəzifəsindən uzaqlaşdırılıb. Bir müddət işsiz qalan R.Tağıyev bu yaxınlarda “Azərsu” ASC-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

İlqar Məmmədov - 1998-2003-çü illərdə  Azərbaycan Milli İstiqlal Partiyası sədrinin müavini olub. 2009-cu ildən Respublikaçı Alternativ Hərəkatının (REAL) sədridir. 2013-cü il prezident seçkilərində iştirak üçün Mərkəzi Seçki Komissiyasına namizəd kimi müraciət etsə də, namizədliyi qeydə alınmayıb. İ.Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı hadisələri ilə bağlı istintaqa çağrılıb və barəsində həbsqətimkan tədbiri seçilib. Daha sonra Cinayət Məcəlləsinin 221 və 315.2 maddələri ittiham edilərək 2014-cü il martın 17-də 7 il azadlıqdan məhrum edilib.

Rüfət Ağalarov - 2000-ci il parlament seçkilərində Salyan rayonundan deputat seçilib. Sonradan AMİP-dən uzaqlaşan keçmiş deputat hazırda Milli Məclisdə işləyir.

AMİP üzvü olan Hidayət Qulamov isə 2000-ci ildə Ağsu rayonundan deputat seçilmişdi.

AMİP-də bir zamanlar rəhbərlikdə təmsil olunan Bəxtiyar Nəcəfov, Zəfər Əliyev də sonralar partiyadan uzaqlaşıblar.

Qaynar.info