Xəbər lenti

Ölkə 13:54 21.02.2025

"Ana ali təhsilli və dünyagörüşlü olmalıdır ki..." - Ekspert

"Emin Əmrullayevin qızların təhsilində əlçatanlıq və keyfiyyət parametrləri ilə bağlı səsləndirdiyi fikirlər təbii ki, nəzəri baxımdan çox dəqiq və gələcək üçün faydalı hesab olunan detallardır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri elm və təhsil naziri Emin Əmirullayevin "anası ali təhsilli olan şagirdin nəticəsi daha yaxşı olur” fikirlərini şərh edərkən deyib. 

Ekspert hazırda bütün dünyada əmək bazarının tələb və prinsipləri, onu inkişaf etdirən, yaxud geri salan mexanizmlər, əmək bazarının aid olduğu cəmiyyətlə adekvatlıq dərəcəsi və s. kimi detalların xüsusi həssaslıqla incələndiyini vurğulayıb:

"Elə bizdə də əmək bazarının psixologiyası, tələbləri istiqamətində ciddi işlərin aparıldığını, tədqiqatların həyata keçdiyini deyə bilərik. Məsələn, Dövlət İmtahan Mərkəzinin hər il buraxdığı "Abituriyent” jurnalının 5-ci sayında hansı ixtisaslar üzrə dövlət sifarişli plan yerlərinin artıb-azalmasının statistikası təqdim olunur. Bu, əslində qarşıdakı 4 il üçün əmək bazarı istiqamətində aparılan hesablamanın ümumi göstəricisidir. Yəni, dövlətə daha çox lazım olan, onun əmək bazarının tələblərinə daha çox cavab verən ixtisaslara təbii ki, çox yer ayrılır. Əksi olduqda isə azaldılır"
 


Elmin Nurinin fikirincə, məntiqə əsasən qarşıdakı illərdə əmək bazarının tələblərinə daha çox İT (informasiya texnologiyaları), süni intellekt, nanotexnologiya, robotexnologiya, mühəndislik, biotexnologiya kimi ixtisaslar cavab verəcək: 

"Övladını bu ixtisasların tədrisinə aparacaq yolda düzgün bələdçilik etmək istəyən ana isə nazir demişkən, ali təhsilli və daha dünyagörüşlü olmalıdır. Doğrudur, hər hansı fərdin daha dünyagörüşlü və intellektual olması üçün ali təhsil meyarı bəzən əsas götürülə bilməz. Amma bu halın başvermə ehtimalının faiz göstəricisi 100-lük şkala ilə maksimum 3-8% ola bilər. Yerdə qalan 92-97%-lik kəsim isə əmək bazarının gələcək ruhunu, dünyanın gələcək mənzərəsini övladına ötürməkdən ötrü ən azından ali təhsil mərhələsini keçməli və təhsil-iş dünyası əlaqəsinin gedişlərini bilməlidir. Çünki ali təhsil almış hər bir şəxs cinsindən asılı olmayaraq mütləq bu etapı keçir. Bir ananın bu yaşantını özündən keçirməsi və onu övladına daha dolğun şəkildə yansıtması isə çox vacibdir”. 

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı bildirib ki, akademik ailələrdə böyüyən uşaqların göstəriciləri ali təhsili olmayan ailələrdə böyüyən uşaqların göstəricilərindən daha yüksəkdir: "Orta statistik göstəricilərə əsasən, anası ali təhsilli olmuş mühəndislik, riyaziyyat sahələrini seçmiş qızların sayı anası ali təhsilli olmayan qızların sayından çoxdur”. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->