Ana dili başqa dil olan insanlarla dolu bir otaqda 'insanların bir-birini anlaması çox çətindir'. Ortaq dili danışmaq hər şeyin dəqiq anlaşılması mənasına gəlmir.
E-maildəki yalnız bir söz, beynəlxalq şirkət üçün böyük iqtisadi itkiyə yol açıb.
İngilisdilli bir nəfər ana dili fərqli olan həmkarına ingiliscə bir mesaj yazıb.
Bir sözün mənasından tam əmin olmayan alıcı, lüğətində həmin sözü izah edən iki təzadlı tərcümə tapır.
O, yanlış mənaya uyğun hərəkət edir.
Aylar sonra, rəhbərlik dəyəri min dollarla ölçülən layihənin niyə alınmadığını araşdırmağa başlayır.
"Hər şey bir sözə görə olmuşdu," Birləşmiş Krallıqda (BK) mənzillənən kommunikasiya bacarıqları və mədəniyyətlər arası məşqçi Chia Suan Chong deyir.
O, həmin sözü sənayeyə xas olduğu üçün və yazıdan müəyyən edilə bilmək ehtimalını nəzərə alaraq, dilə gətirmək istəmir.
"Hər iki tərəf əksini düşündüyü üçün işlər axarından çıxır."
Chong-a görə, bu cür anlaşılmazlıqların baş verməsində səbəbkar ana dili ingilis dili olanlardır.
Belə ki, onlar ikinci və ya üçüncü dili ingilis dili olan şəxslər üçün anlaşıqlı tərzdən istifadə etmirlər.
"İngilisdillilərin bir çoxu ingilis dilinin dünya dilinə çevrilməsindən şaddırlar. Onlar düşünürlər ki, başqa dil öyrənməyə vaxt sərf etmək kimi ehtiyacları yoxdur," Chong deyir.
"Amma... dünyanın müxtəlif yerlərindən olan və ingilis dili vasitəsilə əlaqə quran insanların toplaşdığı bir iclas otağına anidən gələn amerikalı və ya britaniyalının danışığını çox vaxt heç kim başa düşmür."
"Ana dili ingilis dili olan şəxslər adətən birdilli olurlar və dili müxtəlif yanlardan istifadə etməyi yaxşı bacarmırlar," professor Jennifer Jenkins deyir
Ana dili ingilis dili olmayanlar sən demə, daha məqsədli və ehtiyatlı danışırlar.
İkinci və ya üçüncü dili ingilis dili olanlar üçün bu, tipik haldır. İngilisdillilər isə adətən sürətli danışır, öz mədəniyyətlərinə xas zarafatlar, atmacalar və istinadlardan istifadə edirlər, Chong belə deyir.
E-maillərdə onlar, ofisdə deyiləm əvəzinə OOO (ingiliscə: out of office) abreviaturasını işə salırlar.
"Ana dili ingilis dili olan şəxs... başqalarına uyğun danışmayan və ya digərləri ilə ayaqlaşmağı bacarmayan yeganə insan olur," o əlavə edir.
Tərəf-müqabili ilə eyni dili tapmaq
Dünyanın böyük hissəsində ingiliscə danışa bilən insanların əksəriyyətinin ana dili başqa dildir. Ona görə də ayaqlaşmağı bacaran tərəf məhz ana dili ingilis dili olanlar şəxslər olmalıdır.
"Müxtəlif dilli insanlar arasında ingilisdillilərin vəziyyəti adətən daha çətin olur," BK-da yerləşən Southampton Universitetindən qlobal ingilis dili üzrə professor Jennifer Jenkins deyir.
"Anlamaq və anlatmaqda çətinlik çəkənlər, məhz ana dili ingilis dili olan şəxslərdir."
Başqa dillərin nümayəndələri adətən ingiliscə məhdud lüğətə və sadə ifadələrə əl atırlar.
Buna görə də onlar bir-birlərini rahat başa düşürlər.
Jenkins müəyyənləşdirib ki, məsələn, Britaniya universitetlərində təhsil alan beynəlxalq tələbələr bir-birlərini ingilis dilində daha yaxşı anlayırlar və dili daha az bilən üzvlər istənilən qrupa asanlıqla yovuşa bilirlər.
'ETA nədir axı?'
Sürixdə yaşayan və ana dili isveçcə-almanca olan, amma professional mənada daha çox ingilis dilindən istifadə edən Michael Blattner deyir:
"Ana dili ingilis dili olmayan insanlar məni daha rahat başa düşdüklərini deyirlər."
O, Sürix Sığorta Qrupu şirkətinin İP Əməliyyatları üzrə təlim və təklif rəhbəridir.
İngilis dilinin 1500 sözlü və sadə, amma standart qrammatikaya əsaslanan yeni və asan forması Globish-in yaradıcısı Jean-Paul Nerriere
Çaşdırıcı məqamlardan biri də abreviaturalardır.
"Beynəlxalq ölçüdə yenicə işləməyə başlamışdım və bir nəfər mənə ETA (ingiliscə: Estimated Time of Arrival - təxmini çatdırılma vaxtı) 5-ə qalmışdır dedi.
Öz-özümə fikirləşdim: 'ETA nədir axı?' ", Blattner deyir.
"Ən qəlizi isə bəzi qısaltmaların Britaniya ingiliscəsində başqa, Amerika ingiliscəsində başqa olmasıdır."
Bir də mədəni üsul var, Blattner söyləyir.
Bir britaniyalı verilən təklifə "Maraqlıdır" deyərək reaksiya verirsə, başqa britaniyalı onu "Boş şeydir" kimi başa düşə bilər. Digər millətlər üçün isə bu, adətən hərfi məna verir.
Qəribə sözlər, sürətli nitq və mızıldamaq heç işə yaramır, o əlavə edir, xüsusilə də aşağı keyfiyyətli internet üzərindən telefon və ya video danışığı zamanı.
"Diqqətin yayınmağa başlayır və başqa işə köklənirsən. Çünki anlamaq qeyri-mümkündür," o deyir.
Dale Coulter: "Başqa dildə danışa bilməyən ingilisdillilər, adətən ingilis dilinin beynəlxalq səviyyədə istifadə üsulundan xəbərsiz olurlar"
Blattner əlavə edir ki, görüşlərdə "tipik olaraq söhbətin 90%-ni ana dili ingilis dili olanlar aparırlar. Digərləri görüşdə eyni məqsədlə iştirak etsələr də belə."
İsveçrənin Baden şəhərində yerləşən dil kursu TLC Beynəlxalq Evində ingilis dili rəhbəri Dale Coulter də deyilənlərlə razıdır: "Başqa dildə danışa bilməyən ingilisdillilər, adətən ingilis dilinin beynəlxalq səviyyədə istifadə üsulundan xəbərsiz olurlar."
Berlində Coulter, Fortune 500 adlı şirkətin alman işçilərinin Kaliforniyada yerləşən baş ofisdən göndərilən bir video linki izlədiklərini görüb. İngiliscə yaxşı bildiklərinə baxmayaraq, həmin almanlar amerikalı layihə rəhbərlərinin nə demək istədiyini anlamağa köklənmişdilər.
Beləliklə ortaq şəkildə öz aralarında mənanı yozdular.
Bəlkə də həmin məna Kaliforniyadan gələn məqsədlə üst-üstə düşmürdü.
"Bir çox məlumatlar yanlış anlaşılır," Coulter deyir.
Nə qədər sadə olsa, o qədər yaxşıdır
Saziş əldə etməmək risk ilə ana dili ingilis dili olan insanlar daha çox üzləşirlər, Beynəlxalq Biznes Maşınları şirkətinin (ingiliscə IBM) beynəlxalq marketinq üzrə keçmiş icraçısı fransız Jean-Paul Nerriere xəbərdarlıq edir.
"İngilis dili ana dili olmayan bir çox insanlar, xüsusilə də asiyalılar və fransızlar "axmaq görünməkdən" çəkinirlər və deyilənləri başa düşməsələr belə, razılıqla baş tərpədirlər," o deyir.
Bu səbəblə də Nerriere, Globish adlı bir alət hazırlayıb.
Burada ingilis dilində süzgəcdən keçirilmiş 1500 söz və sadə, amma standartlara əsaslanan qrammatika tətbiq olunur.
"Bu dil deyil, alətdir," o söyləyir.
Globish-i 2004-cü ildə istifadəyə verdikdən bəri o, 18 dil üzrə 200.000-dən çox Globish dərsliyi satıb.
"Məhdud və sadə dillə ünsiyyət quraraq vaxta qənaət edir, yanlış anlaşmadan yaxa qurtarır və ünsiyyətdə səhvlər buraxmırsan," Nerriere deyir.
Rob Steggles: "Qısa, aydın və birbaşa danışmalısan və nitqini asanlaşdırmalısan"
Telekommunikasiya nəhənglərindən biri olan NTT Kommunikasiyaların Avropada marketinq üzrə baş icraçı direktoru və fransızca öyrənməyə çalışan ingilis Rob Steggles-in də ingilisdillilərə bir məsləhəti var.
Parisdə yaşayan Steggles deyir: "Qısa, aydın və birbaşa danışmalısan və nitqini asanlaşdırmalısan.
Amma bununla özünü yuxarıdan aparmaq arasında incə bir xətt var."
"Həmin xətt, kəndirbazın kəndirinə bənzəyir," o əlavə edir.
Başqalarına da imkan vermək
İngilis dilini müxtəlif səviyyədə bilən şəxslərdən ibarət qrupla ünsiyyət qurmağa çalışarkən, anlayışlı və uyumlu olmaq şərtdir.
Qulaqlarınızı istifadə olunan ingiliscənin müxtəlif tezliklərinə uyğun kökləmək lazımdır, Jenkins belə deyir.
"Başqa dilləri öyrənən insanlar bunun öhdəsindən asanlıqla gəlirlər. Lakin ana dili ingilis dili olan şəxslər adətən birdilli olurlar və dili müxtəlif yanlardan istifadə etməyi yaxşı bacarmırlar," o deyir.
Steggles-ə görə, iclaslarda ingilisdillilər normal sürət hesab etdiklərinə görə nitqlərini adəti sürətləri üzrə aparırlar və söhbətlərdə boşluqları doldurmağa tələsirlər.
"Bəlkə qarşındakı ingilis dili ikinci dil olan adam cümlə qurmağa çalışır," o deyir.
"Bir anlıq gözləmək lazımdır və imkan vermək gərəkdir. Əks halda görüşdən sonra yaxınlaşıb soruşa bilərlər: 'Söhbət nədən gedirdi?' Yaxud heç nə başa düşmədiklərinə görə bir söz demədən gedə bilərlər."
O, eyni fikri bir neçə fərqli yollarla çatdırmağı və aydın olub-olmadığını soruşmağı, bir reaksiya və ya hərəkət gözləməyi məsləhət bilir.
"İştirak yoxdursa," Steggles vurğulayır, "dediklərinin anlaşılıb-anlaşılmadığını bilməyəcəksən."
Mənbə: BBC
Şərhlər