Müasir dövrdə beynəlxalq münasibətlər sistemi sürətlə dəyişərək yeni geosiyasi və geoiqtisadi reallıqlar formalaşdırır. Qlobal enerji bazarlarında qeyri-sabitlik, regional münaqişələr, xüsusilə Rusiya-Ukrayna müharibəsi və nəqliyyat marşrutlarının yenidən qurulması dövlətləri daha çevik əməkdaşlıq modellərinə yönəldir. Bu mürəkkəb transformasiya şəraitində strateji mövqeyi və resurs potensialı ilə seçilən Azərbaycan beynəlxalq tərəfdaşlıq sistemində getdikcə daha önəmli yer tutur.
Beynəlxalq münasibətlər sistemi hazırda dərin və çoxqatlı transformasiya mərhələsindən keçir. Bu transformasiya təkcə güc balansının dəyişməsi ilə məhdudlaşmır, həm də dövlətlərarası münasibətlərin məzmununa, əməkdaşlıq formatlarına və prioritetlərinə ciddi təsir göstərir.
Siyasi şərhçilərin fikrincə, əvvəlki dövrdə dominant olan nisbətən sabit və institusional çərçivələrə əsaslanan qlobal nizam artıq öz yerini daha çevik, çoxqütblü və rəqabət yönümlü modelə verir. Bu yeni modeldə dövlətlərin davranışı daha praqmatik xarakter daşıyır, ittifaqlar isə daha çox situativ maraqlar üzərində qurulur.
Mövcud reallıqda enerji təhlükəsizliyi, nəqliyyat-logistika şəbəkələri və regional sabitlik məsələləri geosiyasi gündəliyin əsas elementlərinə çevrilib. Xüsusilə Rusiya-Ukrayna müharibəsi qlobal sistemdə baş verən dəyişiklikləri sürətləndirən əsas katalizatorlardan biri kimi çıxış edir. Müharibə Avropanın enerji təminatında ciddi boşluqlar yaradaraq alternativ mənbə və marşrutların aktuallaşmasına səbəb olub.
Siyasi analitiklər qeyd edirlər ki, bu proses Avropanın enerji siyasətində uzunmüddətli struktur dəyişikliklərinə yol açıb və ənənəvi təchizat zəncirlərinin yenidən nəzərdən keçirilməsini zəruri edib. Belə bir şəraitdə enerji resurslarına malik və eyni zamanda etibarlı tranzit imkanları təqdim edən ölkələrin əhəmiyyəti əhəmiyyətli dərəcədə artıb.
Azərbaycan son illərdə məhz bu iki amili birləşdirərək öz geoiqtisadi və geosiyasi çəkisini gücləndirib. Ölkə yalnız karbohidrogen ehtiyatlarına görə deyil, həm də Şərq ilə Qərb arasında yerləşən strateji mövqeyinə görə diqqət mərkəzinə çevrilir. Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyinə töhfə verən Azərbaycan paralel olaraq Orta Dəhliz çərçivəsində mühüm logistika qovşağı rolunu gücləndirir.
Siyasi şərhçilərin fikrincə, bu faktorlar Azərbaycanın regional aktordan daha geniş - qlobal iqtisadi və nəqliyyat sistemində strateji tərəfdaşa çevrilməsini şərtləndirir.
Bu geosiyasi və geoiqtisadi fon daxilində Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri xüsusi əhəmiyyət kəsb edir. Bu səfər formal diplomatik çərçivədən kənara çıxaraq, dəyişən qlobal reallıqlar fonunda formalaşan yeni əməkdaşlıq arxitekturasının praktiki təzahürü kimi qiymətləndirilir.
Siyasi analitiklər hesab edirlər ki, Çexiya kimi sənayeyönümlü Avropa ölkələrinin Azərbaycanla əməkdaşlığı genişləndirməsi Avropanın enerji və logistika təhlükəsizliyini təmin etmək istiqamətində atdığı məqsədyönlü addımlardan biridir.
Bu baxımdan, ikitərəfli münasibətlər daha geniş - Avropa miqyasında diversifikasiya strategiyasının tərkib hissəsi kimi çıxış edir. Bununla yanaşı, Azərbaycanın artan rolu avtomatik və dəyişməz üstünlük kimi qiymətləndirilməməlidir.
Qlobal enerji bazarlarında qiymət dalğalanmaları, regionda mövcud olan geosiyasi risklər və böyük güclər arasında rəqabətin kəskinləşməsi bu mövqeyə həm yeni imkanlar, həm də ciddi çağırışlar yaradır.
Siyasi şərhçilərin fikrincə, bu şəraitdə Azərbaycanın əsas strateji vəzifəsi mövcud üstünlükləri institusional dayanıqlılıq və iqtisadi şaxələndirmə ilə möhkəmləndirməkdir.
Beynəlxalq münasibətlər sistemində baş verən transformasiya Azərbaycan üçün mühüm imkanlar yaradır. Ölkə artıq yalnız enerji resurslarının ixracatçısı kimi deyil, həm də enerji, nəqliyyat və diplomatiya sahələrində körpü rolunu oynayan mühüm aktor kimi çıxış edir. Lakin bu mövqenin qorunması və möhkəmləndirilməsi dəyişən qlobal reallıqlara uyğun çevik siyasət və uzunmüddətli strateji baxış tələb edir...
Siyasət şöbəsi
Şərhlər