Dünya 14:36 01.06.2020

"Apple" sistemdə boşluq tapan şəxsə 100 min dollar ödədi

"Apple" şirkəti istifadəçilərinin müxtəlif tətbiqlərdə şəxsi məlumatlarını qoruyaraq və daha asan bir şəkildə qeydiyyatdan keçmələri üçün hazırladığı "Apple ilə qeydiyyatdan keç" (Sign in with Apple) sistemində təhlükəsizlik boşluğunu tapan şəxsə 100 min dollar mükafat verib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, boşluğu tapan şəxs hindistanlı proqram təhlükəsizliyi üzrə mütəxəssis Bhavuk Jaindir. O, bu barədə mayın 30-da şəxsi saytında məlumat paylaşmışdı. 

Apple-ın 2019-cü ildə təqdim etdiyi sistemin guya istifadəçi məlumatlarını ifşa etmədən qeydiyyatdan keçməyi təmin etdiyi bildirilmişdi. Lakin mütəxəssisin tapdığı boşluq onu göstərib ki, təkcə mail adresindən istifadə etməklə bu metodla açılmış hesabı ələ keçirmək mümkündür.

Apple bu xəbərdarlıqdan sonra sistemindəki problemi aradan qaldırıb. Jain isə daha sonra boşluğu necə tapdığını açıqlayıb.
 
Camal