Xəbər lenti

Aran rayonlarında da erkən nikahların sayı artıb: rəsmi açıqlamaya reaksiya
Ölkə 23:53 19.09.2019

Aran rayonlarında da erkən nikahların sayı artıb: rəsmi açıqlamaya reaksiya

"Сənub zonasında erkən nikahlarla bağlı rəqəm artıq qorxulu deyil. Çünki bu göstərici Aran rayonlarında daha çox artıb".

Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova mətbuata açıqlamasında bildirib.

Qurum əməkdaşının sözlərinə görə, bu gün erkən nikahlar Bakı kəndlərində də qeydə alınır: "Araşdırmamıza görə, cənub zonasının bəzi ucqar kəndlərində son 10-15 ildə ali təhsil alan bir qız belə yoxdur. Bəzi bölgələrdə isə təhsil alan qızların sayı oğlanlardan çoxdur. Bunun da səbəbi həmin bölgələrdə oğlanların radikal dini qruplaşmaların təsiri altına çox düşməsidir”.

A.Veysəlova bildirib ki, bu gün 15-17 yaşlı qadınların dünyaya gətirdiyi körpələrin sayı xeyli azalsa da, ötən ilin rəqəmləri (2129) heç də az deyil: "Çünki gərək 15-17 yaşında 3000-3500 qız qeyri-rəsmi nikaha girməlidir ki, onlardan da 2129 körpə dünyaya gəlsin”.
Qeyd edək ki, Azərbaycanda erkən nikah və onun yaratdığı problemlər hər zaman müzakirə mövzusu olub.

Bəs insanların erkən nikaha cəlb edilməsinin səbəbləri nədir? Cəmiyyət və dövlət erkən nikahların aradan qaldırılması üçün hansı addımları atmalıdır?

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu musavat. com-a danışıb: "Dəfələrlə bu mövzuda bölgələrdə araşdırma aparmışam. Məlum olub ki, erkən nikahların bir neçə səbəbi var. Məsələnin iqtisadi, mənəvi və psixoloji tərəfləri var. Valideynlərin maarifləndirilməsi bu sahədə heç də yaxşı səviyyədə deyil. Qızlarının erkən ailə qurmasını istəyən valideynlərlə söhbət edərkən onlar bildiriblər ki, qız uşağını oxumağa Bakıya göndərmək istəmirlər. Get gedə cəmiyyətdə əxlaqi cəhətdən o qədər xoşagəlməz hadisələr baş verir ki, valideynlər də bu barədə eşidir və qorxuya düşür ki, qız uşağı böyüyəndə elə bir mühitə düşər ki, sonra daha da pis ola bilər.

Və yaxud hazırda universitetlərin yataqxanaları olmadığından valideynlər məcbur qalır ki, övladları üçün ev kirayə etsinlər. Lakin buna da hər ailənin imkanı çatmır. Təxminən 20-30 il əvvəl valideynlər qızlarını rahat şəkildə Bakıya oxumağa göndərirdilər, qızlar sərbəst surətdə Bakıda qalıb, təhsil ala bilirdi. Amma indi belə deyil”.

Sosioloq qeyd etdi ki, məsələ ilə bağlı valideynlər arasında kifayət qədər maarifləndirmə işləri aparılmır:

"Valideynlərə izah olunmur ki, qızlar oxumayanda gələcəkdə həyatlarını qurmaqda və uşaq tərbiyə etməkdə çətinlik çəkirlər. Beləliklə, evdə qız təhsil almayanda, işləməyəndə valideyn çalışır ki, onu tez ərə versin. Düşünür ki, qız nə qədər tez ailə qurarsa bir o qədər xoşagəlməz olaylardan uzaq olar, başı öz ailəsinə qarışar. Eyni zamanda evdəkilərin sayı azalar, iqtisadi yükdən azad olarlar”.

Sosioloq problemdən çıxış yolları haqda da danışıb:

"Bəs nə etməliyik? Xüsusən də rayon, kənd yerlərində qadınların əməyindən optimal dərəcədə istifadə etmək üçün yeni iş yerləri açmalıdırlar. Qızlar işləyərsə valideynlər onları evdə artıq yük kimi qəbul etməz.

Digər tərəfdən, əksər dünya ölkələrində tələbələr üçün çox gözəl mühit yaradılıb, yataqxanalar, kamplar təşkil edilib. Azərbaycanda da bu cür şərait yaradılsa, valideynlər bunu görüb qızlarının təhsil almasına razılıq verər”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->