Arayik Arutyunyan Qarabağ ermənilərini mitinqə çağırdı

Arayik Arutyunyan Qarabağ ermənilərini mitinqə çağırdı

Qarabağda Rusiya sülhməramlılarına sığınan ermənilərin rəhbəri Arayik Arutyunyan əhalini Xankəndinin baş meydanına mitinqə çağırıb. Özünün Facebook səhifəsindən bununla bağlı müraciət paylaşan Arutyunyan son günlər "Artsax”da yaranmış daxili gərginliyi, son aylarda yığılan sualları nəzərə alaraq meydanda insanlara müraciət edəcəyini bildirib.

O, hamını mitinqə dəvət edərək "əsas problemlər və onların həll yolları, müharibədən indiki təhlükəsizliyə, sosial-iqtisadi vəziyyətə, Ermənistan Respublikasının hakimiyyəti ilə münasibətlərdən daxili siyasi inkişafa qədər məsələlərlə bağlı açıq və səmimi” danışacağını vəd edib: "Təəssüf edirəm ki, indiki mürəkkəb zamanda çoxları mövcud vəziyyətin Artsaxın gələcəyi üçün oynadığı ciddi rolu nəzərə almadan sağlam düşünmək qabiliyyətini itrir. Bəzi şəxslərin mənə qarşı münasibətinə baxmayaraq, mən bütün bu çətin dövrdə bütün əhali üçün məsuliyyət daşıyıram”.

Qeyd edək ki, A.Arutyunyan Nikol Paşinyanın adamı hesab edilir. Ermənistanda keçirilən parlament seçkiləri günü Paşinyanın partiyasının seçki qərargahına getməsindən sonra Xankəndində onun əleyhinə etirazlar təşkil olunmağa başlayıb. Burada Ermənistanda yenidən hakimiyyətə gəlməyə çalışan, lakin məğlub olan Qarabağ klanının rolunun olduğu güman edilir. /Musavat.com
X
XƏBƏRLƏR
BLOGLAR