Xəbər lenti

Ardıcıl ikinci dəfə dünyanın yaşamaq üçün ən yaxşı şəhəri seçildi (SİYAHI)
Dünya 21:28 09.07.2026

Ardıcıl ikinci dəfə dünyanın yaşamaq üçün ən yaxşı şəhəri seçildi (SİYAHI)

Danimarkanın paytaxtı Kopenhagen ardıcıl ikinci il dünyanın yaşamaq üçün ən əlverişli şəhəri seçilib. 

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu nəticə "Economist Intelligence Unit" ("EIU") analitik mərkəzinin 2026-cı il üzrə Qlobal Yaşayış Keyfiyyəti İndeksində əks olunub.

Hər il tərtib olunan reytinqdə dünyanın 173 şəhəri sabitlik, səhiyyə, mədəniyyət və ətraf mühit, təhsil, həmçinin infrastruktur meyarları üzrə qiymətləndirilir.

2026-cı il üzrə ilk onluq belə formalaşıb:

1. Kopenhagen (Danimarka)
2. Vyana (Avstriya)
3. Melburn (Avstraliya)
4. Sidney (Avstraliya)
5. Sürix (İsveçrə)
6. Cenevrə (İsveçrə)
7. Osaka (Yaponiya)
8. Adelaida (Avstraliya)
9. Vankuver (Kanada)
10. Tokio (Yaponiya)

Kopenhagen sabitlik, təhsil və infrastruktur kateqoriyalarında maksimum bal toplayıb. Şəhər mədəniyyət və ətraf mühit göstəricilərinə görə də ən yüksək nəticələrdən birini əldə edib.

Kopenhagen sakini, tələbə Laura Amira Kassem BBC-yə bildirib ki, şəhərin əsas üstünlüklərindən biri gündəlik həyatın rahat təşkil olunmasıdır. Onun sözlərinə görə, sakinlər işə velosipedlə gedə, işdən sonra limanda üzə və axşam rahat şəkildə evlərinə qayıda bilirlər. Şəhərdə, həmçinin Felledparken parkında təşkil olunan kütləvi axşam qaçışları geniş yayılıb.

Reytinqdə ikinci yeri tutan Avstriyanın paytaxtı Vyana səhiyyə və təhsil sahələrində ən yüksək qiymət alıb. Şəhər sakinləri bildiriblər ki, tarixi irs gündəlik həyatın ayrılmaz hissəsidir və hətta tramvayla işə gedərkən belə tarixi memarlıq nümunələrini seyr etmək mümkündür.

Üçüncü pillədə qərarlaşan Melburn "Mədəniyyət və ətraf mühit" kateqoriyasında yüksək nəticə göstərərək Sidneydən üstün olub. Dördüncü yerdə qərarlaşan Sidney isə səhiyyə və təhsil sahələrində ən yüksək balları toplayıb.

İlk beşliyi tamamlayan Sürix sakinlərinin sözlərinə görə, səmərəli şəhər idarəçiliyi, yüksək təmizlik səviyyəsi və təbiətə asan çıxış şəhərin əsas üstünlüklərindəndir. Şəhər gölü və çaylar gündəlik həyatın mühüm hissəsi hesab olunur. Bundan əlavə, hətta kütləvi festivallardan sonra küçələrin qısa müddətdə tam təmizlənməsi də şəhərin diqqətçəkən xüsusiyyətlərindən biri kimi göstərilir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->