Dünya 16:06 27.03.2024

Argentina prezidentindən şok islahat: 70 min insanı işdən çıxarmaq istəyir

Argentina prezidenti Xavyer Miley yaxın gələcəkdə 70 min dövlət qulluqçusunu işdən çıxarmaq niyyətində olduğunu açıqlayıb. Bu tədbirlər ölkə büdcəsini korreksiya etmək üçün həyata keçirilir. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə dünən, martın 26-da Latın Amerikası İqtisadçıları Forumunun bağlanışında bildirib.

Mileyin dediyinə görə, hakimiyyət "qaydasız şəkildə həyata keçirilən” 200 min sosial proqramı artıq ləğv edib. "Biz 50 min dövlət qulluqçusunu işdən çıxardıq, onların müqavilələrinə xitam verildi və nəzərə alın ki, indi daha çox müqavilələr azalır və daha 70 mini ixtisar ediləcək", deyə Miley bildirib. 

Qeyd edək ki, 2023-cü ilin dekabrında vəzifəyə keçən Xavyer Miley Argentinadakı vəziyyəti kritik adlandırıb. O, iqtisadiyyatda şok tədbirlərinə ehtiyac olduğunu açıqlayıb və ölkədə etirazlara səbəb olan islahatlar paketini təqdim edib. O, iqtisadiyyatın liberallaşdırılması üçün dövlət xərclərinin ciddi şəkildə kəsilməsini nəzərdə tutan 300-dən çox islahat haqqında fövqəladə fərman imzalayıb.

Nizami Bağırov