Xəbər lenti

Arzularımızı həyata keçirən trend - Psixologiyada
Ölkə 17:16 09.12.2025

Arzularımızı həyata keçirən trend - Psixologiyada "manifestləmə"nin izahı

Son dövrlər bir çoxumuzun tez-tez eşitdiyi, bununla bağlı çəkilmiş müxtəlif videolarla qarşılaşdığı bir termin var - "manifestləmə" və ya  "manifestasiya" anlayışı. "Manifestasiya” bir çoxları tərəfindən arzuların "enerji ilə cəlb olunması" kimi təqdim olunur. Bəzən görürük ki, xüsusi ilə sosial şəbəkə fenomenləri bununla bağlı müxtəlif videolar çəkərək bildirirlər ki, arzularını, istəklərini öz həyatlarına bu üsulla çəkiblər Vurğulayırlar ki, "manifestləmə” düşüncəni, enerjini və inamı bir hədəfə yönəldərək arzunu gerçəkləşdirməyə çalışmaqdı. Bu, təkcə "arzu etmək” deyil, həm də inanmaq, hərəkətə keçmək və nəticə üçün hazır olmaq deməkdir.

Bəs psixologiya "manifestləmə"ni necə izah edir? Həqiqətən "manifestləmə" varmı?

Qaynarinfo mövzunu Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmovla müzakirə edib.
 
Elnur Rüstəmov bildirib ki, "Manifestasiya” anlayışı psixologiyada populyar mədəniyyətdə istifadə olunan formada mövcud olmasa da, onun arxasında dayanan mexanizmlər elmi psixologiyada uzun illərdir araşdırılan proseslərdir:

"Burada söhbət insanların məqsədlərini təsəvvür etməsi, gələcəyə dair zehni obrazlar yaratması və bu təsəvvürün davranış motivasiyasına təsirindən gedir. Elmi dildə bu, vizuallaşdırma, məqsəd yönümlü planlama və idrak proseslərinin davranışı formalaşdırması kimi də izah olunur. Bu prosesin mahiyyəti ondan ibarətdir ki, insan müəyyən hədəfi dəfələrlə düşünərək onu beynində aktiv saxlayır və nəticədə diqqət resurslarını həmin istiqamətə yönəltməyə başlayır. Koqnitiv psixologiyada bu, inancların davranışı istiqamətləndirməsi kimi də izah olunur. İdman psixologiyasında isə vizuallaşdırmanın performansı artırdığı uzun illərdir elmi araşdırmalarla sübut olunub. Yəni bu, sadəcə arzu etmək deyil, zehində formalaşan təsəvvürün real həyatda davranış motivasiyasına və qərarvermə proseslərinə təsirini göstərir”.
 


"Manifestləməni vizualizasiya və məqsəd yönümlü planlama kimi anlamaq olarmı?” sualına cavab olaraq isə psixoloq bildirdi ki, manifestasiya anlayışını vizuallaşdırma və məqsəd yönümlü planlamanın bir hissəsi kimi qəbul etmək mümkündür:

"Lakin burada vacib məqam ondan ibarətdir ki, istənilən təsəvvür və ya məqsəd dəyişiklik üçün konkret fəaliyyətlərlə tamamlanmalıdır. Sadəcə düşünmək nəticə yaratmır. Düşüncə ilə davranışın birlikdə işləməsi insanın fokusunu, motivasiyasını və hətta stresə qarşı dözümlülüyünü artırır. Hədəfi aydın olan şəxs öz resurslarını daha düzgün yönləndirir, qeyri-müəyyənlik hissi azalır və bu da daha yüksək məhsuldarlıqla nəticələnə bilir. Real həyatda manifestasiya adlandırılan bu mexanizmin stresin idarə olunmasına və motivasiyanın yüksəlməsinə də təsiri mümkündür. Məqsədin vizual olaraq təsəvvür edilməsi insana nəzarət hissi verir, bu isə psixoloji rifahın vacib komponentidir. İnsan nə etdiyini və nəyə doğru getdiyini gördükdə, həm emosional yükü azalır, həm də hərəkətə keçmək üçün daha çox enerji tapır”. 

Elnur Rüstəmov vurğulayıb ki, psixologiya manifestasiyanı möcüzəvi və ya sehrli bir proses kimi izah etmir:

"Bu anlayışın elmi tərəfi insanın düşüncə strukturlarının davranışa təsiri, motivasiya sisteminin aktivləşməsi və hədəfə yönəlmiş planlamanın effektivliyindən ibarətdir. Əgər bu proses real addımlarla dəstəklənirsə, insanın gündəlik həyatında stresin azaldılması, diqqətin artırılması və məhsuldarlığın yüksəlməsi kimi müsbət nəticələr yaratması tamamilə mümkündür”.

Günay İlqarqızı

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->