Siyasət 17:10 11.06.2013

AŞPA jurnalistlərdən imtina etdi

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Agramunt və Joseph Debono Grechin Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə, daha sonra isə siyasi partiyaların nümayəndələri ilə görüşüblər.

APA-nın məlumatına görə, Ə.Hüseynli ilə görüşdə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü bəzi öhdəliklər müzakirə olunub.

Bunlar əsasən qanunvericilikdəki bəzi məqamların Avropa qanunlarına uyğunlaşdırılmasından ibarət olub. Əsas məsələ yanvar ayında Monitorinq Komitəsi tərəfindən qəbul olunan sənədin və monitorinq prosesinin həyata keçirilməsidir. Daha sonra görüş AŞPA məruzəçilərinin tələbi ilə mətbuat üçün qapalı olub.

Həmməruzəçilərin siyasi partiyalarla görüşündə isə parlamentdə təmsil olunan partiyalardan Yeni Azərbaycan Partiyasından Mübariz Qurbanlı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə iştirak ediblər. Görüşdə Avropaya inteqrasiya, Dağlıq Qarabağ münaqişəsi və s. məsələlər müzakirə olunub. Bu görüşün davamında da AŞPA məruzəçiləri mətbuatın iştirakından imtina ediblər və görüş qapalı keçib.


Qaynar.info