Xəbər lenti

Ölkə 21:07 17.05.2021

"Atama Vətən Müharibəsi Qəhrəmanı olduğumu necə deyəcəyimi bilmirdim"

Vətən Müharibəsi Qəhrəmanı kapitan Rəşad Qasımlı Müdafiə Nazirliyinin "Azərbaycan Ordusu" qəzetinə müsahibə verib.

"Qafqazinfo" 31 yaşlı pilotun müsahibəsini təqdim edir:

- Hər bir insanı peşə seçiminə yönləndirən incə bir nüans olur. Sizin həyat yolunuzu orduya bağlayan səbəb nədir? 
- Atam hərbçi olub. Onun yaddaşının dərinliklərindən süzülən mətləbli xatirələr, bu xatirələrdən doğan məsləhətlər övladlarının gələcək həyatının formalaşmasında əhəmiyyətli oldu. Buna müəyyən mənada, pedaqoji xarakterli də deyə bilərik. Hər misrasında həyat fəlsəfəsini, milli-mənəvi dəyərləri oxucuya aşılayan xalq şairi Məmməd Araz İnfil kişinin kəlmələrinin cəminə "Atamın kitabı" deyib. Müharibə görən, döyüşən ataların, babaların döyüş xatirələri oğulların dəyərli vətənpərvərlik kitabıdır. Atamın həyat yolundan və könül xatirəsindən gələn ifadələr mənim də, qardaşımın da həyat yolunu işıqlandırdı. Böyük qardaşım Ramil qərar verdi ki, hərbçi olacaq. Nəticədə ali hərbi təhsilini uğurla başa vuraraq zabit oldu. Hazırda Hərbi Hava Qüvvələrinin "N" hərbi hissəsində Mİ-24 hücum və hərbi nəqliyyat helikopterində pilotdur. Ramil kimi, mənim də ata sənətinə rəğbətim vardı. Eləcə də qardaşımın hərbi mundirinin məndə yaratdığı həvəs həyat yolumu müəyyənləşdirdi.

- Qardaşınızdan sonra çoxlarının arzusunda olduğu çətin və şərəfli təyyarəçilik peşəsini seçəndə ailənizin reaksiyası necə oldu?
- Səmimi cavab verəcəm. Atam uzun illər hərbi xidmətin çətinliklərini və şərəfini yaşayıb. Bunları uşaqlıqdan biz də yaşamışıq. Sonra qardaşım hərbi mundir daşımağın məğrurluğunu hiss etdi. Lakin hər ikisi bu yolun mənim üçün çətin olacağını deyirdi. Çünki həmyaşıdlarımla müqayisədə fiziki cəhətdən xeyli zəif idim. Bu səbəbdən də deyirdilər ki, sən bacarmazsan, hərbçi ola bilməzsən. Anam Sevinc  məni ağ xalatda, həkim olaraq görmək istəyirdi. Lakin atam da, qardaşım da, anam da qəlbimdə tumurcuqlanan arzularımdan xəbərsiz idilər. Çünki 2004-cü ildə qardaşım C.Naxçıvanski adına Hərbi Liseydə oxuyanda mən 6-cı sinifdəydim. Həftə sonları Ramil hərbi geyimdə evə gələndə, hərbi xidmətin çətinliklərindən söz açardı. Maraqlısı burasındadır ki, mənim qəlbimdə tumurcuqlanan hərbçi olmaq arzusu qardaşımın sözləri ilə daha da alovlanır, çiçək açırdı. Həmin ildən qərar verdim ki, mən də forma daşıyacağam. Bütün peşələr şərəflidir, lakin mənim üçün həyat amalı, ən yüksək pillə hərbçi olmaq idi. Ailəm başqa peşədə uğur qazanacağımı düşünsə də, mən artıq qərarımı çoxdan vermişdim. Hərbçi olub, torpaqlarımızın işğaldan azad olunacağı gün döyüşənlərin sırasında olacaqdım. İki il məni bu fikrimdən daşındırmağa çalışdılar. Qardaşım deyirdi ki, sən zəifsən, yüklənmələrə, çətinliklərə tab gətirə bilməzsən. Amma mən qətiyyətlə bildirdim ki, mən bacaracam. Mütləq bacaracam. Beləliklə, 2006-cı ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil oldum.

- Hərbi təhsilinizdə və təyyarəçi kimi formalaşmağınızda dəstək verənləriniz kimlər olub?
- Bir təyyarəçi asanlıqla yetişmir. Çünki istər mənəvi, istər psixoloji, istərsə də fiziki baxımdan təyyarəçinin formalaşmasında təhsilindən ilk sərbəst uçuşunadək əməyi, əziyyəti olan insanlar olur. Bunun da ilk təməli hərbi təyyarəçilik məktəbində qoyulur. Orta məktəbdə, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aldığım təhsil də buna zəmin yaratmışdı. Düşünürəm ki, təyyarəçi kimi yetişməyimdə təhsil ocaqlarında aldığım hərbi biliklər təcrübəli zabitlərin rəhbərliyi ilə keçdiyim təlim uçuşlarında nəticəsini verdi. Atalar sözündə deyildiyi kimi: "Yüz eşitməkdənsə, bir görmək yaxşıdır". Belə ki, bu kəlamın doğruluğunu təlimatçı mayor Rəsul İsmayılovla L-39 təlim təyyarəsində uçarkən anladım. Yaşadığım hissləri sözlə ifadə etmək mümkün deyildi. Bu nə sinif otağında dərs oxumağa, nə də trenajorda maket təyyarə üzərində məşq etməyə bənzəyirdi. O gündən sonra təyyarəçi olduğumu bir daha dərindən dərk etdim. Növbəti uçuşlarımı Su-25 təyyarəsində Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik Zaur Nudirəliyev və Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadə ilə həyata keçirdim. Bu gün qazandığım uğurlarda hər birinin əziyyəti, əməyi danılmazdır. 

- İlk uçuşunuzda unudulmaz hisslər yaşadığınızı qeyd etdiniz. Sözlə ifadə etməkdə çətinlik çəkdiyiniz hisslərdən danışaq, əsas da təyyarənin yerdən ayrıldığı an...
- O günü əsla unutmaram... 2012-ci ilin yayı idi... 3-cü kursda oxuyurdum... Mən və mənim kimi bu ixtisasa yiyələnən bütün kursantların həyatında ən əlamətdar günlərdən biri olacaqdı... Bu gün bizlərlə bərabər, müəllimlərimiz üçün də önəmli idi. Çünki illər uzunu bizlərə verdikləri təhsilin bəhrəsini görəcək, Vətənə təyyarəçi yetişdirməyin qürurunu bir daha yaşayacaqdılar. O gün hamı kimi, mənim üçün də xüsusilə unudulmaz oldu. Sıra ilə uçuşlara başladıq. Mayor Rəsul İsmayılovla təyyarəyə əyləşdik. Mühərrikin gur səsi elə bil ürəyimdəki həyəcanın, sevincin ifadəsiydi. Bir neçə saniyə sonra təyyarə havalanacaq, uzun illərdən bəri aldığım təhsili, içimdə böyütdüyüm arzuları nümayiş etdirəcəkdim. Bildiyiniz kimi, əgər təlimatçı mənfi rəy versə, "bu kursantdan pilot olmaz" ifadəsini işlətsə, arzularım da, xəyallarım da yarımçıq qalardı. Təyyarə hərəkətə başladı, bir qədər irəlilədikdən sonra artıq yerlə təmasın kəsildiyini hiss etdim. Çox keçmədən təlimatçı idarəetməni mənə verdi. Təyyarəni idarə etdiyim zaman fərqli yüksəkliklərə qalxmağım və enməyim bildirilir, müəyyən manevrlər tələb olunurdu. Yüksəkliyə qalxdıqca düşünürdüm ki, arzularımın ən uca zirvəsindəyəm. Bu zirvə bir zamanlar əlçatmaz idi. Bu yüksəklik iradəmin, zəhmətimin, təhsilimin azimutuydu. 

- Belə bir deyim var: hərbçi həyatı çətindir, lakin şərəflidir. Siz bu peşənin ən böyük sevincini, qürurunu yaşayan hərbçi kimi nə deyə bilərsiniz?
- Ümummilli Liderimizin də dediyi kimi: "Hər bir peşə şərəflidir, ancaq Vətəni qorumaq peşəsi isə hər bir peşədən üstündür, şərəflidir”. Ümumiyyətlə, həyatda asan iş yoxdur. Əgər bir sənətdə uğur qazanmaq, seçdiyin sahənin peşəkarı olmaq istəyirsənsə, hər çətinliyinə dözməlisən. Bəli, hərb peşəsi çətin və məsuliyyətlidir. Hərbi forma daşıyan bir vətəndaş kimi, peşəmi bütün çətinlikləri unutduracaq qədər çox sevirəm. Hərb sənətinin müqəddəsliyi ondadır ki, xalq sənə güvənir, arxalanır. Digər qoşunlarda olduğu kimi, eyni məsuliyyət təyyarəçilərin də üzərindədir. Mən və bütün pilot yoldaşlarım bu məsuliyyəti çətinlik saymırıq, çünki biz ordunu Vətənin bir parçası bilmişik. Ona görə də heç bir çətinlik bilmədən istənilən şəraitdə, ölkəmizin istənilən bölgəsində Vətənimizə layiqincə xidmət edirik. 

- Bildiyimiz kimi, tarixi qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsində tarix yazanlardan birisiniz. Hansı istiqamətlərdə döyüş uçuşları həyata keçirdiniz?
- Polkovnik-leytenant Əliyar Əsgərov, mən və mayor Sabir Nəsirov rəhbərlik tərəfindən müəyyən edilmiş istiqamətdə düşmənin motoatıcı birləşməsinə zərbə endirmək əmri aldıq. İlkin olaraq Əliyar Əsgərov  tapşırığı icra etdi, sonra mən və mayor Sabir Nəsirov verilən hədəfə zərbə endirdik. İlk döyüş uçuşumuz belə oldu. Daha sonra Cəbrayıl, Füzuli, Xocavənd, Suqovuşan istiqamətində döyüş uçuşları həyata keçirdim. Təbii ki, bu uçuşlar hər birimizin yaddaşında silinməz izlər qoyub. Çünki uzun illər sağalmayan yaramızı sağaltmaq, Qarabağı azad etmək üçün düşməni məhv etmək tapşırığı almışdıq. Atdığımız hər aviasiya bombası bizi tarixi zəfərə bir addım da yaxınlaşdırırdı. Hər döyüş uçuşundan sonra verilən hədəfin dəqiq məhv edildiyi informasiyasını alanda növbəti uçuşa daha da həvəslə hazırlaşır, düşməni darmadağın etmək üçün illər uzunu qazandığımız uçuş təcrübəsini ortaya qoyurduq. Vətən müharibəsi rəşadətli ordumuzun qələbəsi ilə başa çatdı. Vətəndaş olaraq torpaqlarımızın azad olunmasına, Qarabağ həsrətinin bitməsinə çox sevindim. Hərbçi olaraq isə qürurlandım. Çünki bu müharibənin fəal iştirakçılarından, uğur əldə edən zabitlərindən idim. 44 gün ərzində döyüş uçuşları həyata keçirərək düşmən mövqelərinə sarsıdıcı zərbələr endirdim. Qüruruma qürur qatan, məni gənc yaşımda sevindirən, təyyarəçi olaraq öz üzərimdə daha da çalışmağa sövq edən isə döyüş əməliyyatları başa çatdıqdan sonra Ali Baş Komandan tərəfindən "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülməyim oldu. Bu təltif tək mənim yox, hər birimizin uğuru idi.

- Vətən müharibəsi başa çatdı. Bir gün kapitan Rəşad Qasımlı aldığı fəxri addan xəbərsiz evdən çıxır, lakin evinə Vətən Müharibəsi Qəhrəmanı olaraq qayıdır. Bu xəbəri necə, harada, kimdən eşitdiniz? 
- O gün sanki bir kino idi... Evə gedirdim, avtomobildəydim. Telefon zəng çaldı. Zəng edən mayor Sabir Nəsirov idi. Dərhal avtomobili yolun kənarına çəkərək telefona cavab verdim. Heç düşünməzdim ki, bu zəng həyatımda aldığım ən sevincli xəbərə vəsilə olar. Telefonu açar-açmaz Sabir məni həyəcanla təbrik etdi. Nə olduğunu anlamadım. Sabir xəbərsiz olduğumu bilmirdi. Təəccübləndiyimi anlayıb Ali Baş Komandan tərəfindən "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görüldüyümü dedi. Hansı hissləri keçirdiyimi xatırlaya bilmirəm, sanki zaman donmuş, ətrafda şütüyən avtomobillərin şinləri sərt tormozlama etmiş, həyat dayanmışdı. Ürəyimin döyüntüsü ağlımda burulğana dönən düşüncələrə qarışmışdı. Sabirə nə deyəcəyimi bilmirdim. Sabirin adımı bir neçə dəfə səsləməsi məni düşüncələr burulğanından ayırdı. Bu təltifə mənim qədər sevinib dərhal mənimlə bölüşdüyünə görə həmkarıma təşəkkürümü bildirdim. Atama xəbəri necə verəcəyimi bilmədən zəng etdim. Atam ürək xəstəsidi. Həyəcanlanmaq olmaz.  Lakin fikirləşdim ki, bir valideyn üçün bundan qürurverici, xoş məqam ola bilməz. Nəfəsimi dərib "ata, mən qəhrəman oldum" dedim. Atamın qəhərləndiyini hiss etdim. Yolumu ata evindən saldım. Hamısı məni qucaqlayıb ağlayaraq təbrik etdilər. Bu, həm də onların uğuru idi. Atamgillə sağollaşıb övladlarımın yanına tələsdim. Çünki sevincimi, qürurumu onlarla da bölüşmək istəyirdim. Eyni hissləri övladlarım və həyat yoldaşımla da yaşadım. Rəsul və Rüstəm atalarının qəhrəman olduğunu biləndə balaca ürəkləri dağa döndü, sevincləri yerə-göyə sığmadı. 

- Atanız sizin hərbçi olmaq istəyinizlə razılaşmaq istəməyib. Vətən Müharibəsi Qəhrəmanı Rəşad Qasımlı Rəsul və Rüstəmə gələcəkdə hansı peşəni seçməyi məsləhət görərdi? 
- Əsl vətəndaş olmaq üçün hərbçi olmaq şərt deyil. Hər bir peşəyə ehtiyac var. Hansı sahədə olursa-olsun, önəmli olan seçdiyin sənətin peşəkarı olmaqdır. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin misralarında dediyi kimi: "Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan". Bir hərbçi olana qədər müəllimin verdiyi təhsilin, həkimin qoruduğu sağlamlığın əhəmiyyəti əvəzedilməzdir. Rəsul və Rüstəm hansı peşəni seçəcəklər, hələ bilmirəm, əsas odur ki, onlar Vətənə xeyirli və tərbiyəli övlad, cəmiyyətə yararlı vətəndaş olsunlar. Tərbiyə önəmli şərtdir. Çünki bir insan savadlı ola bilər, amma tərbiyəsi yerində olmasa, Vətən üçün də, ailə üçün də  təhlükəlidir. Uzun illər sonra təmin olunan ərazi bütövlüyümüzün gələcək nəsillər tərəfindən inamla qorunub saxlanması üçün onlara Vətənə sevgi, dövlətə və dövlətçiliyə bağlılıq aşılamalıyıq. Onlar bilməlidirlər ki, hər şey torpaqdan, Vətəndən, sərhəddən başlayır. Vətən varsa, torpaq var, ailə var, qeyrət var. Torpaqlarımızı qorumaq övladlarımızın da müqəddəs borcudur. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->