Xəbər lenti

ATƏT sədri Cənubi Qafqaza niyə gəlir və hansı məsələlər müzakirə ediləcək?
Siyasət 18:00 16.01.2025

ATƏT sədri Cənubi Qafqaza niyə gəlir və hansı məsələlər müzakirə ediləcək?

"Səfər çərçivəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi və ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması kimi məsələlər müzakirə predmeti olacaq".

Qaynarinfo-ya açıqlamasında bunu politoloq Əlimusa İbrahimov ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiya XİN rəhbəri Elina Valtonenin Cənubi Qafqaza gözlənilən səfərini şərh edərkən deyib.

Əlimusa İbrahimov bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması İrəvanın maneə törətməsi nəticəsində problemlə üzləşir:

"Nəticədə yola saldığımız 2024-cü ildə də sülh müqaviləsinə nail olunmadı. Sülh müqaviləsinin imzalanmaması fonunda isə müharibə riski də qalır.  Avropa ölkələri də regionda yeni bir müharibənin alovlanmasını istəmir. Ona görə də çalışırlar ki, sülh müqaviləsi bağlansın. Bu mənada ATƏT-in fəaliyyətdə olan sədrinin regiona səfərindən əsas məqsəd məhz Azərbaycanla Ermənistan arasında mövcud durumu nəzərdən keçirib ona qiymət verməkdən ibarətdir. Bununla da qurum 2025-ci ildə mövcud istiqamətdə atacağı addımları müəyyənləşdirməyi düşünür".
 


Ekspert qeyd edir ki, mövzulardan biri də ATƏT-in Minsk Qrupunun ləğvi məsələsi olacaq:

"Bilirik ki, Azərbaycan haqlı olaraq ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılmasını istəyib. Son zamanlar Ermənistan da bu fikrə tərəfdar çıxıb. Görünür, ATƏT-in hazırkı sədri səfər çərçivəsində bu məsələni də müzakirə edib, qiymətləndirmə aparacaq".

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen 2025-ci ildə ölkənin təşkilata sədrliyi dövründə Cənubi Qafqaz regionuna səfər etməyi planlaşdırır. Amma səfərin vaxtı və konkret detalları hələ müəyyən edilməyib.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->