İdman 17:01 01.12.2021

Avropa Birliyi itkin düşən tennisçi ilə bağlı tələblərini açıqladı

Cinsi təcavüzə məruz qaldığını açıqlayandan sonra ortalıqda görünməyən çinli tennisçi Penq Şuai hələ də tapılmayıb.

Qaynarinfo "Mirror"a istinadən xəbər verir ki, onun təhlükəsizliyinə dair əsaslı sübutların təqdim olunması ilə bağlı çağırışlara Avropa İttifaqı (Aİ) da qoşulub. İttifaq xeyli müddətdir itkin düşən idmançının təhlükəsizlikdə olması ilə bağlı əsaslı sübut tələb edib. 

Şuai məşhur "Weibo" sosial şəbəkəsindəki hesabından verdiyi açıqlamada ölkənin keçmiş baş nazirinin müavini Zanq Qaolini ona cinsi təcavüzdə ittiham etmişdi. Bu açıqlama şok effekti yaratmışdı. Onun yazdıqları tez bir zamanda sosial şəbəkədən silinmiş, hətta "tennis" sözü senzuraya məruz qalmışdı. Açıqlamadan sonra itkin düşən və hələ də tapılamayan Penqlə bağlı marahatlıqlar yaranmağa başladı. Onun həmkarları Novak Cokovic, Endi Murray və Serena Uilliams kimi tennis ulduzları da narahatlıqlarını ifadə etmişdilər. 

Çin dövlət mediası o vaxtdan bəri Penqin təhlükəsizliyinə dair bir neçə sübut təqdim edib. Mediada onun yazdığı e-poçt, pərəstişkarlarına "xoşbəxt həftə sonu" arzulayan fotoşəkilləri və tennis turnirində iddialı görüntüləri də yayımlanıb. Hətta o, Beynəlxalq Olimpiya Komitəsinin sədri Tomas Baxla 30 dəqiqəlik video zəng vasitəsilə görüşmədə iştirak edib, "təhlükəsiz, yaxşı" olduğunu bildirib. Ancaq bütün bunlar narahatlığın aradan qaldırılması üçün kifayət etməyib.

Aİ ona keçmiş Kommunist Partiyası üzvünün cinsi təcavüz iddiaları ilə bağlı həqiqi araşdırma və daha çox sübut tələb etməsi üçün "Qadınlar turu"na da qoşulub. İttifaqın sözçüsü mətbuata açıqlamasında bu sözləri söyləyib: 

"Bu yaxınlarda yenidən ictimaiyyətə görünməsi onun təhlükəsizliyi və azadlığı ilə bağlı narahatlıqları azaltmır. Aİ, onun azadlığına və təhlükə altında olmadığına dair təminat üçün idman mütəxəssisləri də daxil olmaqla artan beynəlxalq tələblərə qoşulur. Aİ Çin hökumətindən Penq Şuainin təhlükəsizliyi, rifahı, harada olmasına dair əsaslı sübut istəyir və cinsi təcavüz iddiaları ilə əlaqədar tam, ədalətli, şəffaf araşdırma aparmağa çağırır".

Çin höküməti isə bu yaxınlarda Penqin təhlükəsizliyi ilə bağlı ictimaiyyətdə yaranmış narahatlıqları "zərərli təxribat" adlandırıb. Ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Zao Lijian ötən çərşənbə axşamı keçirdiyi brifinqdə bu barədə suala cavab verərəkən məsələnin diplomatik səviyyədə olmadığını bildirib:

"İnanıram ki, hər kəs Şuainin bu yaxınlarda bəzi ictimai tədbirlərdə iştirak etdiyini, həmçinin BOK-un prezidenti Tomas Baxla video zəng vasitəsilə görüşdüyünə şahidlik edəcək. Ümid edirəm ki, insanlar siyasiləşdirməni bir yana qoyub, pis niyyətli açıqlamalarını dayandıracaqlar". 

Cinsi təcavüzdə ittiham olunan Qaoli isə Penqin iddiasına cavab verməyib.

Səbuhi Həsənov