İyunun 17-dən 23-dək İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçiriləcək.
Qaynarinfo xəbər verir ki, qitə birinciliyində güləşin hər 3 növü üzrə müvafiq yığmalarımız çıxış edəcək. Bununla əlaqədar olaraq bu gün millilərimizlə görüş baş tutub. Olimpiya Güləş Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidentləri - Elçin Cəfərov, Firdovsi Umudov və Namiq Abdullayev yeniyetmə güləşçilərə öz tövsiyələrini və tapşırıqlarını çatdırıb, sonadək mübarizə aparmalarının, məşqçilərin sözlərinə riayət etmələrinin vacibliyini dilə gətiriblər. Eyni zamanda bütün idmançılarımıza məsul yarışda uğurlar arzulanıb.
Daha sonra AGF-nin baş katibi Orxan Məmmədov Avropa çempionatında iştirak edəcək heyəti açıqlayıb.
Qitə birinciliyində mübarizəyə yunan-Roma güləşçiləri start verəcək. Böyük məşqçi Taleh İsrafilov və Nazim Əhmədovun rəhbərliyi altında Fərid Sadıqlı (45 kq), Məlik Əliyev (48 kq), Nihad Quluzadə (51 kq), Nihad Məmmədli (55 kq), Əli Alıyev (60 kq), Xasay Həsənli (65 kq), Allahverdi Əliyev (71 kq), Əlisəftər Məmmədli (80 kq), Laçın Vəliyev (92 kq) və Əli Fərmanov (110 kq) ölkəmizi Faenzada təmsil edəcək.
Qızların yarışında böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun tapşırıqlarını Zenfira Həşimova (43 kq), Lalə Mirzəyeva (46 kq), Gültəkin Şirinova (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Mərziyə Sadıqova (61 kq) və Nigar Mirzəzadə (65 kq) yerinə yetirəcək.
Avropa çempionatının son günündə xalçaya sərbəst güləşçilər çıxacaq. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Elşad Allahverdiyevin rəhbərliyi altında Murad Haqverdiyev (45 kq), Ramik Heybətov (48 kq), Kənan Heybətov (51 kq), Zirəddin Bayramov (55 kq), Sabir Cəfərov (60 kq), Cəbrayıl Hacıyev (65 kq), Məhəmmədəli Əliyev (71 kq), Abdulcəlil Şabanov (80 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) uğur qazanmağa çalışacaq.
Qitə birinciliyində beynəlxalq dərəcəli hakim Kamran Əliyev ədaləti qoruyacaq.
Şərhlər