İdman 10:10 15.08.2018

Avropa Super Kubokunun qalibi müəyyənləşir

Bu gün UEFA Super Kubokunun qalibi müəyyənləşəcək.

Qaynarinfo xəbər verir ki, İspaniya təmsilçiləri "Real" və "Atletiko" klubları həlledici matçda üz-üzə gələcəklər. "Real" 2017/18 mövsümündə Çempionlar Liqasının, "Atletiko" isə Avropa Liqasının qalibi olub. 

Qarşılaşma Estoniyanın paytaxtı Tallindəki Lilleküla stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

UEFA Super Kuboku tarixində ilk dəfə eyni şəhərin, 7-ci dəfə eyni ölkənin təmsilçiləri qarşılaşacaq. İtaliya klubları "Milan" və "Sampdoriya" 1990, "Parma" və "Milan" 1993, İspaniya klubları "Barselona" və "Sevilya" 2006-2015, "Real" və "Sevilya" isə 2014-2016-cı illərdə Super Kubokda qarşılaşaşıb. 

"Real" Super Kubokunun hazırkı sahibidi. Ötən ilin avqustunda Madrid klubu "Mançester Yunayted"i 2:1 hesabı ilə məğlub edib. "Kral Klubu" son 4 Super Kubok matçını (2002, 2014, 2016, 2017) qazanıb. "Real" 1998 və 2000-ci illərdəki Super Kubok oyunlarında məğlub olub. "Atletiko" isə oynadığı hər iki Super Kubok matçında (2010, 2012) qələbəyə sevinib.

1973-cü ildən təşkil olunan Super Kuboku ən çox qazananlar İspaniyanın "Barselona" və İtaliyanın "Milan" komandalarıdı. Hər iki klub 5 dəfə qələbə sevinci yaşayıb. "Real" bu gün kuboku qazanmaqla onlara şərik ola bilər. 

UEFA Super Kuboku
15 avqust

23.00 Real (İspaniya) - Atletiko (İspaniya)
Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkeviç (Polşa) Ovidiu Hateqan (Rumıniya).
Estoniya. Tallin Lilleküla stadionu.