Yayın yorucu istisindən bezən bir çox turist payız mənzərələrini görmək, rəngbərəng yarpaqlar arasında isti kakao içərək dincəlmək üçün səyahətə çıxır. Lakin Avropanın bütün ölkələri eyni dərəcədə “əsl payız ab-havası” təqdim etmir.
Qaynarinfo xəbər verir ki, Avropanı səkkiz ildən artıq müddətdə müstəqil şəkildə səyahət edən və hazırda Parisdə yaşayan təcrübəli səyyah Vinisius Kosta "Travel Off Path" üçün hazırladığı məqalədə payız rənglərini seyr etmək üçün qitənin ən yaxşı dörd ölkəsini seçib.
“Sviter və kamin havasının gələcəyi günü səbirsizliklə gözləyirəm. Həmin vaxt dağlara qaçıb təmiz və sərin havadan zövq almaq mümkündür. Avropanı səkkiz ildən artıq müddətdə təkbaşına gəzdikdən və Parisdə yaşadıqdan sonra payız tətili üçün bir neçə sevimli məkanımın olmaması mümkün deyildi”, deyə Kosta bildirib.
1. Şotlandiya
Ekspert ilk növbədə Şotlandiya dağlıq ərazisinə diqqət yetirməyi tövsiyə edir. Qotik qalalar və viaduklar, əzəmətli dağlar, tutqun dərələr və qızılı, narıncı, al-qırmızı yarpaqların arasından çıxan şəlalələr romantik səyahət həvəskarlarını cəlb edir.
Şotlandiyada şəhər tipli payız istirahəti üçün Edinburq, Qlazqo, İnverness və Stirlinqə getmək məsləhət görülür. Təbiət həvəskarları isə Kerngorms və Loch Lomond və Trossachs milli parklarını, həmçinin Qlenko və Affrik vadilərini ziyarət edə bilərlər.



2. İtaliya
Bir çox turist İtaliyanı ilk növbədə pastel rəngli evləri olan dənizkənarı şəhərləri ilə qiymətləndirsə də, Kosta ölkənin şimalındakı və onu Avstriyadan ayıran sərt dağ silsiləsi Dolomitlərə üstünlük verir.
Burada Bressanone, Ortizei, Kanatsey və San-Kandido dağ şəhərlərinə, Val-di-Funes kurortuna, Alpe-di-Siusi yaylasına, Val-Fiskalina vadisinə və Braies gölünə diqqət yetirmək tövsiyə olunur.



3. Sloveniya
Sloveniyadakı Yulian Alpları hələ nisbətən az populyardır, lakin heç də az füsunkar deyil. Ölkədə qiymətlərin müqayisədə daha münasib olması da əlavə üstünlükdür.
Kosta xüsusilə Lyublyana, Bled, Radovlitsa və Şkofya-Loka şəhərlərini, həmçinin Bled və Bohin göllərini, Loqar və Soça vadilərini ziyarət etməyi məsləhət görür.



4. İspaniya
Turistlərin əsasən yay mövsümü ilə əlaqələndirdiyi İspaniya da payız səyahətləri üçün əlverişli istiqamətlərdən biridir. Ölkənin dağlıq əraziləri payız aylarında xüsusilə gözəl mənzərələr təqdim edir.
Pikos-de-Europa dağ silsiləsi bir növ İspaniyanın Alp dağlarına cavabıdır, lakin daha vəhşi və daha az işlənmiş görünüşə malikdir. Ekspert xüsusilə Kanqas-de-Onis, Potes, Kovadonqa və Sotres şəhərlərini, həmçinin Fuente-De kanat yolunu, Kovadonqa göllərini, Kares dərəsini və Valdeon vadisini ziyarət etməyi tövsiyə edir.



Aydın
Şərhlər