İdman 10:50 21.01.2022

Avstraliya məhkəməsi Cokoviçin vizasının ləğvinin səbəbini açıqladı

Avstraliya Federal Məhkəməsi dünyanın 1 nömrəli kişi tennisçisi Novak Cokoviçin viza rejiminin bərpası tələbinin rədd edilməsinin səbəbləri ilə bağlı açıqlama verib.

Qaynarinfo DHA-ya istinadən xəbər verir ki, nəşr olunan sənəddə Cokoviçin "anti-peyvənd” mövzusunda bir çox gənc və yaşlı insanlara nümunə ola biləcəyi və şöhrətinə görə insanları peyvəndə qarşı çıxara biləcəyi bildirilib.

Avstraliya Federal Məhkəməsi tərəfindən açıqlanan qərarda deyilir: "Dünyanın məşhur tennis ulduzu gənc və ya yaşlı, hər yaşda olan insanlara, xüsusən də onun kimi olmaq istəyənlərə təsir edə bilər. Bunun sübuta ehtiyacı yoxdur. Cənab Cokoviç Avstraliya Açıq Çempionatında qalib olmasa belə, onun anti-peyvənd əhval-ruhiyyəsi onu təqlid edənləri və ya onun kimi olmaq istəyənləri həvəsləndirmək qabiliyyətinə malikdir".

Avstraliya Açıq Tennis Turnirində iştirak etmək üçün Avstraliyaya gələn məşhur tennisçi peyvəndlə bağlı şərtləri yerinə yetirə bilmədiyinə görə Melburn hava limanında vizası ləğv edilib. Cokoviç apellyasiya şikayəti verəndən sonra onun vizası bərpa edilsə də, araşdırmalardan sonra səyahət bəyanatında bəzi səhvlər aşkarlanıb. Nəticədə viza ikinci dəfə ləğv olunub. Qərardan sonra Cokoviç Avstraliyanı tərk edib.

Səbuhi Həsənov