Yeni Cənubi Uelsdə (Avstraliya) bir kişi yarasa dişləməsindən sonra son dərəcə nadir və sağalmaz virusla yoluxaraq vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Təxminən 50 yaşında olan kişinin Avstraliya yarasa lisavirusuna (ABLV) yoluxduğu bildirilib. Bu virus quduzluğa bənzər simptomlarla müşayiət olunur və eyni virus ailəsinə aiddir.
Məqalədə qeyd olunur ki, bu, Avstraliyada 1996-cı ildən bu yana qeydə alınmış yalnız dördüncü yoluxma halıdır və Yeni Cənubi Uelsdə ilk dəfədir ki, bir insanda təsdiqlənir.
Mütəxəssislərin sözlərinə görə, bu virusun iki ştammı mövcuddur. "Bat Conservation Trust" təşkilatının məlumatına əsasən, 1986-cı ildən bəri Böyük Britaniyada test edilən 19 min yarasadan yalnız 59-u bu virusla yoluxmuşdu. Britaniyada insanlara yoluxma hallarından yalnız ikisi qeydə alınıb – biri 1902-ci ildə, digəri isə 100 il sonra Şotlandiyada, yarasalarla çalışan bir insanda aşkarlanıb.
"Yoluxmuş yarasa tərəfindən dişlənmə və ya cızılma nəticəsində virusun insana keçməsi olduqca nadir haldır. Lakin təəssüf ki, simptomlar ortaya çıxdıqdan sonra effektiv müalicə üsulu yoxdur", deyə "New South Wales Health"in direktoru Keyra Qlazqo bildirib.
Lisavirusun simptomları bir neçə gün, ay və ya hətta illər sonra özünü göstərə bilər. Xəstəliyin ilkin əlamətləri qripə bənzəyir – baş ağrısı, qızdırma və yorğunluq. Xəstənin vəziyyəti sürətlə pisləşə bilər, iflic, sayıqlama, qıcolma kimi əlamətlər meydana çıxır və bu, ölümə səbəb olur.
Quduzluq kimi ABLV də mərkəzi sinir sistemini zədələyən virusdur. Quduzluqla genetik fərqləri olsa da, klinik baxımdan oxşardır. Virusa yoluxmuş yarasalarda bu virus daha çox simptomlara səbəb olur və yoluxmuş insanda simptomlar göründükdən sonra xəstəlik, demək olar ki, mütləq ölümcül olur.
Bununla belə, quduzluqda olduğu kimi, virusla təmasdan dərhal sonra müalicə həyata keçirilərsə, simptomların qarşısını almaq mümkündür. ABLV üçün də quduzluq əleyhinə immunoqlobulin və vaksinlərdən istifadə olunur.
Avstraliyada vəhşi heyvanlara qulluq edən və "Yarasa Klinika və Yabanı Təbiət Travma Mərkəzi"nə rəhbərlik etmiş Triş Paterson qeyd edib ki, bu hadisə narahatlıq doğurur, çünki məlumatlara əsasən, kişi həkimə müraciət edib, lakin bunu nə qədər tez etdiyi məlum deyil.
"Əgər o, dişləmədən dərhal sonra müalicə alıbsa və buna baxmayaraq virusa yoluxubsa, bu, bir qədər narahatlıq doğurur", deyə Paterson əlavə edib.
Aydın
Şərhlər