Xəbər lenti

Zelenskidən nikbin proqnoz: Müharibə iyunun sonuna qədər bitəcək? (ŞƏRH)
Dünya 16:44 10.01.2026

Zelenskidən nikbin proqnoz: Müharibə iyunun sonuna qədər bitəcək? (ŞƏRH)

"Zelenskinin müharibənin iyunun sonuna qədər başa çatması ilə bağlı nikbin proqnozu həm hərbi-texniki, həm də geosiyasi faktorların kəsişməsinə əsaslanır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov Ukrayna prezidenti Volodimir Zelenskinin müharibənin iyunun sonuna qədər başa çatacağı ilə bağlı səsləndirdiyi fikrini şərh edərkən deyib. 

Həmsöhbətimizin fikrincə, bu bəyanatın reallıq dərəcəsini aşağıdakı üç əsas müstəvidə təhlil etmək mümkündür:

"Birincisi, ABŞ-ın Tramp administrasiyasının münaqişəni dərhal dondurmaq və ya sonlandırmaq istiqamətindəki kəskin iradəsi bu müddəti şərtləndirən əsas amildir. Zelenskinin qeyd etdiyi "yeni mərhələ", böyük ehtimalla, Vaşinqtonun həm Kiyevə, həm də Moskvaya təqdim etdiyi konkret "sülh paketi" və ya hərbi yardımların kəsilməsi/artırılması rıçaqları ilə bağlı ultimativ təklifləridir".
 


İkincisi bir tərəfdən, ekspertə görə, Ukraynanın hərbi resurslarının və insan potensialının tükənmə həddinə yaxınlaşması Kiyevi daha operativ diplomatik həll yolları axtarmağa məcbur edir: 

"İstəklilər koalisiyası"nın bu prosesdə iştirakı isə müharibədən sonrakı təhlükəsizlik zəmanətlərinin (məsələn, sülhməramlı missiyalar və ya bufer zonalar) artıq detallı şəkildə masada olduğunu göstərir".

Politoloq qeyd edir ki, iyun ayı hərbi qələbə deyil, daha çox "siyasi kompromis" üçün son tarix olaraq görünür: 

"Zelenski bu tarixi səsləndirməklə həm daxili auditoriyanı sona yaxınlaşdıqlarına inandırmağa çalışır, həm də beynəlxalq tərəfdaşlarına "biz hazırıq" mesajını verir".

Bununla yanaşı, müsahibimiz düşünür ki, bu ehtimalın reallaşması Moskvanın ərazi iddialarından nə dərəcədə geri çəkiləcəyi və ABŞ-ın Rusiyaya tətbiq edəcəyi təzyiq mexanizmlərinin effektivliyindən birbaşa asılı olaraq qalır.

Qeyd edək ki, Zelenski müharibənin iyunun sonuna qədər başa çatacağını bəyan edib. O, ABŞ və "istəklilər koalisiyası”nın üzvləri ilə danışıqların yeni bir mərhələyə çatdığını bildirib.

Rüfət Sultan
--> -->