Video 14:42 04.09.2020

Avtomobilinin rəngini dəyişmək istəyənlərin nəzərinə (VİDEO)

Avtomobilin rənglənməsinin qiymətini dəyişən bir sıra məqamlar var: maşının ban növü, sifariş olunan boyanın rəngi, növü, keyfiyyəti. Qiymət təxminən 1000 manatdan 2600 manata qədər dəyişir. Amma cibində pulu olan avtomobil həvəskarlarını bu qiymət çəkindirmir.

ARB TV-də mövzu ilə bağlı süjet yayımlanıb.

Sürücü: "Rəngini dəyişməyə təxminən 1500-1600 manat xərcim çıxdı”.

Avtomobilin rəngini dəyişmək istəyən gənclər daha çox köhnə rəngi qorumaq üçün vinildən istifadə edirlər. Təbii ki, vinil rəngdən biraz baha başa gəlir.

Mirzə Quliyev – Tuninq şirkətinin satış təmsilçisi: "Biz onun üzərinə vinil çəkəndən sonra avtomobilin altındakı rəngi ilk günki kimi qalır. Vinildə olan rəng qammaları boyada yoxdur. Məsələn, xrom, satin effektləri. Onlar boyada effektiv alınmır”.

Uzun illərdir ki, bu işlə məşğul olan Mirzə Quliyev deyir ki, bəzən gənclər avtomobillərin rəngini dəyişdirmək istəsələr də fikirlərindən daşınmağa məcbur olurlar.

Mirzə Quliyev – Tuninq şirkətinin satış təmsilçisi: "Avtomobilin vinil eləmək istəyir, hər bir şeydə razılaşmışıq. Biləndə ki, sənəd işləri var, növbə filan, fikrindən yayınır”.

Dördçarxlı yol yoldaşına yeni görkəm vermək nə ədəbsizlik, nə xuliqanlıq, nə də qanunsuz hərəkət hesab edilir. Bəli, bu, qanunla tənzimlənir. Amma, prosesin uzun, yorucu və baha başa gəlməsi avtomobil sahiblərinin əlini soyudur. Söhbət rənglənmənin yox, yeni rəngə uyğun sənədləşmənin çətinliyindən gedir.

Sürücü: "Avtomobilin rəngini dəyişmək dövlət yol polisi ilə biraz çətin başa gəlir. Vaxt aparır, işimiz yubanır”.

Sürücü: "Rənglə bağlı problemlər yaranır. Rəsmi ödəniş nədirsə qarşı tərəf ona uyğun iştirak eləmir”.

Bəs əslində qanun bu prosesə necə yanaşır?

Mübariz Ağayev – BDYPİ-nin rəsmisi: "Əgər nəqliyyat vasitəsinin sahibi zərurət yaranarsa, nəqliyyat vasitəsinin rənginin dəyişdirilməsi niyyətindədirsə, bunun üçün mütləq həmin nəqliyyat vasitəsi ixtisasdaşdırılmış təmir müəssələrində rəngi dəyişilməlidir. Bundan sonra həmin nəqliyyat vasitəsi yol polis idarəsinin qeydiyyat məntəqələrində müayinə olunmalıdır. Həmin müayinələrdən sonra nəticələrdən asılı olaraq  nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində rənginin dəyişdirilməsi ilə bağlı qeydlər aparılmalıdır”.

Elməddin Muradlı – Ekspert: "Müvafiq servis xidmətində həyata keçirilir. Avtomobil təkrar dövlət qeydiyyatına alınır. Onun qeydiyyat şəhadətnaməsində fərqli rəngi fərqli yazılır. Avtomobilin texniki pasportu dəyişdiyinə görə 25 manat rüsum ona nəzərdə tutulur və avtomobil texniki müayinə edilir. Bunun rüsumu 20 manatdır. Rəng dəyişdirilməsinə görə əlavə rüsum nəzərdə tutulmur. Boya bahalıdırsa texpasport da bahalı ola bilməz, boya ucuzdursa proses də qısa çəkə bilməz. Belə bir anlayış yoxdur”.

Ekspert onu da deyir ki, bütün sənədləşmə proseduru bir gün ərzində başa çatmalıdır. Avtomobillərin rənginin dəyişdirilməsi ilə bağlı rəsmiləşdirməni ərazi üzrə regional-qeydiyyat-imtahan və texniki baxış şöbələrində müvafiq rüsumu ödəməklə etmək mümkündür. Sadəcə qanunu bilmək və qarşı tərəfin də buna əməl etməsini tələb etmək kifayətdir.