Siyasət 16:55 22.05.2013

AXCP-dən KXCP-nin “siyahı”sına REAKSİYA

Asəf Quliyev: “Kimsə birliyə maneə törədirsə, o, siyasi proseslərdən kənarlaşdırılmalıdır”

“Neçə illərdir, Azərbaycan cəmiyyətini düşündürən məsələ var. O məsələ də ölkə müxalifətinin birləşməsidir. İndiki vəziyyətdə birləşmək üçün münbit şərait yaranıb. İstər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə baş verən proseslər bunu göstərir”.

Bunu Qaynar.info-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Asəf Quliyev KXCP-nin Milli Şura ilə bağlı siyahı tərtib etməsinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, AXCP kimi partiyaya nəyisə diqtə etmək olmaz: “KXCP-ni deyə bilmərəm, amma bəzi qurumlar birliyin yaradılmasına öz hərəkətləri ilə əngəllər törədirlər. Bilirsiz ki, Milli Şura yaranma ərəfəsindədir. Milli Şuranın yaradılması üçün bütün güzəştlərə getdik. Amma kiminsə diqtə etməsini AXCP qəbul edə bilməz. Bu cür siyahını tərtib etmək Milli Şuranın yaradılmasına əngəl törədir. Milli Şura ətrafında danışıqları Müsavat, AXCP  və “El” hərəkatı aparır. Düşünürəm ki, bu üç qurumun səyi nəticəsində Milli Şura yaranacaq. İndi kim istəyər iştirak edər. Biz çalışırıq ki, nəzərdə tutduğumuz qurumlar Milli Şurada təmsil olunsunlar”.

A.Quliyev birləşmənin əleyhinə olan müxalifət partiyalarına sərt cavab verib: “Bu gün Azərbaycan cəmiyyəti məlumatlı cəmiyyətdi. Mənə elə gəlir ki, cəmiyyətdə ictimai qınaq olmalıdır. Cəmiyyət özü bilməlidir ki, hansı siyasi lider birləşməyin tərəfdarıdır, hansı lider birləşməyin əleyhinədir. Bu, cəmiyyətin problemidir. Bu cür insanlar qınanmalıdır. Kimsə birliyə maneə törədirsə, o, siyasi proseslərdən kənarlaşdırılmalıdır”.

Qeyd edək ki, KXCP Milli Şurada görmək istədiyi şəxslərin siyahısını açıqlayıb. Siyahıda ölkənin ictimai-siyasi şəxslərindən ibarət 102 nəfərin adı yer alıb.

İlkin
Qaynar.info