Hüseynbala Səlimov
Ölkə 12:42 21.03.2017

Axı nədən belə geriyik, əzizlərim?

Hüseynbala Səlimov

ƏN ADİ GÜNLƏRDƏN BİRİNDƏ...

Söz sözü çəkər. İki-üç həftənin söhbəti olar. Günümüz İnternetdə “eşələnmək”lə, gündən – günə maraqsızlaşan, sönük telekanalları seyr etməklə, bir də kitab oxumaqla keçir.

Beləcə ən adi, o birilərindən heç nə ilə fərqlənməyən, lap “boz” günlərdən biri idi. Amma nə qədər qəribə olsa da, Rusiya telekanallarından birində maraqlı (heç də həmişə belə olmur!) musiqili veriliş göstərirdilər. Konsert sovetlərin vaxtında yaşamış bütün insanlara yaxşı tanış olan “Zabitlər” filminə həsr olunmuşdu...

Tez-tez zalı da göstərirdilər, tamaşaçıların-insanların çoxunun gözləri yaşarmışdı. Birdən ağlıma gələn fikrin dəhşətindən özüm də sarsıldım. Bircə anın içində mənə elə gəldi ki, cəmiyyətimizin yaşadığı bu acılı və məşəqqətli durumun əsl səbəbini başa düşmüşəm.

Bəli, bircə anlığa düşündüm ki, bütün bu bəlaları da, elə ictimai məhrumiyyətləri də ona görə yaşayırıq ki, cəmiyyətimiz, insanlarımızın çoxu üçün müqəddəs heç nə qalmayıb...

Televiziyada gözləri yaşarmış həmin o insanlara baxanda başa düşdüm ki, bizim cəmiyyətimizdən fərqli olaraq Rusiya insanları üçün müqəddəs məqamlar çoxdur və ona görə də bu cəmiyyət müvəqqəti enişlər, hətta  geriləmələr yaşasa da son nəticədə yenə də öz böyüklüyünü saxlayacaq. Biz isə...

Hətta onunla da razılaşıram ki, burada bir çox məqamlar, müəyyən “mətləb”lər, Rusiya tarixinin və gerçəkliyinin bir sıra anları mübahisəli görünə bilər. Amma veriliş zamanı gözlərimi diqqətlə zala dikmişdim ki, görüm, burada da Rusiya kommunistlərinin aksiyalarında olduğu kimi yalnız veteranlar və pensiyaçılar toplaşıbmı? Amma belə deyildi, zal orta yaşlı insanlarla və cavanlarla dolu idi.

BİRCƏ MƏHƏLLƏ O YANA...

Məni düzgün başa düşməyə çalışın, mən “müqəddəs məqamlar” deyəndə heç də yaxınlarımıza olan sevgimizi nəzərdə tutmuram, insan üçün, elə cəmiyyət üçün də yaxınlarından da müqəddəs dəyərlər olur – bəli, ictimai dəyərlər və siyasi dəyərlər var, vətən, ölkə, tarix sevgisi var!

Biz isə əksər hallarda yaxınlarımızdan uzağı görmürük, uzağı yaxşı qohum, yaxşı ata-ana və yaxşı övlad ola bilirik. Əksəriyyətimiz bundan o tərəfə gedə bilmirik. Hələ onu demirəm ki, çoxumuz axır vaxtlar bu yükü də çəkə bilmirik, necə deyər, zəmanənin, gərdişin üzü qara olsun...

Qərəz, sözüm bunda deyil. Başqa şey deyəcəkdim sizə. Bəli, ictimai aspektlərə gələndə hər birimizdə sanki bir qəbilə təfəkkürü var, bütöv və monolit cəmiyyət olmağı bacarmırıq və bizim üçün ictimai və siyasi sərhədlər evimizdən, ən yaxşı halda da öz küçəmizdən o yana keçmir...

HƏLƏ FÜZULİ DEYİRDİ...

Bir çox hallarda düşünürük ki, yaşadığımız bu gerçəklik, ictimai mentalitet kimlərsə tərəfindənsə “sırınıb” bizə... Məsələn, hər dəfə eşidəndə ki, guya rüşvəti Azərbaycana çar məmurları gətiribdir, dərhal Füzulinin şikayətini yada salırdım: “Salam verdim, rüşvət deyil deyə alamadılar”...

Rüşvət bütün vaxtlarda dövlət aparatı, bürokratik sistemlə bağlı olubdur. Xüsusən də mütləqiyyət və ya avtoritarizm dövründə həmin aparatın, necə deyər, daha çox korlanması təbii haldır...

Ruslar da Azərbaycanı işğal edəndən sonra bura öz büroktatik aparatlarını da gətirdilər. Ola bilsin ki, bu mənada onları qınamaq olardı – bəli, rüşvətxor məmurların sayını artırdıqlarına görə...  


HƏR BİR CƏMİYYƏT...

Nə isə... Qayıdaq əsas mətləbə. Bütün hallarda, nə qədər çalışırsan, əlləşib – vuruşursan, müqavimət göstərirsən, amma sonda yenə də bir fikirlə razılaşamalı olursan–o da budur ki, hər cəmiyyət yaşadığı siyasi sistemə layiqdir.

Bəzən bunu təkzib etmək, belə yanaşmaların yanlış olduğunu göstərmək üçün misallar gətirirlər, nə bilim, Şimali və yaxud da Cənubi Koreyanı yada salırlar. Amma son nəticədə bu arqumentlərin heç biri adamı inandıra bilmir, sualları aradan qaldırmır. Məgər Şimali və Cənubi Koreya arasındankı fərq də elə onun nəticəsi deyilmi ki, Cənubda insanlar daha fədakar və mübariz, həm də daha diribaş oldular?..

Bu yaxınlarda daha bir maraqlı və həm də düşündürücü detala diqqət yetirdim, hərçənd, bu mənim üçün yenilik deyildi.  Cəmi bir – iki günün içində ölkəni yaltaqlıq seli bürüdü. Fikirləşirdin, əcəba, doğrudanmı, bu adamların hamısını  öyrədib televizyalara çıxarıblar? Məgər susmaq və yaxud da heç olmasa, danışmamaq mümkün deyildimi?...

Söz sözü çəkər, yadıma Azərbaycanı tərk etmiş, artıq başqa ölkədə məskunlaşmış bir ziyalının etirafı, dediyi sözlər düşür. Deyirdi ki, Bakıda bir həftə yaşayandan sonra adamın könlündən yaltaqlanmaq keçir...

Ona görə də istəsən də, istəməsən də, razılaşsan da, razılaşmasan da  bir daha barışmalı olursan ki, bizi əhatə edən gerçəklik, siyasi və ictimai münasibətlər o vaxt dəyişəcək ki, biz özümüz dəyişməli olaq. Nə qədər ki, bu baş verməyəcək, hər şey nəinki sabit qalacaq, hətta pisləşməyə və ağırlaşmağa doğru gedəcək...

İNSAN ŞƏRQ VƏ QƏRB KONSEPSİYASINDA...

Ona görə də yenə məşhur “Özündən başla!” tələbinin məntiqilə hesablaşmalı olursan. Deyə bilərlər ki, qoca Şərq yüz illərdir ki, insanı kamilləşdirmək yolunu tuub, amma heç nə dəyişmir, bəs buna cavabınız nədir?

Belə cavab verərdik ki, Şərqin insanı kamilləşdirmək yolu da bir növ təcrid və izolyasiya deməkdir, bu proses qətiyyən cəmiyyət konteksində aparılmır, hətta onun inkar edilməsini və tamamilə Göylərə “çəkilməy”i nəzərdə tuturdu.

Gəl, Qərbdə belə olmadı – “Səfillər”dəki Jan Valjan kamilləşərək, dəyişərək cəmiyyətə qayıtdı. Qərb insanı dəyişdirdi ki, o digərlərini də dəyişdirsin, cəmiyyəti də kamilləşdirsin. Yalnız belə yolla qurtulmaq və layiq bir ictimai və siyasi sistemdə yaşamaq mümkündür.

Əks təqdirdə isə heç nə alınmayacaqdır, çünki geri və axsaq cəmiyyətlərdə ən uzağı maddi sərvətə çatmaq olar, o da ki, yalnız və yalnız başqalarını aldatmaqla, soymaqla, onların haqqını yeməklə. Belə cəmiyyətlərdə mənəvi yosulluq, mənəvi səfalət bir növ normadır və bir daha çox məşhur bir deyimi xatırladır: “İnsan insan üçün canavardır...”...

DƏYİŞMƏLİ İDİ, AMMA...

İnsan qocaldıqca onu hətta ümidlər belə tərk edir. Böyük ümidlər qocalar üçün deyildir, çünki onların zaman resursları məhduddur. Ona görə də adam yaşa dolduqca bir az da pessimistləşir.

Əvvəlki yazılarda da bu fikri yazmışam. Uzun müddət mən mentalitetlə, etno – psixoloji və ya etno – sosial özəlliklərlə bağlı deyilənləri özümdən qovmağa çalışmışam və israrla başqalarına da aşılamağa çalışmışam ki, görərsiniz, bu millət də beş – on ilin içində elə dəyişəcəkdir ki, hətta onu tanımayacaqsınız...
Amma dəyişmədi. Daha doğrusu, müsbətə doğru dəyişmədi... Bəlkə nə vaxtsa dəyişəcəkdir, amma mənim yaşıdlarım bunu görməyəcək. İndilik isə hər şeyi əvvəlki dövrlərin, xüsusən də sovetlərin üstünə yıxırlar...

Sovetlərin vaxtında 15 respublika vardı. Buna uyğun olaraq 15 cür də “sosializm” vardı – Rusiyada bir, Riqada digər, Bakıda tamam başqa cür – hamısı da biri – birindən fərqli! Bəs buna nə deyirsiniz?..

Qaynar.Az