Hüseynbala Səlimov
Dünya 10:40 26.02.2024

Parisin küçələri, adamları və bir də siyasəti...

Doğrusu, Parisin nə küçələrini görmüşəm, nə də ki, adamlarını. Sadəcə, bu haqda oxumuşam. Vəssəlam. 

Bir də oxuduqlarıma çox inanmışam. Məsələn, bir dəfə oxumuşdum ki, guya yəhudi mənşəli alman şairi Henrix Heyne deyibmiş ki, Tanrı darıxanda qoy pəncərələri açıb Parisin bulvarlarına və parklarına baxsın! 

Bu sözləri oxuyandan sonra məndə belə təəssürat yaranmışdı ki, dünyanın cənnəti Parisdir. Amma mənə ən çox, hətta bundan da çox  təsir edən müəllifini unutduğum başqa sözlər olmuşdu: Parisin küçələri lap riyazi analiz dərsliyidir! Bu sözlər cənnət Paris bulvarları haqqındakı sözlərdən də təsirli idi, çünki bütün dünyada adətən dövlət adamlarına, lap uzağı da, şair və yazıçılara abidə qoyurlar – güman, elə bir ölkə tapılmaz ki, orada küçələrə riyaziyyatçıların adı verilsin.
Amma sözüm bunda deyil. Bütün bunları sadəcə, giriş üçün yazdım. Həm də müstəqillik əldə edəndən sonra Paris həyatımıza öz siyasətilə gəldi və tez bir zamanda bizə aydın oldu ki, cənnət-cəhənnəm yalnız və yalnız o biri dünyada olur. Əgər Paris və ya Fransa cənnət olsaydı, bir əsrdə dörd dəfə inqilab olmazdı bu ölkədə, çünki inqilablar nə qədər gözəl olsalar da, onlar cənnət ölkələrdə yox, problemli diyarlarda olurlar – bəli, o diyarlarda ki, orada "cənnət”lər əhalinin bir hissəsini istismar etmək yolu ilə qurulur, o ölkələrdə ki əhalinin böyük bir hissəsi qalan hissəsinə nifrət edir!.. 

Bəli, səhv etmirəmsə, bu vaxta qədər Fransada düz dörd respublika qurulub və bunlar hələ ədalət-rifah nümunəsi olmayıb. Mən hələ Fransa müstəmləkələrini demirəm – fransızlar bu ölkələrə fransız dilini gətirmişdilər, əvəzində nə apardıqlarınısa bir onlar və bir də bu ölkələrin istismar olunan əhalisi bilir.

Amma sözüm bunda da deyil, ondadır ki, bütün böyük ölkələr bundan keçiblər – inqilablar da olub, müstəmləkələr də qurulub. Əsas odur ki, Fransa maraqlı ölkədir və o, təkcə Makronun ölkəsi deyil, Hüqonun da vətənidir. "Makron” deyəndə isə adamın yadına məşhur bir misal düşür: milçək bir şey deyil, amma ürək bilandırır! 
Fransaya gəldikdə isə, hər dəfə təəssüf hissilə bir fikir keçir beynimdən. Dünyada bir-iki maraqlı ölkə var, onlardan biri də Fransadır – bəli, bütün ziddiyətlərinə və paradokslarına baxmayaraq! Amma o da gəlib Ermənistanın bacısı çıxdı! Əlbəttə ki, Makron cənablarının sayəsində.

Həm də belə nəticə hasil olur ki, ermənilər Türkiyə Azərbaycan üçün nədirsə, Fransanı da özləri üçün ona çevirmək istəyirlər. Amma bacıların sevdası axıradək davam edəcəkmi? Düşünmürük. Ona görə ki, İrəvan bir vaxtlar Moskvanın da bacısı idi. Amma indi məlum olur ki, yox, heç də belə deyilmiş – bacıların arası yaman soyuyub, baş nazir Nikol cənabları ölkəsini Rusiyadan qoprmaqçün hələ real addımlar atmasa da, belə təəssürat yaranır ki, o, həm də hayları bu senariyə hazırlayır. Halbuki ruslar da bir vaxt iftixarla deyirdilər ki, Ermənistan Rusiyanın Cənubi Qafqazda forpostudur! İndi isə İrəvanın siyasət əhli hətta orada–burada rus qalalarının keşikçisi olan KTMT-nın iclaslarına belə qatılmır, bunun əvəzində NATO ilə, Fransa ilə əlaqələr qurur – Avropada istefaya çıxmış polis-filan qalmayıb, hamısını yığıb gətiriblər Ermənistana! 

Kreml isə hələ özünə onunla təskinlik verir ki, guya hazırki siyasət yalnız Paşinyanın sayəsində mövcuddur – yetər ki, Nikol hakimiyyətdən getsin, dərhal hər şey öz dairəsinə qayıdacaq. Belədirmi? Düzdür, tarix boyu ermənilər elə bir şücaət və fədakarlıq etməyiblər, daim onun–bunun qotuğunun altında olublar. Odur, inanmaq çətindir ki, onlar şücaət və qəhrəmanlıq göstərib Rusiyanın orbitindən çıxsınlar. Amma ermənilər daim satqınlıq edib – bir vaxt onlara dəstək olub çörək verənləri başqlarına satıblar. Kim olmasa da, Kreml əhli bunu yaxşı bilməlidir və ona görə də elə indidən özü üçün nəticə çıxarmalıdı ki, Cənubi Qafqazda kimə inanmaq olar, kimə isə qəti olmaz.
 
Hüseynbala Səlimov