Hüseynbala Səlimov
Dünya 10:40 04.03.2024

Azadlığa məhkumuq...

Yox, lap elə bu yaxınlarda rusiyalı müxalifətçi Aleksey Navalnı və onun vaxtsız və müəmmalı ölümü haqqında yazıdan sonra bir daha bu mövzuya qayıtmaq istəmirəm. 

Əslində yazmalı bir şey də qalmayıb və ən əsası da odur ki, Rusiyanın daha bir tanınmış adamı müəmmlalı şəkildə dünyasını dəyişdi və yerli Rusiya yetkililəri bu xüsusda bütün şübhələri rədd etsə də, Qərb dairələri hələ də Kremli ittiham etməkdə davam edir, hətta qarşıdan gələn prezident seçkilərinin nəticələrini indidən tanımamağa çağırırlar, çünki onların fikrincə, dünyasını dəyişmiş Aleksey Navalnı günlərini həbsdə keçirməli deyildi, bir siyasi fəal, hətta namizəd kimi prezident seçkilərində iştirak etməli idi.

Etiraf edim ki, elə mən də bu mövzuda düşünməkdə davam edirəm və bir daha bütün bunları düşünürkən yadıma hansısa bir filosofun sözləri düşdü. Səhv etmirəmsə, Jan Pol Sartrındı. O demişdi ki, hamımız azadlığa məhkumuq və insan azad olmağa borcludur, çünki heç kim bu ucsuz-bucaqsız dünyada onun əvəzinə məsuliyyət daşımayacaq. 

Bəli, ola bilsin, kimsə düşünür ki, Navalnının ölümündən sonra Rusiyada ən azı uzun müddət azadlıq və demokratiya haqqında, Qərb dəyərləri barədə düşünməyəcəklər. Amma həqiqətən də belə olacaqmı? Yox, qəti olaraq belə fikirləşmirik.

Əgər söhbət Sartrdan düşdüsə, gəlin elə bu məsələyə də ekzistensial müstəvidən yanaşaq. Onlar - J.P.Sartr və A.Kamyu deyirdi ki, istənilən mübarizə ötəri bir şey olsa da, mütləq və əbədi nəticələrə gətirib çıxarmasa da, insan bu ÜMİDSİZ MÜBARİZƏNİ davam etdirməli və Sizif kimi daim aşağı dığırlanmış daşı dağın zirvəsinə qaldırmağa hazır olmalıdır. 

Azadlıq uğrunda mübarizə də belədir: əbədi və mütləq azadlıq olmur, amma insan daim onunçün mübarizə aparmalıdır, çünki onun həyatının mənası da elə bu mənasızlıqdır.

Bir daha deyirəm ki, hamımız və o cümlədən də 140 milyonluq rus xalqı azalığa məhkumuq. Bəli, bu yolda Boris Nemtsovlar, Aleksey Navalnılar öz həyatlarını itirəcəklər, amma mübarizə davam etməlidir və o, bir an dayanmamalıdır, çünki bizim azadlığımıza qəsd edənlər unutmamalıdırlar ki, ağzımızı qapadıqca əllərimizi, qollarımızı açırlar. 

Bəli, bir daha deyirəm ki, bu mübarizənin də kökündə bir fəlsəfi mənasızlıq var, amma onun mənası elə bu mənasızlıqdır. Burada daha bir detal yadıma düşür. Səhv etmirəmsə, Martin Lüter Kinqin məzarı üstündə bu sözlər yazılıb: Nəhayət ki, azadam!.. 

Bəli, mütləq və əbədi azadlıq yalnız insan bu dünyadan köç edəndən, yox olandan sonra başlayır və o, bu dünyada yox, o biri dünyadadır - əlbəttə, əgər o biri dünya varsa...

Ona görə də bəndəniz optimistdir, baxmayaraq ki, fəlsəfi optimizmin mayasında dərin bir pessimiszm gizlənir. Onu hamı görmür, amma o var, mövcuddur. Ən əsası isə o, bizi bu dünyadakı məsuliyyətdən azad etmir. Odur, bir daha deyirik: azadlıq uğrunda mübarizə davam etməlidir Rusiyada – hətta Nemtsovsuz, Navalnısız olsa da! Bəli, bircə gün azad yaşamaq qırx il boyunduruq altında sürünməkdən yaxşıdır – bizim məşhur "Babək” filmində belə deyilirdi. Hələliksə Navalnının ölümü mənə bir neçə il bundan əvvəl baxdığım bir sovet filmini xatırlatdı. Bəli, təxmini süjeti bu idi ki, artistlər bir neçə gün etiraz edir və düşünürlər ki, bütün şəhər teatrın qarşısına toplaşıb onlara dəstək verir. Amma küçəyə çıxanda heç kimi görmürlər, gözlərinin qarşısında bom-boş küçə və tamam məchulluq canlanır – bəli, həyatda belə də olur, özü də çox vaxt, çünki qəhrəman olmaq asandır, insan olmaqsa çətindir, ona görə ki, azsaylı qəhrəmanların da çoxsaylı insanlara ehtiyacı olur.
 
Hüseynbala Səlimov