Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən ölkədə vaxt etalonunun tətbiqi istiqamətində mühüm addım atılıb.
Qaynarinfo Report-a xəbər verir ki, Bakının simvollarından biri olan Saat qülləsində (Paraşüt qülləsi) artıq Azərbaycanın Milli Etalon Vaxtı - UTC (AZ) əsasında vaxt göstərilir. Bununla bağlı Bulvar ərazisində, qüllənin yaxınlığında məlumatlandırıcı stend də quraşdırılıb.
Saat qülləsində UTC (AZ)-ın tətbiqi milli vaxt mənbəyinin ictimai məkanlarda istifadəsinin genişləndirilməsi və vaxt sinxronizasiyasının təmin olunması istiqamətində atılan mühüm addımlardan biridir.
Bu nailiyyət AzMİ-nin, xüsusilə Vaxt və tezlik ölçmələri laboratoriyasının həyata keçirdiyi məqsədyönlü fəaliyyətin nəticəsidir və ölkədə vaxt metrologiyasının inkişafına mühüm töhfə verir.
Qeyd edək ki, Milli Etalon Vaxtı - UTC (AZ) Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (Bureau International des Poids et Mesures – BIPM) tərəfindən ötən ilin noyabr ayında təsdiq olunub. Bu isə ölkədə vahid və etibarlı vaxt infrastrukturunun formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Şərhlər