Siyasət 14:28 17.06.2019

Aygün Həsənoğlu İmamoğlu-Yıldırım debatını dəyərləndirdi

Ötən gün Türkiyənin İstanbul şəhər bələdiyyə sədrliyinə hakim "Cumhur İttifaqı"nın namizədi Binəli Yıldırımla "Millət İttifaqı"nın namizədi Əkrəm İmamoğlu arasında teledebat baş tutdu.

Hazırda İstanbulda yaşayan yazıçı-dramturq, Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri Aygün Həsənoğlu Qaynarinfo-ya açıqlamasında teledebatı şərh edib, İstanbul əhalisinin debata münasibəti ilə bağlı fikirlərini bildirib:

"Əvvəla, onu deyim ki, Türkiyə üçün son dərəcə önəmli yeri olan bir şəhərin bələdiyyə sədrliyinə namizədlərin teledebatı son dərəcə maraqla gözlənilirdi. Gözlənilənlərin əksinə olaraq, teledebat son dərəcə sakit, toqquşmasız keçdi və Türkiyədə namizədlərin qarşı-qarşıya gəldiyi ən sakit teledebat oldu. Görünən budur ki, namizədlər bir-birinə hörmətlə yanaşmaqla Türkiyə demokratiyasının ən gözəl görünütüsünü ortaya qoydular. Qarşılıqlı hədiyyələrin təqdim edilməsi, birlikdə şəkil çəkdirilməsi, ən əsası isə suallara və ittihamlara cavabların müəyyən çərçivə daxilində səbrlə verilməsi təqdirəlayiq idi. 

Görünməyən tərəfdə isə başqa mətləblər gizlənmişdi. Məsələn, Əkrəm İmamoğlunun bələdiyyənin "Kosmik oda”sına girib məlumatları alması ittihamına Binəli Yıldırım daha kəskin ittihamlarla cavab verə bilərdi. Yaxud, Binəli Yıldırımın şəhər nəqliyyatına tunellər, körpü və metrolar qazandırması layihələri barədə dediklərinə Əkrəm İmamoğlu bu körpü və tunellərin nədən xalqa yüksək ödənişlə təqdim edilməsi barədə daha çox səs qazandıracaq sual verə bilərdi. Bunların heç biri olmadı. Yalnız aparıcının suallarına cavab verildi. Bütün tənqid, irad və ittihamlar da son dərəcə mədəni və sanki vaxtı keçirmək təsiri bağışladı. Sanki Binəli Yıldırım sadəcə AKP-nin nüfuzunu qoruyurdu, Əkrəm İmamoğlu isə daha rahat və özündən əmin idi. Namizədlərin üzlərindəki mesaj belə təsir bağışladı. 

Türkiyə vətəndaşları da telebatın bu qədər sakit keçməsinə sadəcə təəccübləndilər. Gömrük müşavir yardımçısı Battal Duran "Namizədlər eyni göründülər. Bir müddət sonra deyəcəklər ki, ikisi də eyni idi, xalq seçə bilmədi" deməklə görüntünün başqa bir şəklinin də ortaya qoydu. Əsində digər namizədlərin teledebata dəvət edilməməsi də müəyyən suallar doğurur.

Gəldiyim nəticə budur ki, sivil dünyanda idarə edilə bilməyən hakimiyyətin qansız, inqilabsız, qarşıdurmasız hər kəsi inandıracaq şəkildə təhvil verilməsi forması artıq öz məkanını genişləndirir. Bölgədə də yorulmuş, tükənmiş hakimiyyətlərin bu formanı tətbiq edəcəkləri istisna deyil".