Sənət 11:58 05.09.2019

Ayıb olsun sənə, Aqşin Yenisey... - Şəxsi mesajlar

Bu gün Ankarada yaşayan şair Aqşin Yeniseyin dünyaya gələn günüdür. Onu şəxsi mesaj qutusunda təxribata çəkdim, bir az zarafatlaşdıq. Ənənəvi müsahibə olmasını istəmədim. Heç Aqşinlik deyil də o. Yazışmamızı paylaşıram, qoy ikimiz də biabır olaq.

- Dədə, bu gün doğum günündü? Ya yenə övlada aiddi?
- Əşi, əsas yeyib-içmək olsun, hocam.

- Olsun-olsun. Ama doğum günüdü, ya yox?
- Hə, sizə 1 il də yaxınlşadım.

- Yaşa! Bağrıma basıram bərk-bərk. Qiymətlisən. Bəs neçənci sinfi başa vurdun?
- 42-yə keçdim ölməz-əriməz.

- Vallah, bilmirəm, təbrik edim, ya ayıb olsun deyim.
- "Ayıb olsun” de, bu nədi e, hər il, hər il. Öldük yeyib-içməkdən.

- Bu arada şairlikdən filosofluğa da keçibsən - buna nə deyək?
- Söyüşün dəbdə olan vaxtı "Tfu, şeirə xəyanət edən şərəfsiz, alçaq”, deyib yola verək.

- Qonorar səbəb olmasın?
- O da var, pul verən olmasa, kim filosof olar ki?

- Dayan e, ağzını yava açdın. Sənə deyək "alçaq-şərəfsiz”, ya filosofluğa keçidə?
- Abi, komple söyüb-batıraq, süfiyanə olsun bu iş.

- 42-ci sinfə keçdin, ümumiyyətlə, neçə sinif adlamaq fikrin var?
- Mənlik deyil, hocam, öz-özünə gedir proses. Mən, sadəcə, dərslərdə iştirak edirəm.

- "Qocalmış "Tamil qaplanı” təzədi?
- Ankarada yazıb altıma yığıdıqlarımdandır, bu gün ad günüm idi, dedim, şeir məndən olsun!

- Etirazın yoxdu ki, şeiri də söhbətimizin gözünə qatıb oxucularla bölüşək?
- Yox, abi, nə etiraz? Amma söhbətimizi vermək sizə uyğun gələcəksə.

- Gələr. Sənə uyğun bildiyimiz budu elə.
- Mənə problem yoxdur, amma yazaq ki, bu, şəxsi mesajlaşmadır. Sonra paylaşarlar ki, iki ziyalının söhbətinə bax.

- Onda elə şeirinlə səni təbrik edirəm. Özün dedin, şeir məndən olsun. 

Qocalmış "Tamil qaplanı”nın Ankarada "Uykusuzlar” meyxanəsində dedikləri

Əsarətin çörəyi ilə böyümüşdü azadlığımız!
Qarnı tox olsa da, gözü ac idi…
Arzularımızı hisə verib saxlamışdıq, ümidlərimiz qaxac idi.
Azadlığından öncə bir zindanı olmalıydı insanın
Təsadüf adlı bir günahı olmalıydı.
Bağışlamaq ilahi ehtiyac idi,
Nəfsimiz cənnətə möhtac idi, hocam.
Gül qoxusu olduğu üçün güldandaydı
İnsan azadlığı olduğu üçün zindandaydı.
Varmı indi ölkənizdə sehrbazlar, cadugərlər,
Yoxsa hamısınımı güllələdi kommunist inkivizisiyası?
Heç olmasa, yaxşı bir adam qaldımı şəhərinizdə
Arxasınca ağlamaq üçün öldürüləsi, sürgün olunası
Barmaqları çəkiclə əziləsi, sümükləri dindiriləsi
Bir azad adam varmı aranızda, inancı əyləncəyə çevirən,
Suyun üstündə yeriyən, uçmaq üçün küpə girən?
Əzablarınızın alt qatında nə mənasız kirayənişinlər oturur, hocam!
o nə dadsız çörəkdi, xoşbəxtliyinizin xanım-xatını
bütün günü telefonda oynaşı yaltaq ətlə laqqırtı vurur.
Hanı o əbədi günahkar bədənlər?
Cavabsızmı qalacaq məhşərdə sizə aid niyələr, nə üçünlər, nədənlər?
Hardasınız, ey tarixin ərköyün qatilləri?
Sözləri diri-diri udmuş həqiqətin lal oğlu burdadır.
Susduqca heykələ dönür, bütə dönür, zənn edir Buddadır.
Tez gəlin, dindirin onu, öldürün onu
Zəfərlə başa çatmamalı dili olan heç bir sükutun sonu!
- Mən buralı deyiləm, abi, öldüyüm torpaqlara aidəm!

Xəstə bir bədən! Ümidlər… qutuda həblər…
Səbəblər göbək ciyəsi ilə bir qadına bağlı
Kiçik bir göy üzü var kəllə sümüyünün altında
Ürəyi gündüz cəhənnəmin, gecə cənnətin ünvanı
Gözləri iki sevən gəncin bir-birilərindən xəbərsiz ağladığı bir otelin eyvanı
Bu gecə yenə quruya çıxıb ağıllı delfinlər və geri dönməmək üçün
İntihar ediblər.
Dəniz hüzn dolu kasıb süfrəsi – boş və kirli
Amma hər kəsə açıq
Təknələr yoxsul uşaqların xəyalları
Yəni sonsuzluqdakı köməksizlik
Haraya üzərlərsə üzsünlər
Bir gün ünvana çatmadan batacaqlar
Yəni arzularına yarımçıq çatacaqlar
Günəş tənbəl-tənbəl əriyir buzda
zamanı buxarlandırır getdikcə əriyən o qoca, o soyuq üzdə
Hər gün kimsə buxarlanıb yoxa çıxır məhəlləmizdə
doxsan faizi su deyilmi insanın?
Günəş küçədə buxarlandırır zamanı
İnsan həmişə küçədə ölüb evə gəlir.
Zamanın casusu baxır divardan
Qədim bir qəhqəhənin vücududur arvadım, küncdə oturmuş
Köhnəliyindən qopub tökülür suvağının sükutu
Bir tapıntıdır oğlum, keçmiş yalqızlığımın yeganə sübutu.
On ildir ki, ölümü inkar edir masanın üstündəki ölü şəkli
Bizimi aldadır, özünümü aldadır üzündəki cansız gülümsəmə.
Sahibi ölüncə, əşyalar da ölür, sən demə.
Məsələn, bir durbin düşünün, uzaqlardan doymazdı tək gözü
Sahibi ölüncə kor oldu, içinə yığışıb qaldı küncdəki qaranlıq sandıqda
Ya bir cüt ayaqqabı düşünün
Atam öləndən sonra hiss olunmadan yoxa çıxdı
Bir müddət dolaşıb ortalıqda.

Qoca Tamil qaplanı vurnuxur ki, ağlasın!

Əsarətin çörəyi ilə böyümüşdü azadlığımız
Bircə ay da olsun maaşı kəsilməmişdi vətənpərvərliyimizin
Ehtiyac ata və Şöhrət ana oğulluğa götürmüşdü qəhrəmanlığımızı
Vətənin hər şeydən üstün olduğu bir xəlvət tapmışdıq
Orada gizlənirdik bizi axtaran cəsur yaralardan.
Ey kiçik sevinclərin yolunda böyük kədərləri qurban kəsən
xoşbəxtlik qəssabları,
eşidin o yıxılan heykəlin harayını
Əzab yoxdur, yox olan əzabdır!
- Az iç, abi, aldanma lüt şüşənin gözəl iyinə,
buğdanın bərəkətinin fahişəliyinə!

Ölülər pəncərədən baxırdı, hocam!
Küçədə, satın alınmış tablodaki rahibənin üzündə
"indi fahişəmi olduq!” deyə kinayəli bir hahaha vardı
Bütün ölümlərin sonunda bir daha, bir daha, bir daha vardı.

Əsarətin çörəyi ilə böyümüşdü azadlığımız!
Qarnı tox olsa da, gözü ac idi.
Dün gecə "big-bang”dan o qədər inandırıcı danışdın ki
Toza alergiyası olan su pərisi durub döşəməni sildi və dedi:
"Xatirələr də insanın xarabalıqlarıdır.
Orada ölən biz idiksə, burada sağ qalan kimdi?
"Böyük partlayış” olubsa, bütün dünya öz başına uçulubsa, dağılıbsa
Hardan bilək doğru kimdi, yalan kimdi?
Eh, nəyimə gərək mənim, bundan sonra məni sevən, alan kimdi?”
O gecə sancısı tutdu bizim Yayavardenepuranın
Sonuncu əsarətin belindən gələn bir heykəl doğdu,
yenə insan doğmadı bu qancıq şəhər!
Nəyinə lazımdır bu qədər ölü, nəyinə lazımdır məzar bu qədər?
Əli qanımıza batmayan bir müqəddəsin varmı
Varmı bizi öldürməyən bir inancın.
Yayavardenepura, qovulmuş Həvva anam,
Yenə hansı gününə heykəl doğursan, yenə hansı üzlə tutubdu sancın?
Ax beyinin dəcəl səfehliyi, dur, qəbiristanlıqda pul dilən varlı başdaşılardan
Su pərisini yola salaq, sular çəkilir.

Beş dinimiz, on min tanrımız var, hocam
Hamısı ingilis generalı Hastingsin önündə aciz qaldılar.
Bu göz yaşlarım totalitarizmə ağı deyil!
Öz-özüylə danışmağa başlayır insan susdurulunca
Və bir gün özünü öldürür düşmənləri onu unudunca...
Kölgəsi doğranmış budaqlarının üstünə düşən bir ağac şəklidir mənim ölkəm
Öz əliylə vurduğu düyünü dişiylə açan kasıb atadır.
Mən də ki dişləri tökülmüş qaplan!
Özümü izləyir azad təhlükəm…

Pərviz Cəbrayıl