Ekonomiks 10:37 01.12.2020

Azad olunmuş ərazilərimizin iqtisadi potensialı ilə bağlı 3 vacib məqam (EKSPERT)

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi potensialı ilə bağlı iqtisadçı ekspert Rövşən Ağayev maraqlı məqamları açıqlayıb.

Qaynarinfo xəbər verir ki, iqtisadçı azad olunmuş rayonların ərazilərini kənd təsərrüfatı və turizm üçün daha faydalı sayır: 



"Rəsmi statistikada məlumat qıt olduğu üçün müstəqil ekspertlər üçün hərtərəfli analiz hələlik çətindir. Amma 3 vacib məqamı qeyd etmək istəyirəm:

- Bu bölgələrdə təbii ehtiyatlar var, lakin həmin ehtiyatların iqtisadiyyatımız üçün yüksək həcmdə əlavə dəyər yaradacağı ilə bağlı gözləntilər real hesablamalara əsaslanmır. Bir real fakt deyim, aydın olsun.

Hazırda Azərbaycanda təbii ehtiyatlara əsaslanan mədən sənayesinin yaratdığı əlavə dəyərin 95%-ni neft-qaz sektoru təmin edir. Qiymətli və digər növ metalların yaratdığı əlavə dəyərin illik həcmi heç 100 mln. manatı da keçmir. Yəni mövcud ÜDM-nin 0.12%-i qədər. Kəlbəcər və Zəngilan qiymətli metal istismarı baxımından Gədəbəy və Daşkəsənin mədən sənayesindən daha böyük potensiala malik olsa belə, bu yeni iqtisadi dövriyyəyə qoşulmuş ərazilərimizin sahəsi və əhalisi baxımından yenə də böyük məbləğ deyil;

- Bu bölgələrin ən böyük potensialı əgər doğru təşkil edilərsə, turizmlə bağlı olacaq. Tibbi turizm üçün unikal imkanlar var. Eyni dərəcədə tarixi və istirahət turizmi üçün də.  Çəkinmədən deyirəm ki, bu bölgələrin turizm gəlirləri indiyədək bütün Azərbaycanın əldə etdiyi turizm qazanclarından çox ola bilər - söhbət ən azı 1.5 mlrd. dollardan gedir.

- Aqrar sektorun potensialı böyükdür. 7 rayonun kənd təsərrüfatına yararlı torpaqlarının ümümui həcmi 535 min hektar təşkil edir. Ağdam, Füzuli və Cəbrayıl əsasən bitkiçilik üçün əlverişlidir. Bu 3 rayonun kənd təsərrüfatına yararlı torapqlarının ümumi sahəsi 290 min hektar təşkil edir ki, ondan da təxminən üçdə ikisi əkinə yararlıdır. Yerdə qalanı örüş və biçənək torpaqlarıdır.

Zəngilan və Qubadlı həm əkinçilik, həm də heyvandarlığın inkişafı üçün imkanlara malikdir. Bu 2 rayonun kənd təsərrüfatına yararlı torpaqlarının ümümui həcmi 67 min hektardır ki, ondan təxminən üçdə biri əkinə yararlı, yerdə qalanı örüş və biçənək əraziləridir. Kəlbəcər və Laçının kənd təsərrüfatına yararlı torpaqlarının ümümui həcmi 180 min hektar təşkil edir ki, onun da ən yaxşı halda 15%-i əkinə yararlıdır. Bu 2 rayonun torpaqları əsasən heyvandarlıq üçün əlverişlidir. 7 rayonun bazasında hesablasaq, kənd təsərrüfatına yararlı torpaqların yarısından çoxu heyvandarlıq üçün əlverişlidir.
Deməli, digər potensial sahə kimi aqrar sektora əsaslanan emal sənayesinin qurulması perspektivləri var. Azərbaycan kərə yağ idxalının 50%-ni, ət və ət məhsularının 15%-ə qədərini xaricdən alır. Bu asılılıqdan qurtarmaq mümkündür. Əlavə olaraq, ixrac yönümlü emal edilmiş (konservləşdirilmiş) ət məhsullarının emalının təşkili perspektivlərini araşdırmaq mümkündür”.

Orxan Əhmədli