Azərbaycan xalqının tarixi yoluna nəzər salanda bir həqiqət aydın görünür: bu xalq heç vaxt azadlıqdan imtina etməyib. Hər dəfə sınaqlar, işğallar, zorakılıqlar olsa da, millətin ruhu sınmayıb, içindəki müstəqillik eşqi heç vaxt sönməyib. 18 oktyabr 1991-ci il isə bu əzəli arzunun rəsmi təntənəsi, azad ruhun dövlət səviyyəsində qələbəsi günüdür.
O gün Azərbaycan Ali Sovetində "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul ediləndə, əslində təkcə bir sənəd imzalanmadı. Belə ki, əsrlərlə davam edən milli mübarizənin, şəhidlərin, istiqlal yolçularının arzusu gerçəkliyə çevrildi. O gün Azərbaycanın gələcək nəsilləri üçün yeni bir səhifə açıldı: azad, suveren və müstəqil dövlətin tarixi başlandı.
Müstəqilliyin ilk illəri isə asan olmadı. Dağlıq Qarabağda müharibə, sosial çətinliklər, dövlət institutlarının yeni qurulması və ən əsası iqtisadi böhran… Amma xalqımız yenə dirəniş göstərməyi bacardı. Çünki bu torpağın insanı müstəqilliyin dəyərini çox yaxşı bilirdi – əsarətin nə demək olduğunu neçə illər yaşamışdı. Azərbaycanın siyasi taleyini dəyişən əsas dönüm nöqtəsi isə 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı oldu. Məhz onun uzaqgörən siyasəti nəticəsində müstəqilliyin yalnız kağız üzərində deyil, real həyatda möhkəmlənməsi təmin olundu. Dövlət idarəçiliyi bərpa edildi, iqtisadi islahatlar başlandı, ordu quruculuğu sürətləndi, Azərbaycanın beynəlxalq nüfuzu artdı.
Bu gün, 33 il sonra Azərbaycan artıq öz sözünü deyən, bölgədə sabitliyin və inkişafın dayağı olan güclü dövlətdir. 2020-ci ildə torpaqlarımızın azad edilməsi, 2023-cü ildə ölkənin tam suverenliyinin bərpa olunması da 18 oktyabrda əldə olunan müstəqilliyin məntiqi nəticəsidir. Müstəqilliyin qorunması təkcə sərhədlərin qorunması deyil, həm də milli kimliyin, dilin, mədəniyyətin, dəyərlərin qorunması deməkdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə beynəlxalq aləmdə müstəqil, balanslı, öz maraqlarına söykənən siyasət yürüdür. Artıq Azərbaycan heç bir güc mərkəzindən asılı olmayan, qərarlarını özü verən, gələcəyini özü müəyyən edən bir dövlətdir.
18 oktyabr bizə həm keçmişi xatırladır, həm də gələcəyə yol göstərir. Müstəqillik təkcə bir günün sevinci deyil – hər günün məsuliyyətidir. Onu qorumaq, möhkəmləndirmək, gələcək nəsillərə ötürmək isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bu gün müstəqil Azərbaycanda doğulan gənclər artıq "azadlıq” sözünü yalnız tarix kitablarında oxumur, onu real həyatda yaşayır. Bu, nəsillərin çəkdiyi əzabın, qəhrəmanların qanı bahasına qazanılmış böyük sərvətdir.
Azərbaycan xalqının müstəqilliyi əbədi, dövlətçiliyimiz sarsılmazdır. Çünki bu xalqın kökü dərin, iradəsi güclü, ruhu azaddır.
Və hər 18 oktyabrda biz bu azad ruhun qələbəsini – Azərbaycanın müstəqilliyini qürurla qeyd edirik.
Müstəqilliyin əbədi olsun, Azərbaycan!
Emin Tarverdiyev
"Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri
Şərhlər