Xəbər lenti

Azərbaycan beş ayda Serbiyaya təbii qaz ixracından bu qədər pul qazanıb
Ekonomiks 23:57 24.07.2026

Azərbaycan beş ayda Serbiyaya təbii qaz ixracından bu qədər pul qazanıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan Serbiyaya 42,035 milyon ABŞ dolları dəyərində 109,506 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.

Ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə Azərbaycandan sözügedən ölkəyə təbii qaz (qaz halında) ixracı dəyər ifadəsində 56,4 milyon ABŞ dolları və ya 57,3%, həcm ifadəsində isə 64,5 milyon kubmetr və ya 37,1% azalıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan 8 ölkəyə 3,343 milyard ABŞ dolları dəyərində 10,381 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 489,8 milyon ABŞ dolları və ya 12,8% az, həcm baxımından isə 110,2 milyon kubmetr və ya 1,1% çoxdur.

Bundan başqa, 2026-cı ilin ilk beş ayında Azərbaycan cəmisi bir ölkədən – İran İslam Respublikasından 12,476 milyon ABŞ dolları dəyərində 185,380 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib. Ötən ilin eyni dövründə isə Azərbaycan iki ölkədən – Rusiya və Türkmənistandan 30,1 milyon ABŞ dolları dəyərində 195,6 milyon kubmetr təbii qaz idxal etmişdi. Beləliklə, Azərbaycana təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 17,6 milyon ABŞ dolları və ya 2,4 dəfə, həcm baxımından isə 10,3 milyon kubmetr və yaxud 5,2% azalıb.

Xatırladaq ki, Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviçin aprel ayında Azərbaycana səfəri zamanı Serbiyaya Azərbaycan qazının tədarükü ilə bağlı müqavilə 2026-cı ilin sonuna qədər uzadılıb.

Səfər zamanı Azərbaycanın maliyyə naziri Sahil Babayevlə də görüş keçirilib və tərəflər enerji sektoru da daxil olmaqla, ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Qeyd olunub ki, Azərbaycan və Serbiya arasındakı münasibətlər strateji tərəfdaşlıqla xarakterizə olunur və möhkəm hüquqi çərçivə və yüksək səviyyəli siyasi dialoqla dəstəklənir.

Xüsusi olaraq vurğulanıb ki, Serbiyaya Azərbaycan qazının tədarükü 2023-cü ildən bəri Bolqarıstan-Serbiya interkonnektoru vasitəsilə həyata keçirilir və mövcud uzadılmış müqavilə çərçivəsində davam edir.

Qeyd etmək lazımdır ki, Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç Trend-ə verdiyi eksklüziv müsahibədə bildirib ki, Serbiya Azərbaycanla ildə 0,9 milyard kubmetrə qədər çevik qaz təchizatı imkanlarını müzakirə edir və 2030-cu ildə Nişdə qazla işləyən elektrik stansiyasının tikintisi başa çatdıqdan sonra bu həcmin ildə 1,4 milyard kubmetrə qədər artırılması potensialına malikdir.

"İki ölkənin enerji sektorundakı əməkdaşlığı strateji xarakter daşıyır və Serbiyanın enerji keçidi fonunda inkişaf edir ki, bu da bərpa olunan enerji mənbələrinin inkişafı ilə yanaşı, baza yükünün artırılmasını da əhatə edir. Bu kontekstdə qazla işləyən elektrik stansiyaları ölkənin enerji balansının vacib elementi kimi qəbul edilir.

Nazir bildirib ki, Azərbaycan qazı artıq Bolqarıstan-Serbiya birləşdirici kəməri vasitəsilə nəql olunur ki, bu da ölkəni Cənub Qaz Dəhlizi marşrutlarına birləşdirib və təchizat mənbələrini şaxələndirməyə imkan verib.

Onun sözlərinə görə, Serbiya son bir neçə ildir ki, Azərbaycandan davamlı olaraq qaz alır və SOCAR-ı yeni generasiya güclərinin inkişaf etdirilməsi layihələri də daxil olmaqla, uzunmüddətli strateji tərəfdaş kimi görür.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->