Xəbər lenti

Azərbaycan boyda... İlqar Musayeviç!
Aydın Canıyev
Ölkə 11:30 02.07.2018

Azərbaycan boyda... İlqar Musayeviç!

Aydın Canıyev

Cılız və miskin adamlar böyük fikirlər yarada, munis hisslər yaşada bilməzlər. Jurnalist üçün ən böyük xoşbəxtlik böyük adamları tapması, tanımasıdı və dilin böyük ifadə imkanlarına malik olmasıdı.

Bu mənada xoşbəxtəm.  Statusumda da yazmışam: Haçansa mələklər məni sorğu-suala çəksə ki, bu dünyada özünü nəylə, nədə, necə və nə cür xoşbəxt bildin, düşünmədən deyərəm: gözlərim və ürəyimlə! Dəyərli insanları gözlərim gördü, ürəyim onları sevdi, ruhum xoşbəxt oldu! Azərbaycanla, Azərbaycanlılıqla, Azərbaycanlılarla! Hər yerdə, hər zaman!

Mən Azərbaycan boyda bir azərbaycanlını Moskvada görmüşdüm 1997-ci ildə: Rafiq Osman Sarıvəlli oğlu Qurbanov. Yazdığım yazını təsadüfən yolüstü görüşəndə "Müxalifət" qəzetində indi adını çəkmək istəmədiyim biri həmən nömrəyə qoymuşdu.

Niyə Rafiq Qurbanova - Osman Sarıvəlllinin ixtisasca fizik, həyatda SSRİ EA-nın Fəlsəfə İnstitutunun elmi işçisi, fizika fəlsəfəsi üzrə elmlər namizədi, tərcüməçi, ruhən şair, Misir prezidenti Ənvər Sadatdan sonra Ağ Evdə Oval kabinetdə iki ay sərbəst gediş-gəliş mükafatına layiq görülən dünyanın ikinci şəxsi olan oğluna elə baxmışdım, elə görmüşdüm?

Rusiyada "XIX-XX əsrin 100 filosofu" sırasında yer alan Rafiq Qurbanov həyatda 30 yaşına qədər gördüyüm ilk təmənnasız insan idi, həm də azərbaycanlıydı! Dünyada təmənnasız insan ola bilsin çoxdu, amma həm də azərbaycanlı olmağı lap super idi!

Pafosa, fısıqırığa basmadan etiraf etmək lazımdı: biz əgər havaya havayı hava da buraxırıqsa, buna görə də hörmət, təmənna umuruq! Və mən... Rafiq müəllimdə təmənnanın, minnətin yoxluğunu gördüm!

Rafiq müəllim Azərbaycanın hər yerindən olan oğulları-qızları Rusiyanın ali məktəblərinə yerləşdirmişdi, işə düzəltmişdi, fizikanı, ingilis dilini, əfəbiyyatı öyrətmişdi! Bunları təmənnasız etmişdi! Ən üstün cəhəti oydu ki, heç yerdə dilə gətirmirdi etdiklərini. Maraqlı bilirsiniz nəydi? Onun yerbəyer etdiyi, iş-güc yiyəliyinə çatdırdıqlarının içində eləsi var ki, bu dəqiqə Azərbaycan prezidentinin komandasında ən yaxın, ən etibarlı adamdı və o adam bilmir ki, Rafiq Qurbanov sağdımı, ölübmü, ölübsə harda dəfn olunub! Çünki Rafiq müəllim milli "üstünlüyümüz" olan keyfiyyətə yox, bəşəri xarakterə malik idi: o, əksəriyyətimiz kimi, etdiyi əclaflıqları xatırlamayacaq dərəcədə unutqan yox, etdiyi yaxşılıqları anında unudub xatırlamamağı prinsip seçən dahi idi! Onun üçün AZƏRBAYCANLI VƏ ONU UCALTMAQ var idi. Sözarası deyim ki, bəzən bəzi adamlardan "Qazaxşina" söhbəti eşidəndə dəhşətli dərəcədə aqressivləşirəm! Əslən qazaxlı Rafiq Qurbanovun oxutduğu, yerbəyer və yardım etdiyi adamların hamısı azərbaycanlı idi və hərəsi də bir rayondan! Onun fəxrlə dediyi bir nüans vardı: mən üç ölkə ilə sərhəd olan kənddə dünyaya gəlmişəm! Buydu onun "qazaxşina"lığı!

İndi elə zamandı ki, adamlar çox rahat adamlara şər-böhtan atır və tez-tez belə faktları gündəmə gətirmək lazımdı ki, yersiz söhbətlərdən qurtulaq. Şəxsən mənə görə, lənkəranlıya görə, Moskvanın, Tverin, Penzanın, Yaroslavlın, Kaluqanın sakini olan yüzlərlə aərbaycanlıyla əlaqə yaratmağıma vasitəçi olub, onların hamısı da elm, bilim təmsilçiləriydi. Yəni, adam alverçi təfəkküründən çox uzaq, intellektual bir məbəd idi!

Rafiq Qurbanov dünyasını dəyişəndə elə bildim dünyam uçdu! Sarsıldım! Elə bildim hövllənərəm, daha yaşaya bilmərəm! Mən Azərbaycan boyda azərbaycanlının varlığından qürur duymaqla nəfəs alırdım. Taleyin qismətinə bax ki, o ərəfələrdə əvvəldən tanısam da, yaxınlıq etmədiyim İlqar Musayeviçlə rastlaşdım. Çingiz Piriverdiyevlə, Qəmbər müəllimlə bir məclisdə qardaşı İlhamla Gəncədə təsadüfi görüş körpü oldu. Və mən simsarlığa can atdım! Düzdür, o vaxta qədər də İlqar Musayeviçlə salamlaşmışdıq, onun mediadakı ən yaxın dostlarını tanımışdım, azdan-çoxdan danışmışdılar, ancaq onu tanımaq qədərincə deyildi bu bilgilər!

Tanıdıqca başa düşdüm ki, Allah məni mükafatlandırıb!

Nəylə, necə?

Sözün tərs üzünə deyəcəm: bir ölkədəki ev verdiyi jurnalistdən açıq-aşkar haqlı olaraq üstünə gələnlərə haqsız formada hücum etməyi əmr-diqtə edirlər, o ölkədə təmənnasızlıqdan söhbət gedə bilərmi?

Mən 30 il bilirəm, bəlkə də elə ağlı kəsəndən bu adam təmənnasız xeyirxahlıq edir: qələmiylə, puluyla, dostlarıyla, nüfuzuyla, imkanları ilə! Hətta ölən dostunun oğlunun bir zəngiylə dalınca polisə gedir, işə düzəldir, maddi və mənəvi yardım edir, handa ki, bu ölkədə diri olan dostunun övladının həkiminə ağız açmağı özlərinə "man" bilənlər var! Hərə öz ehtiyatını tutur! Hər şeyin kökündə "əl əli yuyar, əl də qayıdıb üzü" prinsipi varsa... niyə də səcdələrlə sevgimizi bəyan etməyək İlqar Musayeviçə?

Bu ölkədə icra başçısı, prokuror, polis, məhkəmə belə özbaşınalıq edirsə, Prezident çıxışlarında "özünüzü yığışdırın" deyirsə, haqsızlıqların miqyası bəlli deyilmi?

Bax, bu mənada deyirəm Azərbaycan boyda İlqar Musayeviç!

Onu tanıyanlar (Azərbaycanda elə bir rayon yoxdu ki, o rayonun ağsaqqal, ağırtaxta kişiləri İlqar Musayeviçi tanımasın) üçün İlqar Musayeviç qanundu, haqdı, ədalətdi, xilasdı!

Elementar misalla izahını verim: Aydın Canıyev (eləcə də yüzlərlə digər jurnalist) götürüb bir səhifə yazı yazar, lap elə acığa düşüb qıcıqlandırmaq üçün əlavə edər ki, icra başçısı (prokuror, polis rəisi, məhkəmə sədri-hakimi də həmçinin) prezidentin dediyinə məhəl qoymur, icra başçısının (prokurorun, polis rəisinin, məhkəmə sədrinin-hakiminin də həmçinin) heç tükü də tərpənməz! Ancaq İlqar Musayeviç bircə zənglə hər şeyi yoluna qoyar: qanuna da əməl olunar, özünü unudan icra başçısı da kəndinə gələr, başa düşər ki, bu ölkənin yiyəsi prezidentdi, haqqı pozulanın da haqqı verilər!

İlar Musayeviç hərbi xidmətdə olan əsgərin də qayğısına qalar, gərəkəndə lap müdafiə nazirinə də çıxar!

İlqar Musayeviç yaxşı və gözəl yazını oxusa, müəllifin kimliyindən asılı olmayaraq, götürüb zəng edər, təşəkkür edər!

Dost haqqında bir xoş sözə rast gəlsə, dosta çatdırar, düşmən haqda ədalətsiz ittiham olsa, İlqar Musayeviç nahaqq yazan, böhtan atana da zəng edər kimliyindən asılı olmayaraq, həqiqətin tam kəndisini qandıranacan əl çəkməz, qoymaz bildiyi həqiqət tapdansın!

İlqar Musayeviç özünə qədər böyük olanların da hörmətini saxlayar, özüylə bir yerdə böyük olanların da yolunu bilər, özündən sonra böyük olanları da şərəfləndirər!

İndi bildiniz niyə deyirəm Azərbaycan boyda İlar Musayeviç!?

Azərbaycanın hansı rayonunda, - Lerikdən Balakənəcən, Şabrandan Tovuzacan, - qərib sayırsansa özünü, əgər İlqar Musayeviçi tanıyırsansa, zəng elə, səni qarşılayıb da yola salarlar, bu öz yerində, dərdin nədi, ona da çarə edəcəklər!

İndi bildiniz niyə deyirəm Azərbaycan boyda İlqar Musayeviç!?

Rafiq Qurbanovun xidmətlərindən, təmənnasızlığından ağızdolusu danışanda, ruslar demiş, "zlıye yazıki" utanmazcasına deyirdilər ki, əşşi, xanımı rusdu, nə bilim, bacanağı "kaqebe" generalıdı. Əsəbləşib stolu dağıdırdım, məclisə pərxaşlıq salırdım, bağırırdım: ay adam, adam 10 minə, 20 minə, 50 minə görülən işləri təmənnasız edib, nə dəxli var ki?! Bu nə düşüncədi axı? Əgər elədisə, niyə 40 ildi adamın doktorluq dissertasiyası müdafiəyə buraxılmır, işə metroyla gəlir gedir, elmlər namizədidi, amma Azərbaycan məktəbində saathesabı cüzi məbləğə dərs deyir!

1970-ci ildən bəri "hörmət, təmənna xalqı" qayrılıb bizdən!

Və mən... heç vaxt İlqar Musayeviçdən heç nə soruşmamışam, haçan rastlaşmışıq, haçan ovqatının yaxşı, canının ağrımayan vaxtına düşüb, mənə özü danışıb. Amma özündən yox! Bu ölkənin özgə gözündə tutulan yaxşılarından!

Amma İlqar Musayeviçi bir məqama görə təftiş etmişəm: necə qazanıb bu hörməti, niyə onu eşidirlər, nə üçün onun sözünün çəkisi, özünün nüfuzu vəzifəsindən çox-çox böyükdü?

Bir həftə ərzində tapdım: İlqar Musayeviç əxlaqlı, dəyərli, vazkeçilməz adamdı. Ona "yox, mümkün deyil!" demək olmaz!
 


Elementar izahını verirəm: Aydın Canıyev (eləcə də yüzlərlə digər jurnalist) özünü böyük sayaraq, möhtərəm və möhtəşəm imza bilərək, kiməsə zəng edə bilər, xahişdə bulunar, onu heç kim eşitməz! Bilirsiniz niyə? Aydın Canıyevi (eləcə də yüzlərlə digər jurnalisti) sıfıra vurmaq iki vur ikidi!

Aydın Canıyevə etiraz etmək, onun bu etirazından əndişələnib qisasçılıq edəcəyini gözləmək adi bir şeydi! Taparsan bu ölkədə nəinki Aydın Canıyevi, hətta öz anasını 100 manata söyənin birini, yazdırarsan "alkaş"dı, "məişət pozğunu"du, etnikdi, nə bilim filankəslə işləyib, bəhmənkəslə dost olub, bütün diqqəti həqiqətdən yayındırarsan! Amma və lakin bunu İlqar Musayeviçə etmək olmaz! Etməyə cəsarəti olan tapılmaz! Çünki İlqar Musayeviç Aydın Canıyevdən fərqli olaraq, oturub-durduğunu da bilir, yazıb-pozduğunu da, nəyi, necə, nə üçün yazmağı da! Harda kimə və necə deməyi də!

Və 50 ildən çoxdu dəyişmir!

O... heç kimlə işləmir!

O... əxlaqla, sənətlə, kişiliklə işləyir!

Bax, budur onu seçimli edən!

Budur onu iş yerindən böyük edən!

Budur onu eşitdirən!

Budur ona nüfuz qazandıran!

Hər zaman ədalətli, hər zaman haqqın yanında, hər zaman ovcunda xeyirxahlıq qapıya gələn! Üstəlik də, iki gözü olsa belə, yanlışını tərs sillə kimi hamının yanında üzə çırpan!

Mən adətən çalışıram heç kimə mənən borclu qalmayım (maddi borclarımı heç Avropa Yenidənqurma və İnkişaf Bankı da bağlaya bilməz), amma İlqar Musayeviçə son nəfəsiməcən borclu qalacam! İki il qabaq bizim həmkarlarımızdan və həm də ki, guya "ümumi dost"larımızdan biri namərdcəsinə əlinə düşən fürsətdən yararlanaraq, haqqımda ard-arda sosial şəbəkədə nalayiq ifadələr yazmışdı. İlqar Musayeviç xəbər tutan kimi zəng edib amiranə dedi: "heç nə yazma ona!" Özü görəndə isə salamını almamışdı. Hətta çay pulunu ödəyib çıxanda, "dostumuza" hamının yanında demişdi: sən kimsən ki, çay pulumu verəsən? Sabah da Aydına yazdığından bizə yazasan?

İlqar Musayeviç bu ölkədə yeganə adam oldu deyə bildi! Yeganə dost oldu mövqeyini bəyan etdi! Amma heç kimə demədi ki, bu adamın var-yoxunu söyməmək üçün qaşla-göz arasında mən Aydına zəng edib təpinmişəm!

Bəli, İlqar Musayeviç dostu da qoruyar, dosta qarşı namərdlik edəni də özü cəzalandırar, qanın qabağını da özü alar!

50 il mənim yaşımdı, 50 dəfə deformasiyaya uğramışam, adam 50 ildi jurnalistikadadı, sabitdi: yazılarında, əxlaqında, yaşam pinsipində. Üstəlik də təmənnasız!

Azərbaycan boyda İlqar Musayeviç, sağ ol ki, gözümüzün görmək istədiyi nursan, Allah gözünün nurunu bol etsin, sağ ol ki, ürəyimizin sevdiyisən, ürəyindən muğayat ol! Sağ ol ki, ruhumuz səninlə xoşbəxtdir!

Səndən bircə xahişim var: mən öləndən sonra da yaşa! Qoy gözlərim rahat yumulsun, ruhum tamarzı qalmasın! Əmin olum ki, məndən əvvəl də bu dünyada təmənnasız Azərbaycan boyda Rafiq Qurbanov var idi, məndən sonra da Azərbaycanda Azərbaycan boyda İlqar Musayeviç yaşayır!

p.s. Mən çox istərdim İlqar Musayeviçi təqdim edəndə layiq olduğu titullarla, mükafatlarla, məsələn, "Şöhrət" ordeninin kavaleri, əməkdar jurnalist kimi təqdim edim! Neyləyək ki, biz tüpürdüyünü PROFESSİONALCASINA VƏ LƏZZƏT VERDİRƏRƏK yalayanlara bu mükafatların, adların verilməsinə şahid oluruq!

p.p.s. Mirzə Cəlilə yazdıqlarını - kitablarını yandırtdırıb, isindirən xalqın övladlarıyıq, neyləyək?

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->