Video 22:14 20.09.2020

Azərbaycan derbisi: "Neftçi" "Qarabağ"a qalib gəldi (VİDEO)

Bu gün Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Qaynarinfo-nun məlumatına görə, turun son oyununda "Qarabağ" "Azersun Arena"da "Neftçi"ni qəbul edib. Azərbaycan derbisi qonaqların 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.

Matçda hesab 10-cu dəqiqədə açılıb. Ağdam klubunun heyətində Kvabena Ovusu fərqlənib. Cəmi 2 dəqiqə sonra "Neftçi" Voislav Stankoviçin qolu ilə tarazlığı bərpa edib. Komandalar fasiləyə bu hesabla yollanıblar.

İkinci hissədə "ağ-qaralar" daha bir qol vurublar. Emil Balayevlə üzbəüz dueldən qalib ayrılan Namiq Ələsgərov topu boş qapıya göndərib və yekun hesabı müəyyənləşdirib.

Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

Qeyd edək ki, günün ilk oyununda "Zirə" öz meydanında "Sabah"a uduzub - 0:2. Tura dünən start verilib. "Qəbələ" evdə "Keşlə" ilə qolsuz heç-heçə edib. "Sumqayıt" isə doğma meydanda "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib.