Peşəkar Futbol Liqası (PFL) daha bir yeniliyə imza atmağa yaxındı.
Bu barədə PFL prezidenti Ramin Musayev məlumat verib.
O bildirib ki, azərbaycanlı futbolçuların Türkiyə Super Liqasında çıxış etməsi üçün yaxşı imkan yaranıb: “Hazırda bu istiqamətdə AFFA, Peşəkar Futbol Liqası və Türkiyə Futbol Federasiyası nümayəndələri arasında danışıqlar gedir. Əgər danışıqlar müsbət yekunlaşarsa, türkiyəli futbolçular Azərbaycan çempionatında, azərbaycanlı futbolçular isə Türkiyə Super Liqasında oynayacağı təqdirdə legioner statusu daşımayacaqlar”.
PFL rəhbəri bu məsələnin yaxın günlərdə müsbət sonluğa doğru yekunlaşacağına inandığını vurğulayıb: “Tərəflər arasında protokol bağlanılacağı halda, anlaşmanın şərtləri cari mövsümə tətbiq olunacaq”.
Xatırladaq ki, təxminən 10 ildi Türkiyə çempionatında azərbaycanlı futbolçulara güzəşt tətbiq edilir. Lakin bu, indiyədək yalnız I liqa klubları üçün keçərlidi.
I dəstədə mübarizə aparan hər klubun heyətində türkdilli ölkələrdən (Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan) olan 2 futbolçu legioner statusu daşımır. (apasport.az)
Qaynar.info
Şərhlər