Xəbər lenti

Azərbaycan-Gürcüstan sərhədində laboratoriya açılıb (FOTOLAR)
Foto 22:10 14.09.2018

Azərbaycan-Gürcüstan sərhədində laboratoriya açılıb (FOTOLAR)

"Qırmızı körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan tərəfdə inşa olunmuş Ticarətin Asanlaşdırılması Mərkəzinin inzibati binasına baxış keçirilib.

Tədbirdə Gürcüstanın Maliyyə Nazirliyinin nümayəndələri, Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədr müavinləri – Cavad Qasımov və İqbal Babayev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, BMT İnkişaf Proqramı və Avropa İttifaqının təmsilçiləri və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən C.Qasımov Ticarətin Asanlaşdırılması Mərkəzinin ümumi sahəsinin 12 hektar təşkil etdiyini deyib: "Mərkəzin inzbati binasının ümumi sahəsi 1590 kv. metr təşkil edir. Binanın birinci mərtəbəsində müvafiq dövlət qurumları vahid pəncərə prinsipi əsasında xidmət göstərəcək. İkinci mərtəbədə isə inzibati otaqlar və yeməkxana yerləşəcək. Mərkəzin ərazisində həmçinin yük avtomobillərinin yoxlanması üçün X-ray qurğusu yerləşdirilib, nəqliyyat vasitələrinin yüklənməsi və boşaldılması üçün xüsusi yer və yataqxana da var”.

Sədr müavini qeyd edib ki, Dövlət Gömrük Komitəsində struktur dəyişiklikləri və islahatlar həyata keçirilir: "Komitə 10-na yaxın dövlət qurumu ilə əməkdaşlıq haqqında protokol imzalayıb. Həmin qurumlarla birgə Ticarətin Asanlaşdırılması Mərkəzinin inzibati binasının daxili dizaynı üzrə işlər həyata keçiriləcək. Bir ay ərzində işlərin yekunlaşdırılması nəzərdə tutulub”.

"Qırmızı körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi çərçivəsində həmçinin Gürcüstan tərəfdə inşa olunmuş Sanitar, Fitosanitar və Baytar Nəzarəti üzrə Laboratoriyanın da açılışı olub. Laboratoriyanın əsas məqsədi sərhəd-keçid məntəqəsində sanitar, fitosanitar və baytar nəzarətini sürətləndirərək bu prosedurların Avropa standartlarına uyğunlaşdırılmasını təmin etməkdir.

Qırmızı körpü sərhəd-keçid məntəqəsi ilə bağlı pilot layihəsinin icrası müddətində əldə olunmuş uğurları və təcrübəni nəzərə alaraq, bu tip infrastrukturun həm Azərbaycan, həm də Gürcüstanın digər sərhəd-keçid məntəqələrində də tikilməsi planlaşdırılır. (Report)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->