20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsi böyük ehtiramla anılıb.
Ölkənin aparıcı könüllü təşkilatlarını təmsil edən ümumilikdə 300-dən çox Azərbaycan Könüllüsü, təşkilat rəhbərləri ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canından keçən qəhrəmanların şərəfli xatirəsinə ehtiram ifadəsi olaraq Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərimizin məzarları önünə tər gül dəstələri düzüblər.
Həmçinin, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Milli Kimlik" İdeoloji Hazırlıq Proqramının növbəti görüşü 20 Yanvar faciəsinə həsr edilib. Görüş 20 Yanvar şahidi, Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvü, o tarixi günlərin əsas foto çəkilişlərinin müəlliflərindən biri Rauf Umudov ilə baş tutub. Görüşdə iştirak edən könüllülərə xalqımızın mübariz ruhunu və birlik mesajını əks etdirən anlar haqqında ətraflı məlumat verilib. Könüllülər hadisələr və çəkilən fotoşəkillərin arxa planı ilə bağlı maraqlı suallar ünvanlayıb, şəhidlərin xatirəsinə göstərilən hörmətin əbədiləşdirilməsi üçün bu cür materialların vacibliyi vurğulanıb.
20 Yanvar faciəsinə həsr olunan bu tədbirlər gənclər və könüllülər üçün həm milli, həm də fərdi səviyyədə böyük əhəmiyyət kəsb edir. Bu cür fəaliyyətlər onların tarixi və milli kimliklərini daha dərindən dərk etmələrinə, vətənpərvərlik ruhunu gücləndirmələrinə və özlərinin cəmiyyət üçün məsuliyyət daşıyan fərdlər olaraq formalaşmalarına töhfə verir.
Bu gün Ulu Öndər Heydər Əliyevin əziz ruhu, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin ruhu şaddır. Azərbaycan xalqı illərdir arzuladığı tarixi ədaləti bərpa edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində xalqımızın 30 illik həsrəti sona çatıb. Torpaqlarımız erməni işğalından azad edilib, vətənimizin ərazi bütövlüyü bərpa olunub.
Şərhlər