Xəbər lenti

Azərbaycan məktəblərində dərsliklər: Dövlətin, millətin ciddi təhlükəsizlik məsələsi
Ölkə 16:54 28.11.2025

Azərbaycan məktəblərində dərsliklər: Dövlətin, millətin ciddi təhlükəsizlik məsələsi

(Yazı "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusu üzrə işlənib.)

Hər bir dövlətin uğurlu gələcəyi və inkişafı orada yaşayan insanların milli-mənəvi dəyərlərə, vətənpərvərlik hisslərinə nə dərəcədə sahib çıxması ilə ölçülür. Vətəndaşlar arasında bu dəyərlər nə qədər güclü olarsa, deməli, bu həm də dövlətin özünün güclü olması anlamına gəlir.  

Bu mənada gələcəyimiz olan gənc nəslin milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyə edilməsi olduqca vacibdir. Hansı ki, bu prosesdə çoxsaylı digər amillərlə yanaşı, təhsil ocaqlarında tədris olunan dərs vəsaitlərinin də böyük rolu var. 

Görəsən, keçilən dərsliklərdə milli-mənəvi dəyərlərin, vətənpərvərlik hisslərinin təbliği qədərindədirmi? Bu sahədə hansı yeniliklərə, dəyişikliklərə ehtiyac var? 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov öncə qeyd edib ki, gənc nəslin milli mənlik şüurunun formalaşması və vətənpərvərlik hisslərinin inkişafı məktəb dərs vəsaitlərinin - xüsusən də tarix, Azərbaycan dili və ədəbiyyatı fənlərinin üzərinə düşən ən strateji vəzifələrdəndir: 

"Məktəb mühitində uşağın milli kimliklə bağlı ilk sistemli təsəvvürləri məhz dərsliklər vasitəsilə formalaşır. Şagirdlər tarixi hadisələri, mədəni dəyərləri, dilin daşıdığı mənəvi kodları dərsliklərdən öyrənir və şəxsiyyətin vətəndaşlıq yönümlü təməlləri burada formalaşır".
 


Təhsil eksperti aparılan monitorinq və təhlillər əsasında qeyd edir ki, dərs vəsaitlərimizin gənc nəsildə milli-mənəvi dəyərləri, vətənpərvərlik hisslərini yerinə yetirməsində müsbət tərəflərilə yanaşı, müəyyən boşluqlar da qalır:

"Statistika göstərir ki, ölkədə 1,6 milyon şagird ümumi təhsildə dərsliklərdən birbaşa istifadə edir və dərslik kontentinin təsir gücü bu miqyasda olduqda hər kiçik boşluq belə sistemli təsir yaradır. "Təhsil haqqında” Qanunun 7-ci maddəsi milli vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik şüurunun formalaşdırılmasını məktəbin prioritet funksiyası kimi müəyyən edir. Deməli, dərslik kontentində bu ideyaların həm informativ, həm də tərbiyəvi xətt üzrə dolğun verilməsi qanunvericilik tələbi olmaqla yanaşı, təhlükəsizlik məsələsidir".

Ekspertin fikrincə, müsbət tərəflər ondan ibarətdir ki, son 10 ildə dərsliklərdə milli konseptin çərçivəsi əvvəlki dövrlə müqayisədə xeyli güclənib:

"Tarix dərsliklərində Azərbaycan dövlətçiliyinin davamlılıq xətti, Qarabağ mövzusunun faktoloji əsaslarla izahı, müstəqillik dövrü hadisələrinin daha obyektiv təqdimatı əvvəlki nəsil dərsliklərə nisbətən daha peşəkar işlənib. Azərbaycan dili və ədəbiyyatı dərsliklərində isə dilin kimlik daşıyıcısı olması, milli ədəbiyyat nümunələrinin geniş verilməsi, klassik irsin yanında müasir Azərbaycan yazarlarının da yer alması müsbət cəhətlər kimi qeyd edilməlidir".

Çatışmamazlıqlara gəldikdə, həmsöhbətimiz apardığı təhlillər əsasında bu qənaətdədir ki, dərsliklərin böyük hissəsində milli mənlik şüurunun formalaşdırılması intellektual konsept kimi yox, daha çox emosional bir xətt üzrə verilmiş məlumat kimi qalıb:

"Təqdimatın çox hissəsi fakt üzərində qurulur, lakin şagirdin həmin faktı dərk etməsi, məsuliyyət hissi formalaşdırması, hadisələrdən nəticə çıxarması və milli kimliklə bağlı fəal mövqe qazanması üçün lazımi metodoloji xətt tam yerinə yetirilmir. Ədəbiyyat dərsliklərində patriotizm nümunələri olsa da, onların şagird təfəkküründə müzakirə, düşünmə, müqayisə, nəticə çıxarma kimi bacarıqları formalaşdıran tapşırıqlarla müşayiət olunmaması ciddi boşluq yaradır.

Digər çatışmazlıq tarixi kontentin təqdimatındadır. Bir çox bölmələrdə hadisələrin ardıcıllığı məlumat kimi verilir, lakin tarixi şəxsiyyətlərin milli kimlik formalaşmasındakı rolu daha dərin analitik izahla açılmır. Məsələn, dövlətçilik ənənələri, şəxsiyyətlərin prinsipial mövqeyi, milli ideyaların inkişaf dinamikası dərslikdə göstərilir, amma bu xətt şagirdin düşüncə səviyyəsində transformasiya olunmur. Şagird faktı bilir, amma mənəvi nəticəni tam mənimsəmir. Bu, metodoloji çatışmazlıqdır. Azərbaycan dili dərsliklərində milli kimlik daşıyıcısı olan dilin leksik-semantik dəyərləri, terminologiyamızın milli özünəməxsusluğu, dilin dövlətçilik atributu kimi rolu daha sistemli metodika ilə izah edilməlidir”.

Kamran Əsədov bu sahədə dünya təcrübəsindən faydalanmağı vacib hesab edir:

"Dünyanın qabaqcıl təhsil modellərinin – xüsusilə Estoniya, Finlandiya, Sinqapur – dərslik konsepsiyasında milli kimliyin təqdimatı fakt, tekst, emosional vurğu ilə yox, kompetensiya formalaşdıran senari və reflektiv tapşırıqlar vasitəsilə qurulur. Şagird təkcə milli obrazı tanımır, onu dəyərləndirir, öz mövqeyini formalaşdırır, nəticə çıxarır, müasirliklə əlaqə qurur. Azərbaycanda da məhz bu tipli senari əsaslı dərslik modelinə keçidin vaxtı yetişib. Elm və Təhsil Nazirliyinin son illərdə dərslik yazılmasına dair standartları yeniləməsi, ekspertiza mexanizmlərini gücləndirməsi, xarici modellərin öyrənilməsinə geniş yer ayırması bu sahədə müsbət irəliləyişin başlanğıcıdır. Nazirliyin dərslik yazma prosesini daha çox elmi-pedaqoji ekspertiza üzərində qurmağa başlaması keyfiyyətin artmasına real zəmin yaradır”.

Ekspert düşünür ki, dərsliklərdə çatışmayan əsas xətt milli kimlik şüurunun təfəkkür səviyyəsində formalaşdırılma mexanizmidir:

"Məlumat var, lakin düşüncə transformasiyası zəifdir. Dəyərlər verilir, lakin şagirdin həmin dəyəri öz həyat təcrübəsi ilə əlaqələndirməsi üçün metodika kifayət etmir. Bu boşluq dərsliklərin faktoloji dolğunluğunu azaltmır, amma tərbiyəvi və mənəvi təsir gücünü məhdudlaşdırır.  Ona görə də dərsliklərdə milli mənlik şüuru fakt üzərində deyil, məna, refleksiya və davranış nümunəsi üzərində qurulmalıdır. Patriotizmi emosional çağırış kimi yox, dərk edilmiş vətəndaşlıq məsuliyyəti kimi formalaşdırmalıyıq. Tarixi və ədəbiyyat şagirdin düşünmə bacarığını artıran senarilərlə təqdim etməli, dilin milli kimlikdə daşıdığı rolu daha geniş izah etməli, tapşırıqları müzakirə, nəticə çıxarma və mövqe formalaşdırmağa yönəltməliyik”.

Rüfət Sultan
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->